Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN-dən sərt addım: Beynəlxalq müşahidə missiyalarının nümayəndələri...

25
(Yenilənib 18:20 12.04.2018)
ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyasının nümayəndələri XİN-ə dəvət olunaraq qəti etiraz bildirilib

BAKI, 12 aprel — Sputnik. "ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik".

Bunu öz açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb. 

"Haqqında bəhs olunan ilkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi mülahizələr üstünlük təşkil edir.

Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə və siyasi dəstək bazasının olmamasına görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmamazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir.

Azərbaycan Respublikasında media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər, sosial şəbəkələrdə və hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub. 

Səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı və yüksək fəallığı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun olaraq keçib. Bunun müqabilində hər hansı əsaslandırılmamış fakt ortaya qoymadan guya seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması və digər qüsurların olması barədə iddialar heç bir tənqidə sığmır. Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik.

60000-dən artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət göstərdiyi və 1000 veb-kamera vasitəsilə "online” rejimdə birbaşa izləmə imkanı təmin edilən bir şəraitdə iddia olunan bu cür məlumatların ciddi qəbul edilməsi qeyri-mümkündür.

Seçki günü hər hansı texniki xarakterli qüsurların və çatışmamazlıqların baş verməsi halları istisna deyildir. Amma texniki qüsurların ümimiləşdirilməsi və bu kimi sıradan olan halların bütün seçki prosesinə şamil edilməsi mandatın aşılması və tamamilə qərəzli siyasi yanaşma kimi qiymətləndirilir.

İlkin hesabatı nəzərdən keçirdikdə müxtəlif paraqraflar arasında ziddiyyətli məqamların olması, bir paraqrafın digərini təkzib etməsi də açıq şəkildə özünü biruzə verir. Məsələn, sənəddə bir yerdə beynəlxalq müşahidəçilərə yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkür ifadə olunduğu, Mərkəzi Seçki Komissiyasının peşəkar fəaliyyəti qeyd olunduğu  halda, digər bir hissədə seçkilərin qeyri-şəffaf şəkildə keçirildiyini və ya prosedurlara riayyət edilmədiyini iddia etmək heç bir halda başa düşülən deyildir. Bu kimi hallar sənəddə kifayət qədərdir və onu oxuyan hər bir şəxs açıq şəkildə görə bilər. 

Sözügedən müşahidə missiyası tərəfindən sərgilənən bu cür mövqe ilk növbədə milyonlarla azərbaycanlı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ölkəmizdə keçirilən seçkilər ilk növbədə Azərbaycan Respublikası vətəndaşları üçün təşkil edilir. Azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə etdilər.

11 aprel tarixində keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ oldu", — deyə H. Hcıyev qeyd edib.

25
Əlaqədar
Alman deputat: "Almaniyada belə şəffaf seçki qutuları yoxdur"
MDB müşahidə missiyası: Seçkilər yüksək səviyyədə təşkil olundu
Azərbaycanda 100 yaşlı kişidən seçki məntəqəsində maraqlı jest - VİDEO
Fransa Senatının nümayəndəsi seçki prosesinin gedişatı haqqında məlumat verdi
Beynəlxalq missiya rəhbəri Rusiya və Azərbaycandakı seçkiləri müqayisə edib