Xəzər dənizi

Hərbi baza "tranzit mərkəzi" - Xəzər qadağası, yoxsa "söz oyunu"?

8430
(Yenilənib 18:23 15.08.2018)
Qazaxıstan-Alman Universitetinin professoru, politoloq Rüstəm Burnaşev Xəzərin hüququ statusu haqqında Konvensiyanı Sputnik Azərbaycan-a şərh edib

BAKI, 15 avqust — Sputnik. 20 ildən artıq aparılan müzakirələr nəticəsində 12 avqust 2018-ci il tarixində Aktauda "Xəzər beşliyi" ölkələrinin (Azərbaycan, Qazaxıstan, Rusiya, İran, Türkmənistan) dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüququ statusu haqqında Konvensiya imzalandı. Sputnik Azərbaycan bu sammitin əhəmiyyəti haqqında Qazaxıstan-Alman Universitetinin professoru, politoloq Rüstəm Burnaşevlə söhbətləşib.

- Aktau sammitini nə dərəcədə uğurlu saymaq olar? Ekspert ictimaiyyəti bu barədə nə fikirdədir?

— Xəzəryanı dövlətlərin liderlərinin Aktau sammitində gözlənilməz heç nə baş vermədi: planlaşdırıldığı kimi Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu sənəd Xəzərin yekun bölünməsi üçün hüquqi baza rolunu oynayır. Bu planda sammit şəksiz uğurlu oldu.

- İmzalanmış Konvensiyanı bu köhnə problemin həlli hesab etmək olarmı?

— Geniş mənada aydındır ki, Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusunun əsas prinsiplərini ümumi bir anlayışla birləşdirdilər.

Bununla yanaşı, aydındır ki, birincisi, imzalanmış Konvensiya Xəzərdəki beynəlxalq oyunçuların fəaliyyətini və bir-biri ilə qarşılıqlı əlaqələrini tənzimləyən yeganə sənəd deyil. İkincisi, İran prezidenti Həsən Ruhaninin də dediyi kimi, Konvensiya dənizdə yekun demarkasiya xətlərini bəlli eləmir və bu məsələ ilə bağlı danışıqlar davam edəcək.

Onu da əlavə edim ki, sərhədlərin çəkilməsi prinsiplərinin müəyyən edilməsi delimitasiya və demarkasiya prosedurlarının həyata keçirilməsini də tələb edir. Təcrübə isə bu prosesin çox ağrılı olduğunu göstərir.

- Sizcə tərəflərin razılaşdırdığı bütün müddəaların həqiqətən də yerinə yetiriləcəyini müşahidə edə biləcəyikmi? Misal üçün, Xəzərdə xarici hərbi bazların yerləşdirilməsinin qadağan edilməsini?

— Ümumilikdə hazırkı siyasi proseslərin çərçivəsində Xəzəryanı dövlətlərin Konvensiyada qeyd olunmuş prinsiplərdən imtina olunması üçün səbəb görmürəm. Özü də nəzərə alaq ki, bu sənəd məhz prinsipləri və baza qaydalarını qeydə alır, yerlərdəki sonradan qəbul olunan qərarları yox.

Əgər konkret olaraq xarici hərbi bazalardan danışsaq, müasir Xəzər probleminin yaranmasından, yəni, SSRİ-nin dağılmasından sonrakı dövrdə regiona aidiyyatı olmayan ölkələr tərəfindən birmənalı olaraq Xəzərdə hərbi baza yaratmaq cəhdləri olmayıb. Düşünmürəm ki, yaxın zamanlarda da nəsə dəyişsin.

Bununla yanaşı, "postsovet məkanında məşhur olan "söz oyunu" təcrübəsini unutmaq olmaz. Məsələn, bəzi hallarda hərbi baza "tranzit mərkəzi" adlanır.

8430
Teqlər:
Rüstəm Burnaşev, Beşinci Xəzər Sammiti, Konvensiya, Aktau, şərh