BAKI, 13 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.
"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.
BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.
"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.
Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.
Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:
“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.
Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.