ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton

Vaşinqtonun İran hiyləsi: Azərbaycan qol qoymur, hədəf Ermənistandır

15584
(Yenilənib 18:38 27.10.2018)
Bolton Azərbaycana silah satışı üçün Konqresin tətbiq etdiyi 907-ci düzəlişin maneə olmadığını da bildirib

BAKI, 27 oktyabr — Sputnik. ABŞ prezidentinin müşaviri Con Boltonun bölgəyə səfəri həftənin siyasi mənzərəsini xeyli zənginləşdirdi. İstər Azərbaycan prezidenti İlham Əliyevlə, istərsə də Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ münaqişəsi ətraflı müzakirələr daha çox maraq doğurdu.

"Amerikanın səsi"nin sualına cavab verən Con Bolton bəyan etdi ki, Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb. "Eyni zamanda Azərbaycana gəlməmişdən öncə Moskvada Rusiya rəsmiləri ilə bölgədə olan vəziyyəti və bölgəyə dair məsələləri müzakirə etdik. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və ona görə biz bölgənin strateji əhəmiyyətini nəzərə alaraq Azərbaycan və Ermənistan arasında daha yaxşı anlaşmanın əldə olunmasının tərəfdarıyıq. Bu sahədə çalışaraq Minsk Qrupu çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik" - deyə Bolton bəyan edib.

Jurnalistin "ABŞ keçmiş Yuqoslaviyada vətəndaş müharibəsinin aradan qaldırılmasını ehtiva edən Deyton sazişinin müəllifidir. Siz Dağlıq Qarabaş münaqişəsində Deyton sazişinin təcrübəsindən istifadə edərək tərəfləri sülhə məcbur etməyi düşünürsünüzmü" sulana cavab verən Bolton bildirib: "Dağlıq Qarabağ münaqişəsini özlüyündə bir unikal münaqişə kimi səciyyələndirmək istərdim. Ümumiyyətlə, hər bir münaqişənin özünəməxsus xüsusiyyətləri var. Hər bir münaqişə öz xüsusiyyəti ilə seçilən bir ssenaridir. Ona görə mən özlüyündə müxtəlif münaqişə ssenarilərini uyğunlaşdırmaq istəmirəm. Sadəcə olaraq, Sovet İttifaqının dağılmasından sonra ABŞ illər boyudur ki, münaqişəyə daxil olan tərəflərin arasında sülh sazişinin əldə olunması, onların suverenliklərinin qorunması şərti ilə barışmasına təkan verən bir dövlətdir. Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən yenidən demək istərdim ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Mən bura ABŞ-ın siyasətini dəyişmək üçün yox, məsələləri daha yaxşı anlamaq üçün gəlmişəm".

N. Paşinyanla görüşdən sonra isə amerikalı siyasətçi "biz əlimizdən gəldiyi şəkildə - istər pərdə arxasında, istərsə də Minsk Qrupunun həmsədrlərindən biri olaraq kömək etmək istəyirdik ki, Ermənistan və Azərbaycan arasında hər iki ölkə üçün məqbul olacaq nizamlanmaya yardım edə biləcəyimizi və ya bilməyəcəyimizi görək. Və biz mövcud çətinlikləri etiraf etdik" – deyə bəyan edib.

"Azadlıq" radiosuna müsahibəsində isə Bolton vurğulayıb: "Biz həqiqətən konkret olaraq Ermənistana birbaşa Amerika investisiyalarının artırılması perspektivləri haqqında danışdıq. Əvvəlki görüşdə ona və müşavirlərinə - xarici işlər nazirinə, müdafiə nazirinə, milli təhlükəsizlik üzrə müşavirə dedim ki, Amerikada çox güclü erməni icması var. Və düşünürəm ki, daha sıx iqtisadi əməkdaşlığın perspektivləri məhz özəl sektordadır, bu da uzunmüddətli perspektivdə dövlət yardımından daha yaxşıdır".

“Ermənistan üçün xarici təsirdən asılı olmamaq üçün tam həcmdə suverenlik məsələsi fundamentaldır” - deyə o əlavə edib.

Regionda təhlükəsizlik amili kimi Rusiyanın rolu haqqında suala cavabda Bolton bildirib ki, bir çox digər, o cümlədən silah satışında alternativlər var: "Konqresin münaqişə ilə əlaqədar Azərbaycan və Ermənistana silah satışı məsələsində hökumətə qoyduğu məhdudiyyətlər var. Amma istisnalar var. Baş nazirə də dediyim kimi, söhbət ya Rusiyanın, ya da Amerikanın hərbi texnikasının alınmasından gedirsə, biz ikinciyə üstünlük verərdik. Hesab edirik ki, bizim texnikamız istənilən halda Rusiyanın texnikasından daha yaxşıdır. Buna görə belə bir imkanı dəyərləndirmək istəyirik".

Maraqlıdır ki, Bolton Azərbaycana silah satışı üçün Konqresin tətbiq etdiyi 907-ci düzəlişin maneə olmadığını da bildirib. Bolton hətta ona işarə edib ki, Donald Tramp bu düzəlişi ləğv də edə bilər. Ancaq görünür bunun baş verməsi üçün rəsmi Bakı Rusiyadan deyil, Amerikadan silah almağa razı olmalıdır. Problem ondadır ki, Tramp Azərbaycana silah satmaq istəsə Konqres səlahiyyətindən istifadə edərək bunu əngəlləyə bilər. Bolton Azərbaycanı Rusiya ilə qarşıdurmaya cəlb etmək istəyir, lakin bunun müqabilində Bakıya heç nə vəd etmir.

Silah satışından başqa Kremli narahat edən daha bir məsələ C.Boltonun Azərbaycan, Gürcüstan və Ermənistana İran məsələsində "təzyiq edə biləcəyi" variantıdır. Vaşinqtonun bu demarşı birbaşa Moskvanın regiondakı geosiyasi nüfuzuna təhlükə kimi qəbul edilir. Maraqlıdır ki, Paşinyanın çevrilişinə qədər Ermənistan İranın bölgədəki ən yaxın tərəfdaşı kimi qəbul edilirdi. Ermənistanın İranla əlaqələri genişdir. Bu baxımdan, İrəvanın İranla əlaqələrdən imtina etməsi asan olmayacaq. Lakin Paşinyan özünü ABŞ-a təqdim edir və hesab edir ki, onu Rusiyanın təzyiqindən qoruya biləcək yeganə güc Birləşmiş Ştatlar ola bilər. Onu da xatırlayaq ki, Ermənistan yalnız Rusiyanı satmağa hazırlaşmır. İrəvan Tehranı da asanlıqla sata bilər. BMT-də Vaşinqton İrana qarşı sanksiyalar məsələsini qaldıranda Ermənistan layihənin əleyhinə səs vermişdi. Bu dəfə İrəvanın manevr imkanları çox məhduddur. Çünki bölgədə gərgin geosiyasi mübarizə gedir və hər bir dövlət mövqeyini dəqiq ifadə etməlidir. Artıq ABŞ-ın Ermənistandakı səfiri xəbərdarlıq edib ki, İranla əlaqələr məsələsində Vaşinqtonla məsləhətləşmək lazımdır. Yəni Amerika Ermənistana xərclədiyi kapitalın və N.Paşinyana verdiyi dəstəyin əvəzini gözləyir.

İran məsələsində Bakının mövqeyi Vaşinqtonu çox maraqlandırır. Jurnalistin "ABŞ-ın İrana sanksiyalarını genişləndirməsi - beynəlxalq bank hesablaşmalarına, neft satışına qadağaların tətbiqi regionda Suriya və İraqdan sonra yeni gərginlik ocağının yaranmasına təkan verə bilər. Təbii ki, 10 milyonlarla azərbaycanlının yaşadığı İranda gərginliyin yaranması regionda bu ölkə ilə ən böyük quru sərhədi olan Azərbaycanın milli və humanitar təhlükəsizliyinə birbaşa təsir edən amillər kimi qiymətləndirilir. Bu təhlükələr sizin Azərbaycan rəsmiləri ilə danışıqlarınız zamanı müzakirə mövzusu olubmu" sualına cavab verən Bolton belə cavab verib: "Bəli, prezident Əliyevlə və xarici işlər naziri ilə bu kimi məsələləri danışmışıq və bəzi məsələləri müzakirə etmişik. Bizim məqsədimiz ondan ibarətdir ki, İrana maksimal qaydada təsirlərin tətbiqini həyata keçirək və bu zaman dostlarımıza, təbii ki, Azərbaycan da bu sıradadır, lazım olmayan zərər yetirməyək. Bəli, biz mövcud olan sanksiyaları daha da çox genişləndirməyi planlaşdırırıq. Eyni zamanda yeni sanksiyaların tətbiqi də nəzərdən keçirilir. Məqsədimiz İrana qarşı sanksiyaların təsirini maksimal artırmaqdır. Yəni, istəyirik ki, bu vəziyyətdə elə hərəkət edək ki, bizim ətrafda olan dostlarımıza lazım olmayan xələl yetirməsin".

Göründüyü kimi, Azərbaycanın İranla açıq qarşıdurmaya getməyəcəyini Vaşinqtonda da anlayırlar və bu dəfə də ən zəif halqa Ermənistandır...

15584
Teqlər:
münaqişə, Dağlıq Qarabağ, ATƏT Minsk qrupu, Ermənistan, Azərbaycan, İran, Con Bolton
Əlaqədar
Tramp şəxsi vəkilini Yerevana göndərir
Bolton Bakıda Rusiyaya qarşı sanksiyalardan danışdı
Boltonun Qafqaz səfəri – Hamı İranı hədəf göstərir
Trampın müşaviri Azərbaycan paytaxtında məramını açıqladı: İran və Qarabağ

İlham Əliyev Livan Prezidentinə başsağlığı verdi: “Maliyyə yardımı göstərəcəyik”

308
(Yenilənib 16:20 05.08.2020)
Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi. Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm

BAKI, 5 avqust – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.

308
Azərbaycan və İtaliya bayraqları, arxiv şəkli

Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib

7
(Yenilənib 12:29 05.08.2020)
Diplomat, eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini münaqişə kimi təqdim etməyə çalışdığını, əslində bu problemlərin dini amil ilə heç bir əlaqəsinin olmadığını və sırf ərazi münaqişəsi olduğunu deyib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bu günlər İtaliyada erməni tərəfi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran kütləvi informasiya vasitələrinə, hadisələrə münasibətdə obyektiv mövqe tutan siyasətçilərə, tədqiqatçılara, jurnalistlərə təzyiqlər edir və məlumatlar üzərində manipulyasiya etməyə və dezinformasiya yaymağa cəhd göstərir. Həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addımlardan biri kimi Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın "Kmetro0" xəbər portalına jurnalist Alessandro Luongo ilə geniş müsahibəsi dərc olunub.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibəsində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Ermənistanın son hərbi avantürası, qarşı tərəfi buna təhrik edən səbəblər, o cümlədən Ermənistan tərəfinin Cənub Qaz Dəhlizinin də keçdiyi bu strateji ərazinin destabilizasiyası və önəmli nəqliyyat infastrukturuna xələl yetirmək məqsədləri barədə danışıb.

Səfir bildirib ki, özünü dünyaya "əzabkeş xalq" kimi təqdim edən erməni tərəfi bu imici əbədiləşdirmək üçün dünya ictimiayyətini aldadaraq öz hərəkətlərini gizlətməyə və baş verənlərə görə Azərbaycanı ittiham etməyə cəhd göstərir. Ermənistan Tovuz rayonu kimi strateji bir əraziyə etdiyi hücumlarla əlaqəli riskləri etiraf etmək əvəzinə, Metsamor nüvə stansiyasına Azərbaycan tərəfindən mümkün xəyali hücum riskinin olduğu kimi uydurma məlumatlar yaydı. Erməni tərəfinin bu iddiaları Azərbaycan tərəfindən dərhal rədd edilməsinə baxmayaraq, Ermənistan bu "bayraqdan" beynəlxalq həmrəylik əldə etmək məqsədilə dünyadakı erməni icmasını səfərbər etmək üçün istifadə etsə də, buna nail ola bilmədi. Üstəlik, erməni icması dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil edərək onlara ciddi xəsarət yetirdi.

Diplomat, eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini münaqişə kimi təqdim etməyə çalışdığını, əslində bu problemlərin dini amil ilə heç bir əlaqəsinin olmadığını və sırf ərazi münaqişəsi olduğunu deyib. Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu, dinlərarası dialoq üçün bir model olduğunu, ölkəmizin bütün dinlərə münasibətdə açıq olduğunu, ölkəmizdə çoxsaylı dini abidələrin, sinaqoqların, kilsələrin, hətta Bakının mərkəzində erməni kilsəsinin bunun sübutu olduğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının olduğunun tam təmin edildiyini bildirib. Bütün bu dəyərlərin Azərbaycan xalqının dərin tarixi köklərində olduğunu və bunun sivil dünya tərəfindən daha çox təqdir edilməli olduğunu vurğulayıb. Beynəlxalq hüququ pozan və digər xalqların mədəni irsini məhv edən monoetnik Ermənistanın bu dəyərlərlə heç bir əlaqəsinin olmadığını deyib.

Müsahibəsində diplomat, eləcə də Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələri, bunu şərtləndirən səbəblər, Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri və bu səfərin tarixi nəticələri, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi, Azərabycan-İtaliya dostluğunun bariz nümunsi kimi COVID-19 pandemiyası dövründə qarşılıqlı həmrəylik və dəstək təşəbbüsləri barədə də danışıb.

7
Aeroport, arxiv şəkli

Azərbaycana səfər etmək niyyətində olan Türkiyə vətəndaşlarının diqqətinə

0
(Yenilənib 13:56 06.08.2020)
Qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.

BAKI, 6 avqust — Sputnik. 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş" 13 avqust 2020-ci il tarixdə qüvvəyə minəcək.

Sputnik Azərbaycan Dövlət Miqrasiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər. Müvafiq ölkə ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır. Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).

0