BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərinin ölkəmizə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Ölkə rəhbəri əsrlər boyu ölkəmizdə müxtəlif xalqların, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoqun uğurla həyata keçirildiyi bir ölkə kimi tanındığını qeyd edib.
Dövlət başçısı Azərbaycanın beynəlxalq aləmdə sivilizasiyalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verdiyini deyib.
Çıxış edən qonaqlar Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiklərini bildiriblər. Onlar ölkəmizdə gördükləri inkişaf proseslərinin nümayəndə heyətinin üzvlərində dərin təəssürat doğurduğunu qeyd ediblər.
Söhbət zamanı Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin xalqlararası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi vurğulanıb.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 15 yanvar - Sputnik. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin ICESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Leyla Abdullayeva şərhində bildirib: “Azərbaycan Respublikasının Prezidenti bu il yanvarın 13-də ICESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı çıxışında ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.
Bu ərazilərdə Azərbaycan xalqına məxsus hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.
Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə XIX əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.
O ki, qaldı Ermənistan XİN-in guya Azərbaycanın beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına, Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt hətta UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı göstərilir.
Azərbaycan tərəfi UNESCO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla UNESCO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.
Əminik ki, UNESCO/ICESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əlverişli imkan olacaqdır.
Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.