Prezident İlham Əliyev Rusiya Federal Məclisi Dövlət Dumasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Rusiya parlamentinin sədrini qəbul edib

27
(Yenilənib 20:23 24.06.2018)
Prezident İlham Əliyev bir daha Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi

BAKI, 24 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Bu yaxınlarda Rusiya Federasiyasında Vladimir Putinlə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları arasında görüşlərin mütəmadi olaraq keçirildiyini qeyd etdi və bu təmasların əlaqələrimizin bütün istiqamətlərdə irəliyə aparılması baxımından önəmini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ikitərəfli münasibətlərimiz geniş sahələri əhatə edir, möhkəm siyasi əlaqələr mövcuddur, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və digər sahələrdə yaxşı dinamika müşahidə olunur. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əməkdaşlıq da böyük önəm daşıyır. Dövlətimin başçısı qeyd etdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir və hər zaman beynəlxalq səviyyədə bir-birini qarşılıqlı surətdə dəstəkləyir. Bütün bunlar ölkələrimiz arasında etimada əsaslanan əlaqələrin yaxşı göstəricisidir. Prezident İlham Əliyev bir daha Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Dövlət Dumasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Rusiya Federal Məclisi Dövlət Dumasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bildirdi ki, bu seçkilərdə insanlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, o cümlədən xarici siyasətə dəstək verdiklərini nümayiş etdiriblər. Vyaçeslav Volodin vurğuladı ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq əlaqələrinə əsaslanır və çox yüksək səviyyədədir. O qeyd etdi ki, dövlət başçılarının həyata keçirdiyi siyasət bu işdə xüsusi rol oynayır. Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunan Vyaçeslav Volodin bildirdi ki, bu sahədə də əlaqələrin uğurla inkişaf etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Vyaçeslav Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğuladı və bildirdi ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun çox yaxşı göstəricisidir. Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri, eyni zamanda, turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana 850 mindən artıq turistin gəldiyini bildirdi və bu göstəricinin 18 faiz artdığını qeyd etdi. O, bildirdi ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi olan bir çox ölkələrin göstəricisini artıq geridə qoyub.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

27
Teqlər:
Azərbaycan prezidenti İlham Əliyev, Vyaçeslav Volodin, səfər, görüş, qəbul
Əlaqədar
Rusiya Dövlət Dumasının sədri Azərbaycandadır
Dövlət Dumasının sədri Bakıya gəlir
Qaz

Avropa tezliklə "eating" "heating" arasında seçim etməli olacaq

13
(Yenilənib 08:27 21.09.2021)
Böyük Britaniyada hər qış bir neçə on min pensiyaçı soyuqdan donub ölür. Onlar qənaət etmək üçün gecələr istilik batareyalarını söndürürlər. 2014-cü ildə 40 min insan bu səbəbdən dünyasını dəyişib.

BAKI, 20 sentyabr — Sputnik. Reallıq Avropanın "enerji keçidi" ilə bağlı planlarına kifayət qədər ağrılı zərbə vurdu. Keçən ildən bu yana təbii qazın topdansatış qiyməti, demək olar ki, on dəfə artıb. Bu isə hər şeyin – elektrik enerjisi, yanacaq, yükdaşıma, ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb.

Qiymət artımı əvvəl yalnız birjalarda özünü göstərsə də, bir-iki aydan sonra sıravi avropalının cibinə ciddi şəkildə ziyan vuracaq. Ən yaxşı halda, gələn il Böyük Britaniyada orta ölçülü bir ev təsərrüfatı üçün elektrik enerjisinə əvvəlkindən 1500 funt (150 min rubl) artıq ödəməli olacaqlar. Özü də bu ölkədə əhaliyə satılan bir kilovat elektrik enerjisinin dəyəri Rusiyadakından altı dəfə yüksəkdir. İki milyon ev təsərrüfatının sahibi isə pulları olmadığından borclarını ödəyə bilməyiblər.

Yaxşı bəs yaşıl enerji necə oldu? Planetimizin yaralarına dərman olacaq təmiz elektrik mənbələri hara getdi? Bu yerdə etiraf etmək lazımdır: külək çarxları və günəş panelləri hələlik bu işin öhdəsindən gələ bilmir. Bu il Avropada bərpa olunan enerji mənbələrindən alınan enerjinin miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Yanvar ayında Avropa İttifaqı (Aİ) nəhəng blekautun astanasına gəlib çıxmışdı.

Yayın küləksiz havası, yüksək buludluluq, soyuq keçən qış, üzümüzə gələn qışın daha sərt olacağı ilə bağlı həyəcan təbilinin çalınması – belə məlum oldu ki, bütün bunlar qiymətin formalaşmasına planetimizdəki "karbon izini" azaltmaqla bağlı xoş niyyətli arzulardan daha güclü təsir göstərirmiş.

Nəticə özünü çox gözlətmədi. Elektrik enerjisinin bahalaşması gübrə zavodlarının bağlanmasına səbəb oldu. Yükdaşımalarının qiyməti maya vurulmuş xəmir kimi qabardı. Atmosferi istixana qazları ilə çirkləndirməkdə günahlandırılan fermerlər qorxuya düşərək öz məhsullarının qiymətini artırır. İşini itirən insanlar isə supermarketlərdəki qiymətlərə dəhşətlə baxmağa başlayıblar.

Avropalıların enerji böhranından çıxış yolu açıq-aşkardır – Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək və ölkənin hazırda ən təmiz, ən güclü enerji mənbəyi sayılan AES-lərindən əldə olunan elektrik enerjisi almaq.

Amma yox, olmaz, axı amerikalı tərəfdaşları bunu səhv başa düşə bilərlər. Və beləliklə, Avropa hökumətləri bütün eko sloqanlarını bir tərəfə qoyaraq kütləvi şəkildə ən çirkli, ən ziyanlı və alimlər tərəfindən haqlı olaraq tənqid edilən yanacağa – kömürə keçməyə başlayıblar.

Avropada orta sinfin müflisləşməsi prosesi bütün il boyu rekord templə davam edib. Qiymət artımının sürəti da bundan geri qalmır. Hələ 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada uşaqlı ailələrin 14 faizinin qidaya pulu çatmırdı. Bu yay belə ailələrin sayı 24 faizə yüksəlib.

Hökumət yoxsulları dəstəkləməyə cəhd göstərir. Məktəb vaxtı pulsuz yeməklə təmin olunan uşaqlara yay tətilində də bu yardım davam etdirildi. Bəzi ailələrə belə yemək paylarını gətirib əldən veriblər. Valideynlər isə sosial şəbəkələrdə həmin payların şəklini çəkib paylaşıblar. Cəmiyyət də görüb qəzəblənib. Yemək qutusunun içində makaron, iki banka lobya, bir neçə nazik pendir dilimi, bir az kartof, iki yerkökü və üç alma olub. Yeri gəlmişkən, bu pay bir həftə üçün nəzərdə tutulub.

Aclıq çəkən ailələrə yemək talonlarının verilməsinə də başlanılıb. Bir həftəlik yemək talonu üç funt sterlinqlik (təxminən 300 rubl) yemək almağa imkan verirdi. İndi isə bu, 4,25 funt "dəyərindədir". Həmin talonla mağazadan yalnız süd, meyvə-tərəvəz, paxlalı və dənli bitkilər, uşaq qidası almağa icazə verilir. Yəni, nə ət, nə balıq, nə vetçina, nə də şirniyyat! Sizcə, "Tesko"-dan bu pula real olaraq nə almaq mümkündür? İki litr süd, bir neçə kilo kartof, 5 banan – vəssalam!

İngiltərə hökuməti bunu "sağlam qidalanma" adlandırır. Bu vəziyyət bəzi insanlara hərbi kommunizmin aclıq dövrünü xatırladır. Vaxtilə bu barədə bir xeyli şeir, poema da yazılıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, kəskin qiymət artımı fonunda aztəminatlı ailələri daha çətin dövr gözləyir: tezliklə onlar "eating" (yemək) və "heating" (isinmək) arasından seçim etməli olacaqlar.

Bir qayda olaraq, Böyük Britaniyada hər qış bir neçə on min pensiyaçı soyuqdan donub ölür. Onlar qənaət etmək üçün gecələr istilik batareyalarını söndürürlər. Səhər isə onları donub ölmüş vəziyyətdə tapırlar. 2014-cü ildə 40 min insan bu səbəbdən dünyasını dəyişib. Bu qış belə ölümlərin sayının bir az da artacağı gözlənilir.

İspaniyada qış bir o qədər sərt keçməsə də, qida baxımından vəziyyət yaxşı deyil. Təkcə Madriddə bu ilin əvvəlində 186 min insan müntəzəm şəkildə ərzaq bankalarında verilən pulsuz yemək üçün müraciət edib. Bu son 25 ilin ən pis göstəricisidir.

Aclıq çəkən insanlar arasında yaşlıların sayı get-gedə artır. Çünki onlar öz pensiyasını işsiz qalmış uşaqlarına və nəvələrinə vermək məcburiyyətində qalırlar.

"Xaç anası" xeyriyyə təşkilatının məlumatına görə, quruma yardım almaq üçün müraciət edən qocaların sayı il ərzində 63 faiz artıb.

Kasıblara pulsuz yemək paylanması işini təşkil edən Madridin San Xuan de Dios kilsəsinin baş keşişi BBC-nin jurnalistlərinə bildirib ki, bəzi insanlar onun yanına şəhərin o biri başından payı-piyada gəlmək məcburiyyətindədir. Yola iki saat vaxt sərf edirlər, çünki avtobusa bilet almağa pulları yoxdur. Özü də onlar bomjlar və ya evsiz-eşiksiz narkomanlar deyil, Avropa orta sinfinin müflisləşmiş nümayəndələridir. İşini itirib əlindəki ehtiyatını xərcləyərək birdən-birə başlayan bahalıq qarşısında aciz qalmış insanlardır.

Elektrik enerjisinin bahalaşmasının daha bir pis nəticəsi var. Bu, Avropa məhsullarının dünya bazarında rəqabətə davam gətirməsinə imkan vermir. Aİ üçün həmişə əsas bazar Amerika olub. Bu bazara girmək imkanı avropalıları okeanın o tayındakı tərəfdaşlarına heç də Amerika hərbi bazalarından daha az bağlamır.

Ancaq indi paradoksal vəziyyət yaranıb. Avropalıları yaşıl enerjiyə keçməyə ruhlandıran Amerika hakimiyyəti özü günəş və ya külək enerjisinə keçməyə hazırlaşmır. Ucuz elektrik onlara rəqabətdə üstünlük qazandırır və Aİ-ni bazardan sıxışdırıb çıxarmağa imkan verir. Bu qəddarlıq deyilmi? Özü də müttəfiqlərinə qarşı? Amma məgər ABŞ öz vassallarına qarşı həmişə belə davranmayıb? Hər zaman iki yoldan yalnız özünə sərf edəni seçməyib?

Xalq kütlələrinin artan yoxsulluğu fonunda hətta reallıqdan xeyli uzaq düşmüş Avropa siyasətçiləri belə hər hansı bir tədbir görmək qərarına gəldilər. Onlar günahkar axtarmağa başladılar və dərhal da tapdılar. Bəli, heç də təəccüblü deyil, bu dəfə də günahkar ruslar oldu.

Dayanın! Axı söhbət qazın topdansatış qiymətindən, "Qazprom"un heç vaxt bağlamaq istəmədiyi qısamüddətli müqavilələrdən gedir. Şirkət hətta bu məsələ ilə bağlı Aİ ilə məhkəmə çəkişməsinə də girmişdi, amma işi uduzmuşdu.

"Qazprom" həmişə sabit qiymətə əsaslanan, birja dalğalanmalarından təsirlənməyən uzunmüddətli müqavilələrin tərəfdarı olub. Ancaq həmin vaxt avropalılara topdansatış qiyməti sərf edirdi və təkidlə bunu tələb etdilər. İndi isə özlərinin acgözlüklə verilmiş və heç də uzaqgörən olmayan qərarına görə Rusiyanı ittiham etməyə çalışırlar.

Uzun illərdir ki, "Qazprom" avropalıların çaldığı havaya oynayır. İndi də əsəbləşirlər ki, guya belə danışmamışdıq. Bizə hər şeyi havayı verin! Bütün bunlar Ukraynanı xatırladır. Və əlbəttə ki, bu iddiaların heç bir perspektivi yoxdur.

Bəs avropalıların başqa hansı çıxış yolu var? Amerikadan mayeləşdirilmiş təbii qaz almaq? Okeanın o tayındakı tərəfdaş bazarda manipulyasiya aparmaq üzrə ustadır. Müttəfiqlərinin aciz vəziyyətindən istifadə edərək o qaza elə qiymət qoyar ki, Aİ-nin indiki problemləri bunun yanında toya getməli olar.

Əgər Avropa elitasından fərqli olaraq, sağlam düşüncə ilə fikir yürütsək görərik ki, indi Rusiya qazına yeganə alternativ Rusiyanın AES-ləridir. Ya da, ən yaxşısı elə hamısı bir yerdə...

Həmçinin oxuyun:

"Şimal axını-2"nin inşası başa çatıb

Əfqanıstan, "Şimal Axını-2" və seçkiyə müdaxilə: Lavrovun əsas açıqlamaları

13
Teqlər:
Avropa, qaz
Sədrəddin Soltan

Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərindəki gərginliyi belə şərh etdi

25
(Yenilənib 16:47 20.09.2021)
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır
Sədrəddin Soltan: “Bu, Azərbaycanı hədələməyə cəhddir”

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

Qeyd edək ki, son günlər Gorus-Qafan yolunda İran yük maşınlarının hərəkətinin qanuni tələblər əsasında məhdudlaşdırılması, eyni zamanda regionda keçirilən hərbi təlimlər cənub qonşumuzda narahatlıq yaradıb.

Bəs İranın narahatlığının tutarlı əsası varmı?

Sputnik Azərbaycan mövzu ilə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib. Politoloq baş verənləri belə şərh edib: “Azərbaycan Respublikasının İrana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan İranla əməkdaşlığa üstünlük verir. Hətta torpaqlarımızın işğal altında qaldığı dövrdə də İranın Ermənistana hərtərəfli yardım etməsinə baxmayaraq, bu addımlar görməzdən gəlinirdi. Vətən Müharibəsindən sonra İran tərəfinin Azərbaycana qarşı tutduğu mövqe ərazi bütövlüyümüzə qarşı sayğısızlıqdır. Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır. Buna baxmayaraq İran tərəfi vəziyyəti gərginləşdirmək yolunu tutub. Atılan addımlar İranın Azərbaycanla münasibətlərdə gərginliyə üstünlük vermək niyyətini göstərir. Bu, Azərbaycanı hədələməyə cəhddir”.

Sədrəddin Soltanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

25
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

0
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

0
Teqlər:
futbol, Türkiyə, milli