İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

Zərifin istefası bölgəyə vəd edir

3079
(Yenilənib 21:23 26.02.2019)
Azər RƏŞİDOĞLU
İranda proseslər çox gərgin bir mərhələyə qədəm qoyub

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefa səbəbinə dair ilkin məlumatlar yayılıb. Mətbuatın yazdığına görə, Zərifin istefasına səbəb Suriya prezidenti Bəşər Əsədin Tehrana səfəri barədə məlumatsız olması olub.

"İranın əziz və cəsarətli xalqı və hakimiyyəti son 67 ay ərzində mərhəməti üçün çox sağ olsun. Mən xidməti davam etməyə qadir olmadığıma və xidmət zamanı bütün çatışmazlıqlarıma görə səmimi şəkildə üzr istəyirəm" - Zərif özü belə bir bəyanat yayıb. Daha əvvəl Məhəmməd Cavad Zərif İranın ABŞ-ı cavab tədbirləri ilə təəccübləndirəcəyini açıqlamışdı.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
© Sputnik / Murad Orujov

İran parlamentinin bir sıra üzvləri İran prezidenti Həsən Ruhaniyə məktubla müraciət edərək Məhəmməd Cavad Zərifin xarici işlər naziri vəzifəsində saxlamasını xahiş ediblər. Bu barədə IRNA məlumat yayıb.

Daha əvvəl İran parlamentinin iclasında xarici işlər nazirinin istefasını müzakirə edəcəyi bildirilirdi.

Beləliklə, İranda proseslər çox gərgin bir mərhələyə qədəm qoyub. Əvvəla mühafizəkarlarla yeni xəttin tərəfdarları arasında mübarizə gərginləşib. Mühafizəkarlar yeni xətt tərəfdarlarını ciddi şəkildə sıxışdırmağa başlayıb. Araşdırmaçılara görə, Zərifin istefa verdiyini açıqlaması da mühafizəkarların praqmatik yanaşmalarına bir etiraz əlamətidir. Çünki İranın beynəlxalq mövqeləri hər gün bir az da pisləşir, mühafizəkarlar isə öz ənənəvi siyasətlərindən əl çəkmək istəmirlər. Bu baxımdan ölkədə vəziyyətin gərginləşdiyini açıq gözlə görmək mümkündür. Bu baxımdan, Zərifin istefası böyük qalmaqala səbəb olub. Yəni, hökumətin ən vacib nöqtələrindən birinə rəhbərlik edən şəxsin istefa verməsi hökumətdaxili ziddiyyətlərin, eləcə də hökumətlə mühafizəkarlar arasındakı mübarizənin kəskinləşməsini əyani şəkildə göstərir. Hakimiyyətdə olan Zərif tipli adamlar ABŞ-la danışıqlara getməyin tərəfdarıdırlar. Onlar belə hesab edirlər ki, sanksiyaları dayandırmaq üçün nüvə silahı ilə bağlı ABŞ-la yeni danışıqların aparılmasının vaxtı çatıb. Lakin mühafizəkarlar bu fikri qətiyyən yaxına qoymurlar.

Artıq tədricən İranın neft ixracına qarşı sanksiyalar gücləndirilir və İrandan neft almaq istəyən ölkələrin çoxu bundan imtina edirlər. Bu imtinalar İranın neft ixracını indiyə qədər demək olar ki, yarıbayarı azaldıb. Bu isə ölkə büdcəsinə daxilolmaların xeyli azalmasına gətirib çıxarır. Bu gün ölkədə böhran əlamətləri açıq şəkildə görünür. Məsələn, İranın ən böyük istehsal sahələrindən olan maşınqayırma sənayesində, xüsusilə avtomobilqayırma sənayesi sahəsində ciddi düşüşlər hiss olunur və bu, ölkədə istehsalı, həm də milli gəliri azaldan cəhdlərdən biridir. Əvəzində isə yeni hərbi texnikaların, xüsusilə ballistik raketlərin hazırlanması istiqamətində işlər gücləndirilir və buna böyük vəsaitlər xərclənir. Bu isə ölkədə sosial proqramlar üçün ayrılan vəsaitləri xeyli azaldır.

Bir sözlə, İranı qarşıda daha çətin günlər gözləyir. Çünki sanksiyalar getdikcə daha da sərtləşdirilir. Ola bilsin ki, çox da uzaq olmayan zamanda sanksiyaların yeni dalğası gəlsin və belə olan halda İran sözün həqiqi mənasında tam blokada ilə baş-başa qala bilər. Neft ixracı tam minimuma enə bilər ki, bu da büdcənin tamamilə azalmasına və ən minimal ehtiyacların belə ödənilməməsinə gətirib çıxarar. Zərifin istefası İranda mövcud durumun fövqəladə həddə olmasını nümayiş etdirən bir hadisədir.

Lakin onu da qeyd edək ki, bu, Zərifin ilk belə istefası deyil. O daha öncə də vəzifəsindən istefa verdiyini açıqlamış, lakin istefası qəbul edilməmişdi.

İranda sosial və iqtisadi vəziyyət getdikcə ağırlaşır. Hələ də problemləri bir-birlərinin boynuna atırlar. Əslində, istefalar da elə bununla bağlıdır. İranda baş verənləri Bakı müşahidə edir. İran Azərbaycana qonşu dövlət olsa da, proseslərə müdaxilə etmək düzgün olmazdı. İranda baş verən hazırkı proseslərin ölkəmizə təsiri bu mərhələdə olmayacaq. Amma İranda vəziyyət qarışsa, qarşıdurma dərinləşsə, bunun Azərbaycana da təsiri ola bilər. Ən azı ona görə ki, 30 milyona yaxın soydaşımız İranda yaşayır. İranda istefalar davam edərsə, bu ciddi böhrana səbəb ola bilər. Bakı isə qonşuluğunda gərginlik yaşanmasını arzulamır...

3079