SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstanlı deputat: Populist vədlər seçkiyə təsirsiz ötüşmədi

© REUTERS / David MdzinarishviliКандидат в президенты Грузии Саломе Зурабишвили
Кандидат в президенты Грузии Саломе Зурабишвили  - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın azərbaycanlı deputatları arasında prezident seçkilərinin nəticələri ilə bağlı fikir ayrılıqları var

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Bu gün Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda seçici səslərinin 100 faizinin hesablandığınıı açıqlayıb.

Rəsmi nəticələrə əsasən, Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili seçicilərin 59,52 (1 147 627 səs), onun rəqibi Qriqol Vaşadze isə 40,48%-nin (780 633) səsini toplayıb.

Sputnik Azərbaycan olduqca gərgin mübarizə şəraitində keçən seçkilərin yekunları barədə Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar - Gürcü Arzusu Partiyasından Mahir Dərziyev və Milli Birlik Hərəkatı Partiyasından Azər Süleymanovla həmsöhbət olub.

Кандидат в президенты Грузии Саломе Зурабишвили  - Sputnik Azərbaycan
Salome Zurabişvili Gürcüstanın ilk qadın prezidenti oldu

"Gürcü Arzusu"ndan olan deputat Mahir Dərziyev hesab edir ki, Gürcüstanda sakit, əmin-amanlıq şəraitində demokratik, şəffaf seçkilər keçirilib: "Bu, bütün ölkəmizin nailiyyətidir. Bizim milli maraqlarımıza cavab verən seçki keçirildi. Həm beynəlxalq müşahidəçilər, təşkilatlar, həm də yerli hüquq müdafiəçiləri ötən gün keçirilən seçkiləri yüksək dəyərləndirilib, onların beynəlxalq standartlara cavab verdiyini, demokratik və şəffaf şəkildə keçirildiyini bildirib".

Azərbaycanlı deputat həmçinin vaxtilə parlamentdə Salome Zurabişvili ilə birgə işlədiyini də bildirib: "Mən Salome Zurabişvili ilə eyni qurumda - Diaspora və Qafqaz məsələləri üzrə Komitədə çalışmışıq. O, Gürcüstan diasporunu çox yaxından tanıyan bir insandır. Salome xanım Avropanın demokratik dəyərlərinə sadiqdir, ölkə xaricində, Avropada müsbət imicə sahibdir. Bu seçkilər həm də onunla əlamətdar idi ki, qəbul olunan yeni Konstitusiyaya əsasən Gürcüstan tam olaraq parlament respublikasına keçir. Prezidentin nominal və təmsilçilik səlahiyyətləri qalır. Lakin əsas səlahiyyətlər ilk növbədə parlamentin, daha sonra baş nazirin əlində cəmləşir".

Mahir Dərziyev eyni zamanda prezident seçkilərinin ikinci turunun keçirilmə səbəbini də izah edib: "Müxalifət seçkilər zamanı çox sərt və aqressiv PR kampaniyası apardı. Belə ki, onlar əhalinin geniş bir qisminə populist, real əsası olmayan vədlər verdilər. Onlar pensiyaçılara təqaüdün 400 lari olacağı, müəllimlərin əmək haqlarının 1000 laridən yuxarı olacağını bildirdilər. Lakin bunlar reallıqdan uzaq rəqəmlərdir. Gürcüstanın maliyyə nazirinin müavini qeyd etmişdi ki, əgər Gürcüstanda büdcədən maaş alan məmurların hamısını işdən azad eləsək, qənaət edilən məbləği isə pensiyaya yönəltsək belə, Gürcüstanda təqaüdləri 400 lariyə qaldırmaq olmaz. Lakin bu populist vədlər seçkiyə təsirsiz ötüşmədi və bizim gözləntilərimizin əksinə olaraq, prezident seçkilərinin ikinci turu keçirilməli oldu. Prezident seçkilərinin ikinci turu ərəfəsində partiyamız bu sahədə araşdırmalar, analizlər apardı, müəyyən səhvlərimizi düzəltdik, qüvvələrimizi səfərbər etdik və hazırda nəticə də göz qabağındadır".

O, həmçinin qeyd edib ki, seçkilərdə məğlub olan Qriqol Vaşadze öz tərəfdarları ilə bu gün toplantı keçirəcək və bundan sonra atacaqları addımlar barədə qərar qəbul edəcəklər: "Ümid edirəm ki, onlar məğlub olduqlarını qəbul edəcəklər və demokratik yolla siyasi mübarizələrini davam etdirəcəklər. Gürcüstan demokratik ölkədir və siyasi müxalifətin fəaliyyət göstərməsi üçün hər cür şərait var".

Gürcüstanda prezident seçkiləri - Sputnik Azərbaycan
Azərbaycan çalarlı Gürcüstan seçkiləri: Zurabişvili bizimkilərin niyə xoşuna gəlmədi

"Milli Birlik Hərəkatı"ndan olan deputat Azər Süleymanov isə hesab edir ki, seçkilər zamanı kütləvi saxtakarlıqlara yol verilib: "Bunu sübut edən faktlarımız var. Hakim partiyanın dəstəklədiyi namizədin lehinə qeydə alınan səslərin (1 147 627 – red) 400 mini hökumət işçilərinin, 400 mini isə Gürcüstanın regionlarında olan saxtakarlıqların nəticəsidir. Gürcüstanın bütün regionlarında saxtalaşdırma oldu. İnsanlar öz səslərini 5 kiloqram kartofa, 5 kiloqram soğana, 50 lariyə satıblar. Bu isə insanların nə qədər ehtiyac içində, acınacaqlı durumda yaşamasının göstəricisidir".

Müxalif deputat hesab edir ki, məğlub olmalarına baxmayaraq, seçkilər əhalinin İvanişvili hökumətini dəstəkləmədiyini əyani şəkildə göstərdi: "Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 900 minə (real rəqəm 780 633 səs – red.) qədər insanın səsini topladı. Bu müxalifət təmsilçisi üçün böyük bir göstəricidir və Gürcüstan tarixində ilk dəfədir belə bir hal yaşanır. Gürcüstan əhalisi İvanişvilinin əleyhinə getdi. Əgər şəffaf seçkilər keçirilsəydi, Qriqol Vaşadze elə seçkilərin birinci turunda qalib gələrdi".

Azər Süleymanovun sözlərinə görə, Gürcüstanda azərbaycanlılar hakimiyyətin namizədinə qarşı çıxıblar: "Bunun da səbəbi var. "Gürcü Arzusu" hakimiyyətdə olduğu 6 il ərzində azərbaycanlıları yenə ikinci növ insan hesab etməyə, onlara yuxarıdan aşağı baxmağa başladı. Bu müddət ərzində azərbaycanlıların yaşadığı ərazidə bir layihə belə həyata keçirilməyib. Azərbaycanlıların sıx yaşadığı İmirli kəndində seçkilərə açıq-aydın müdaxilə olub, Vaşadzenin lehinə verilən səslər oğurlanıb".

Qeyd edək ki, Gürcüstan prezidenti seçilən Salome Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.

Xəbər lenti
0