Səsvermə prosesi

Seçkiləri tənqid edən ATƏT müşahidəçiləri barədə ilginc məqamlar üzə çıxdı

489
(Yenilənib 21:56 16.04.2018)
"Fərdi şəkildə seçki prosesi ilə bağlı müsbət fikir bildirirlər, seçkilər başa çatdıqdan sonra isə, sanki bir dirijor çubuğunun tapşırığı ilə tamamilə fərqli mövqe ortaya qoyurlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. "2018-ci il 11 aprel tarixində Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun şəkildə, şəffaf, azad və demokratik olması ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onlar bu seçkiləri Azərbaycanın tutduğu demokratik inkişaf yolunda irəliyə doğru atılmış bir addım kimi dəyərləndirirlər".

Millət vəkili Elman Nəsirov
© Sputnik / Murad Orujov
Millət vəkili Elman Nəsirov

Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov, Qərb təşkilatlarının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinə münasibət bildirərkən deyib. O bildirib ki, söhbət böyük sayda yerli və xarici müşahidəçi ordusundan gedir: "Yerli müşahidəçilərin sayı 58 min 175 nəfər olub, 894 beynəlxalq müşahidəçi dünyanın 59 ölkəsini və 61 təşkilatını təmsil edib. Bunların yekdil mövqeyi sırasında istisna təşkil edən və qərəzliliyi və qeyri-obyektivliyi ilə diqqəti cəlb edən yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və onların yedəyində gedən ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasını qeyd etmək olar".

"Xüsusilə də ATƏT DTİHB-nin seçkilərin ilkin nəticələri ilə bağlı ortaya çıxardığı hesabat kifayət qədər qərəzlidir. Elə bu səbəbdən də haqlı olaraq Azərbaycan ictimaiyyətinin və media mənsublarının çox ciddi etirazı ilə qarşılanıb. Bu etirazın motivlərini və səbəblərini anlamaq mümkündür", — millət vəkili deyib.

Deputat deyib ki, ATƏT DTİHB və onunla həmfikir olan ATƏT PA və AŞPA müşahidəçiləri seçkiqabağı proseslə bağlı özlərinin müsbət mövqeyini ifadə ediblər: "Şəxsən özüm Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat qrupunun üzvü olaraq həm Göyçayda, həm Ağdaşda, həm də Kürdəmirdə bu müşahidə missiyasının üzvlərinin seçki məntəqələrinə gəldiklərinin, müşahidə apardıqlarının şahidi olmuşam".

"Onlar seçkiyə hazırlıq prosesi ilə bağlı çox müsbət fikirlər söyləyiblər ki, 125 seçki dairəsinin 119 seçki dairəsində veb-kameralar var və hazırlıq ən yüksək səviyyədədir. Onların əsas mövqeyi bu idi ki, hazırlıq normaldır, standartlara cavab verir və onlar seçki prosesini müşahidə etməyə hazırlaşırlar", — deputat əlavə edib.

E.Nəsirov seçki günü Qaradağ rayonunda müşahidə apardığını deyib: "Müşahidə apardığım bir çox məntəqələrdə ATƏT DTİHB-nin müşahidəçilərinin olduğunu gördüm. Biz onların seçki prosesi ilə bağlı fikirlərini öyrəndik. İlk növbədə onların söylədikləri fikir bu idi ki, çox böyük seçki fəallığı var".

"Hətta Avropada buna rast gəlməyin mümkün olmadığını və Avropada absenteizm (seçkilərdə iştirak etməmək, qatılmamaq, fəallıq göstərməmək) cərəyanının daha güclü olduğunu və insanların seçkilərə ciddi maraq göstərmədiyini deyiblər. Lakin onlar Azərbaycanda insanların sel axını kimi seçkilərə gəlməsini, səs vermək üçün növbəyə dayanmasını müşahidə edib öz fikirlərini şəxsən mənimlə də bölüşüb, öz müsbət mövqelərini ifadə ediblər", — müsahibimiz bildirib.

Deputat vurğulayıb ki, çox qəribə situasiyanın şahidi oluruq: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri ayrı-ayrılıqda, fərdi şəkildə seçkinin hazırlıq prosesi və seçkinin gedişatı ilə bağlı müsbət mövqe bildirirlər. Amma seçkilər başa çatdıqdan sonra isə sanki bir dirijor çubuğunun tapşırığı ilə tamamilə fərqli mövqe ortaya qoyurlar və bu mövqe də qərəzlidir. Ancaq mənfi əsasda ilkin hesabat hazırlayıblar və dediklərinə görə, 8 həftə ərzində yekun hesabat təqdim edəcəklər".

E.Nəsirov xatırladıb ki, 1995-ci ildən bəri, təxminən 10 dəfə Azərbaycanda müxtəlif seçkilərdə müşahidəçilik aparan ATƏT DTİHB indiyədək bir dəfə də olsun seçkilərlə bağlı müsbət mövqe ifadə etməyib: "Çox maraqlıdır ki, onlar ya seçkilər ilə bağlı həmişə mənfi mövqe ortaya qoyurlar, ya da ümumiyyətlə seçkiləri müşahidə etməkdən imtina edirlər. Məsələn, söyləyirlər ki, Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı siyasi mühit guya ona adekvat olmayıb".

Millət vəkili nümayəndə heyətinə suallar da ünvanlayıb: "Sizə hansı siyasi mühit lazımdır? Azərbaycanda sabitlik, təhlükəsizlik, inkişaf var. Xalq öz prezidentinə olan ehtiramını, sədaqətini çox yüksək səviyyədə ifadə edir, seçki prosesinə toy-bayram kimi qatılır. Niyə bunları qeyd etmirsiniz? Niyə əhalimizin seçkilərə böyük ruh yüksəkliyi ilə getməsi sizin diqqətinizi cəlb etmir? Bunlar bayaq dediyim kimi, fərdi şəkildə onları cəlb edir, amma hesabatda bütün bunların üzərindən xətt çəkirlər, qeyri-ciddi mövqedən çıxış edirlər".

Nəsirov əlavə edib ki, deputat seçildiyi ərazidən çoxsaylı telefon zəngləri alır: "Seçicilərim xahiş edirlər, onların sözünü həmin qüvvələrə çatdırım ki, onların yeganə prezidenti İlham Əliyevdir. Deyirlər ki, "Biz böyük ruh yüksəkliyi ilə sevinc içərisində ailəmizlə birlikdə 11 apreldə gedib öz seçim hüququmuzu etmişik, cənab İlham Əliyevi seçmişik. Qoy, ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyasının nümayəndələri bizim seçki hüququmuza hörmətsizlik etməsinlər".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın yekdil mövqeyini, qeyri-obyektiv mövqedə olan tərəflərə çatdırmaq vacibdir: "Amma unutmayaq ki, biz ATƏT, ATƏT PA və AŞPA ilə də əlaqələri inkişaf etdirmək xəttinə sadiq dövlətik. Bu, bizim siyasətimizin, çoxvektorlu, balanslı siyasətimizin mahiyyətindən irəli gələn məsələlərdir. Nəzərə alaq ki, ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyası məhdud bir qrupdur. Və heç bir halda bütövlükdə bizim təşkilatla münasibətlərimizə xələl gətirməməlidir".

"Sadəcə bilməlidirlər ki, Azərbaycanla ədalətli, obyektiv olmaq lazımdır. Qərəzli yanaşmanı biz qəbul etmirik. Biz hesab edirik ki, bu, müəyyən bir kəsimin mövqeyidir, bütövlükdə ATƏT-in və Avropa Şurasının mövqeyi deyil. Biz bütövlükdə bu təşkilatlarla əlaqələrin inkişafında maraqlıyıq. Və əlaqələri inkişaf etdirməklə yanaşı belə mənfi hallara qarşı öz haqq səsimizi də ucaltmalıyıq. Bu, bizim mövqeyimizdir və ictimaiyyətimiz də, media mənsubları da həmin mövqeyi məhz ifadə ediblər", — deyə millət vəkili vurğulayıb.

489
Teqlər:
ATƏT PA, DTİHB, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, demokratik, 11 aprel, prinsip, norma, azad, müşahidə, müşahidəçi, seçici, qərəz, ATƏT Parlament Assambleyası, Elman Nəsirov, AŞPA, Avropa Şurası Parlament Assambleyası, deputat, millət vəkili, Azərbaycan, politoloq, prezident seçkiləri, beynəlxalq hüquq, səs
Əlaqədar
Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin yekun nəticəsini təsdiqlədi
Ekspert: “ATƏT Azərbaycanda normal seçkilərin keçirilməsində maraqlı deyil”
Prezident seçkilərinə yekun vurulacaq gün məlum oldu
Seçki bitdi, diqqət post-seçki dövrünə!
Azərbaycan, Rusiya və Ermənistan: Regionumuz seçkidən sonra
Neft platforması, arxiv şəkli

Niyə məhz indi? Bakı Aşqabadın razılaşması nədən xəbər verir

30
(Yenilənib 13:54 22.01.2021)
"Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Mütəxəssislər Azərbaycan və Türkmənistan arasında ötən gün əldə olunan Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu tarixi hadisə adlandırırlar. Belə ki, bu anlaşma Xəzər dənizində uzun illərdir Kəpəz/Sərdar yatağı üzrə mübahisələrə son qoymaqla yanaşı, iki ölkə - Azərbaycan və Türkmənistan arasında olan əlaqələri daha üst mərhələyə çıxarmağa imkan verəcək.

Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb və qeyd edib ki, bu yataq, həmçinin yataqdakı iş ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Sputnik Azərbaycan Anlaşma Memorandumu, onun əhəmiyyəti və bu memorandumun niyə məhz indi imzalanması ilə bağlı "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri, politoloq İlqar Vəlizadə ilə həmsöhbət olub.

Politoloq qeyd edib ki, bu memorandumun indi imzalanması ondan xəbər verir ki, Azərbaycan və Türkmənistan bununla bağlı artıq bir neçə ildir danışıqlar aparıblar. Onun sözlərinə görə, birdən-birə belə bir razılaşma ərsəyə gələ bilməz: "Niyə məhz indi? Yəqin ki, bununla bağlı bir sıra nüanslar var. Ehtimal edirəm ki, onlardan biri də təhlükəsizliklə bağlı məsələlər idi. Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı. Çünki bu, Kəpəz/Sərdar – indiki adı ilə "Dostluq" yatağının işlənməsi və hasil ediləcək resursların ixracı üçün müəyyən risklər yaradırdı.

Aydındır ki, ixrac üçün ən optimal istiqamət Qərb – Avropadır. Həmçinin bu istiqamət üzrə Azərbaycan və digər ölkələr də daxil olmaqla hazır infrastruktur layihələri var. Yəni yeni bir infrastruktur layihəsinin qurulmasına ehtiyac yoxdur. Ona görə də hazır xammalın xarici bazarlara daşınması üçün yaxşı imkan var. Bu memorandumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından qısa müddət sonra imzalanması artıq Türkmənistan rəhbərliyinin təhlükəsizliklə bağlı narahatlığının sona çatması kimi də dəyərləndirilə bilər".

"Cənubi Qafqaz" siyasi klubunun rəhbəri qeyd edib ki, rəsmi Bakı hələ on il əvvəl Aşqabada "Dostluq" yatağının birgə işlənməsini təklif edib: "Bu təklifdə yatağın bərabərhüquqlu şəkildə istismarı, hasilatın bərabər bölünməsi yer alır. Üç il bundan əvvəl – 2018-ci ilin martında İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu memoranduma bənzər razılaşma - həmsərhəd zonada yerləşən yataqların birgə istismarına dair razılaşma İran tərəfi ilə də imzalanmışdı. Lakin İranla bağlı beynəlxalq proseslərə (ABŞ-ın nüvə razılaşmasından çıxması, İrana qarşı sanksiyaların tətbiqi – red.) görə yataqların işlənməsi istiqamətində heç bir praktiki addımlar atılmayıb. Amma "Dostluq" yatağının istismarı üçün belə maneələr yoxdur".

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan və Tükmənistanın əldə etdiyi razılaşmanın başqa bir əhəmiyyəti isə bundan ibarətdir ki, bu yataq Trans-Xəzər qaz layihəsinin həyata keçirilməsi üçün təkan verə bilər: ""Dostluq" yatağında 50-100 milyon ton neft, 30 milyard kub metr qaz ehtiyatları var. Bu, təbii sərvətlərlə kifayət qədər zəngin yataqdır. Bu yataqdan çıxarılan qazın Cənubi Qaz Dəhlizi layihəsi ilə Qərbə - Avropaya tədarükü də realdır. Bu isə Cənub Qaz Dəhlizi layihəsinin, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından Qafqaz regionunun əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycanı artıq neft-qaz ixracatçısından əlavə, bir enerji habına, tranzit ölkəsinə çevirəcək".

30
Teqlər:
təhlükəsizlik, ekspert, qaz, neft, yataq, qərar, Türkmənistan, Azərbaycan
Manat, arxiv şəkli

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? partiya rəsmiləri açıqlayır

30
(Yenilənib 00:33 22.01.2021)
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

30
Hacıqabul Sənaye Məhəlləsi, arxiv şəkli

Sənaye məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti”nin tabeliyindən çıxarılıb

0
(Yenilənib 15:28 22.01.2021)
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyinə verilən sənaye məhəllələri və parklar məlum olub.

BAKI, 22 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin tabeliyində olan sənaye məhəllələri yeni yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir Sənaye Parkının, Qaradağ Sənaye Parkının, Masallı Sənaye Məhəlləsinin, Pirallahı Sənaye Parkının, Hacıqabul Sənaye Məhəlləsinin və Sabirabad Sənaye Məhəlləsinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirəcək.

Qeyd edək ki, yeni agentlik nazirliyə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin bazasında yaradılıb.

0