İslam Əməkdaşlıq Təşkilatının iclası

İƏT Ermənistandan tələb etdi - BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir

280
(Yenilənib 14:50 06.05.2018)
Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib

BAKI, 6 may — Sputnik. Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində 5-6 may tarixlərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbycan-a verilən məlumata görə, sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada E. Məmmədyarov çıxış edərək bir sıra fundamental məsələlərə dair ölkəmizin mövqeyini iştirakçıların diqqətinə çatdırıb. Sessiyada qəbul olunmuş Dəkkə bəyanatının 18-ci bəndində İƏT üzv ölkələrində olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu neqativ və dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd olunaraq, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunur və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanır.

İƏT dövlət başçılarının XIII Zirvə toplantısı
© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur. Həmçinin, bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır. Eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir.

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin ATƏT-in sənədləri və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilir. Sözügedən qətnamədə digər bir məqam üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin BMT-nin Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsinə tam dəstəyin verilməsi üzrə təlimatlandırma barəsində qərarın əks olunmasıdır. Qətnamədə həmçinin, Azərbaycan hökuməti və xalqı tərəfindən ölkənin müdafiəsi üçün edilən səylərə həmrəylik və tam dəstək ifadə olunur.

"1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" adlı qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənilir.

Qətnamədə həmçinin "Xocalıya ədalət" Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilir.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlı sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir. Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.

"Ali təhsil məsələlərinə dair"  saylı qətnamədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən İƏT-ə üzv ölkələrdən olan tələbələr üçün 5 illik proqram çərçivəsində 100 tələbə təqaüdünün təsis edilməsi təqdirəlayiq bir hal kimi qiymətləndirilir.

"Üzv ölkələr tərəfindən beynəlxalq təşkilatlara təqdim edilmiş namizədliklərə dair" qətnamədə ölkəmizin "Expo-2025"-ə ev sahibliyi etmək üçün namizədliyi və Qeyri-maddi mədəni irsin qorunmasına dair Beynəlxlaq Hökumətlərarası Komitənin üzvlüyünə namizədliyinin dəstəklənməsinə çağırış edilib.

280
Teqlər:
Ermənistan, BMT TŞ, qətnamə, Azərbaycan, İslam Əməkdaşlıq Təşkilatı
Xəzər dənizindən Bakıya mənzərə, arxiv şəkli

"Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalır"

24
(Yenilənib 22:26 23.01.2021)
Professor Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə istismarı məsələsini şərh edib, bölgənin iqtisadi inteqrasiyasından danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Dünən Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında sənədin əhəmiyyətini şərh edib.

Professor bildirib ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanması bölgədə sabitlik, əmin-amanlıq və inkişaf baxımdan olduqca münbit şərait yaratmış oldu: "Bu gün Xəzəryanı dövlətlər həmin şəraitdən istifadə edərək illər ərzində yaranan problemlərin həlli istiqamətində irəliləyişə nail olurlar. Bu, olduqca mühüm məsələdir, çünki Xəzər faktiki olaraq son illərdə sabitlik, əmin-amanlıq və inkişaf hövzəsi kimi tanınmaqdadır".

Onun sözlərinə görə, "Dostluq" yatağının Azərbaycan və Türkmənistan arasında birgə istismarı ilk növbədə siyasi məna daşıyır: "Çünki iqtisadi baxımdan həmin yataqdan əldə edilən karbohidrogen ehtiyatlar nə Azərbaycanın, nə də Türkmənistanın enerji sektoru üçün o qədər də böyük xüsusi çəkiyə malik deyil. Burada əsas məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkələr arasında problemlərin həll edilməsinin şahidi oluruq. Eyni zamanda, tədricən Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalmaqdadır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq Xəzəryanı dövlətlər Xəzərdən uzaq olan ölkələrin müdaxilələri olmadan öz problemlərini daha rahat şəkildə həll edə bilirlər".

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Xəzəryanı dövlətlər bundan sonra da öz problemlərini Xəzərin ümumi maraqları çərçivəsində həll edərlərsə, bu bölgənin sabitlik, əmin-amanlıq və inkişaf bölgəsi kimi mövqe tutmasının şahidi ola bilərik. Bununla yanaşı, tədricən Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan ilə Türkmənistanın kapital qoyuluşlarını xammal ixracatına deyil, emal sektoruna yerləşdirməsinə ciddi ehtiyac var. Əgər buna nail olunsa, Xəzəryanı dövlətlər dünya ticarəti çərçivəsində xeyli dərəcədə daha ekvivalent mübadiləyə çıxa bilər", - deyə o qeyd edib.

O diqqətə çatıdırıb ki, Qarabağ münaqişəsinin həlli, Xəzəryanı dövlətlər tərəfindən Xəzərin statusu ilə bağlı müəyyən konsensusun əldə olunması bütövlükdə bölgədə yeni geosiyasi və iqtisadi reallıqların formalaşması üçün çox yaxşı şərait yaradır: "Bu kontekstdə bölgədə iqtisadi inteqrasiyanın dərinləşməsi məqsədəuyğundur. Bu, artıq zamanın çağırışı kimi görünür. Yaxın illərdə, aylarda biz bölgədə texnoloji korporasiyanın, regional iqtisadi inteqrasiyanın və əməkdaşlığın dərinləşməsinin şahidi ola bilərik".

24
Bakıda XİN-nin binası, arxiv şəkli

XİN Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yenilədi

30
Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.

BAKI, 23 yanvar — Sputnik. Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir. Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub. Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir. 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.

Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub. Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.

30
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0