Mərkəzi Seçki Komissiyası

Azərbaycanda daha iki nəfər prezidentliyə namizəd oldu

557
(Yenilənib 17:52 24.02.2018)
Əli Əliyevin və Sərdar Məmmədovun prezidentliyə namizədlikləri təsdiq edilib

BAKI, 24 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha iki nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Əliyevin və prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, Ə.Əliyevin və S.Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib. Daha sonra Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb. Bundan əvvəl MSK 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi.

557
Teqlər:
Sərdar Məmmədov, qeydə alma, prezidentliyə namizəd, Əli Əliyev, Mərkəzi Seçki Komissiyası
Əlaqədar
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sərt xəbərdarlıq
Azərbaycanda prezident seçkiləri: Şərtlər, qaydalar və namizədlər qarşısında tələblər
Prezident seçkiləri ilə bağlı fəaliyyət proqramı açıqlandı
MSK növbədənkənar prezident seçkiləri barədə qərar verib

Rəsmi Bakı Avropa Parlamentinin qərəzli iddialarını pislədi

8
"Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir"

BAKI, 22 yanvar — Sputnik. "İlk növbədə onu vurğulamaq istərdim ki, bu il yanvarın 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır", - deyə Leyla Abdullayeva qeyd edib.

8
Co Bayden, arxiv şəkli

Konqresmenlə prezidenti bir tutmayın - Co Baydenin hakimiyyəti Azərbaycana vəd edir?

21
(Yenilənib 15:47 22.01.2021)
"Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir" - siyasi ekspert

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-də Vaşinqtonda Co Bayden ABŞ-ın yeni prezidenti olaraq and içib. Səkkiz il vitse-prezident vəzifəsini icra edən Bayden indi ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin martında ABŞ-da səfərdə olarkən o dövrdə vitse-prezident vəzifəsini icra edən Co Bayden ilə görüşmüşdü.

Bəs Co Baydenin prezident olmasının Azərbaycan üçün hansı siyasi təsirləri olacaq?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, Bayden ABŞ-ın həm daxili, həm də xarici siyasətində müəyyən düzəlişlər edəcək: “Bununla belə, yeni prezident ABŞ-ın strateji kursunu dəyişməyəcək. Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir”.

“Ölkəmiz regionda meqalayihələrin ideya müəllifidir, həm də onların həyata keçirilməsində vacib rol oynayır. Ona görə də yeni administrasiya Azərbaycana münasibətdə real və praqmatik mövqedə dayanmalıdır”, – deyə Fikrət Sadıxov əlavə edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Bayden hələ konqresmen olduğu vaxtlarda erməni diasporu ilə sıx əlaqədə olub və Azərbaycana qarşı olan ədalətsiz 907-ci düzəlişin həmmüəlliflərindən biridir.

Politoloq deyir ki, Baydenin konqresmenlik dövründəki fəaliyyəti ilə prezidentlik vəzifəsini eyniləşdirmək olmaz: “O, artıq ABŞ-ın milli təhlükəsizlik və strateji maraqlarından çıxış etməlidir. Bu maraqlar Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Amma bu, o demək deyil ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan əməkdaşlığı indikindən daha çox olacaq. Azərbaycan üçün önəmli olan ABŞ-ın onun daxili işlərinə qarışmamasıdır”.

21
Teqlər:
siyasət, prezident, Azərbaycan, Co Bayden
KT, arxiv şəkli

"Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir"

0
(Yenilənib 16:38 22.01.2021)
Məqsəd diaqnostikada istifadə olunan klinik-laborator, rentgen aparatları və s.  kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.

BAKI, 22 yanvar — Sputnik. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir. Bunu Sputnik Azərbaycan-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev deyib.

Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və s. kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərin nəzərinə çatdırır ki, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadəyə görə vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövrü yoxlamadan keçirmək üçün "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsə və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş digər qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən ölçmələrin qeyri-dəqiq nəticələri ilə qarşılaşmamaq üçün tibbi ölçü cihazlarının yararlılığına dair təsdiqedici sənədi tələb etsinlər, yoxlamadan keçməmiş tibbi cihazlarla göstərilən xidmətləri almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə istehlakçılara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01 və 498-15-04).

0