Şuşa məscidi

Qarabağdakı abidələrimizi kimlər niyə farslaşdırır?

283
(Yenilənib 11:30 07.12.2017)
İran mediası Şuşadakı abidələri qədim fars abidələri kimi qələmə verməyə başlayıb

BAKI, 6 dekabr — Sputnik. İrana məxsus “Badkubeh” saytında Şuşada erməni işğalında olan Yuxarı Gövhər ağa məscidi və Aşağı Gövhər ağa məscidi barədə material dərc edilib. Sayt ciddi-cəhdlə iddia edir ki, bu məscidlərin tikilməsi İranın nüfuzlu ailələrinin xidmətidir. Guya ki, elit kütlələrin ailələri bu şəhər və onun ətrafında yaşayırmışlar. Şuşa incəsənəti və memarlığının bir hissəsi də elə bu iranlıların orada yaşaması ilə əlaqədardır. İddianın davamı olaraq yazı müəllifləri məscidləri "iranlı Sufla məscidi" və "iranlı Yuxarı məscid" adlandırırlar.

İddialarla bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib ki, sözügedən materialda çox uğursuz halda qədim türk şəhəri olan Şuşanın farslaşdırıldığını görmək olar.

"İlk olaraq Şuşa şəhəri haqqında qısa bir məlumat verim ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Türklərin məskunlaşdığı ən müxtəlif yerlərdə Şuşa, Şoşu, Şuşi formalarında yaşayış məntəqələri, yer adları olub. Bir çox tədqiqatçılar Şuşa sözünü türk dilində "uc", "yüksək" mənalarını verən "şiş" komponenti ilə izah edirlər. Bir sözlə, Şuşanın farslarla heç bir bağlığı yoxdur" – deyə Zaur Əliyev bildirib.

O qeyd edib ki, Şuşada hər iki məscid İbrahim Xəlil xan Cavanşirin qızı Gövhər ağanın adı ilə bağlıdır. İbrahim Xəlil xan da türk boyu olan cavanşirlərdəndir ki, onların da farslarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur: "Tarixi mənbələrə nəzər salanda, qarşımıza çıxan məlumatlarda yazılır: indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilmişdi. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik olub. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhər ağa məscidi kimi tanınan həmin bina inşa edilib. Daha sonra Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirib ki, bu, indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur".

Alimin sözlərinə görə, Şuşa qalasında Gövhər ağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə 100-200 metrdir. Hər iki məscid Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.

Zaur Əliyev Şuşa başda olmaqla Qarabağın işğalından sonra Ermənistan tərəfindən digər rayonların məscidləri ilə bağlı atılan addımları da sadalayıb:

1. Ermənistan Respublikasının müvafiq dövlət qurumları tərəfindən azərbaycanlıların ibadət yeri olan məscidlərin rəsmi şəkildə təhqir olunmasına və dağıdılmasına qərar verilib;

2. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb;

3. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumşaq inventarları qarət edilərək Ermənistan Respublikasına aparılıb;

4. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dilində Azərbaycan xalqına və türk millətinə qarşı alçaldıcı, təhqiredici ifadələr, sözlər yazılıb;

5. Ermənilər hal-hazırda məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması üçün, yəni tövlə kimi istifadə edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERS

Alim hesab edir ki, İran tərəfinin məscidləri bərpa, yaxud təmir etmək istəyi təqdirəlayiqdir. Lakin qədim türk yurdu olan Qarabağın ərazilərinin və mədəni-dini abidlərinin farslaşdırılması heç bir ölçüyə sığmır.

"Bununla İrandakı bəzi dairələr sadəcə bir daha Azərbaycana qarşı öz çirkin siyasətini biruzə verir" – deyə Z.Əliyev əlavə edib.

283
Teqlər:
düşmənçilik, Gövhər ağa məscidi, dosent Zaur Əliyev, farslaşdırma, tarixi abidə, Şuşa, İran, məscid
Əlaqədar
Şuşanın azad olunduğu gün
XİN: Şuşanın işğalı bu siyasətin nəticəsidir
Şuşalı döyüşçü hələ də bunu özünə bağışlamır
Şuşanın işğalından 25 il keçir
Azərbaycanlı gənc Şuşa məscidində azan çəkdirdi
İtaliya parlamenti, arxiv şəkli

Senator: İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir

14
(Yenilənib 19:22 27.11.2020)
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. İtaliya Senatında "İrəli, İtaliya" siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib ki, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir. İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

"İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir", - deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.

"İtaliya yalnız neft və qazla deyil, habelə sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycan ilə ortaq bir yolun fəal iştirakçısı olmalıdır", - deyə italyan senator fikirlərini tamamlayıb.
14
Teqlər:
dəstək, Qarabag, maraq, strateji əlaqələr, Azərbaycan, İtaliya
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov: Pandemiya yeni fürsət təqdim edir

14
(Yenilənib 16:53 27.11.2020)
İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxış edib.

Sputnik Azərbaycan xəbər verir ki, nazir çıxışında bildirib:

"İlk növbədə, QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirərək, Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Təşkilatımız gələcəyə birgə baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradılmışdır. QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəldi.

Bir çox vacib təşəbbüslərin elan edilməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir. Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT, üzv dövlətlərə COVİD böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurmanı həyata keçirməkdə köməklik göstərə bilər.

Öz tərəfindən, Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvarıq. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik.

COVID-19 pandemiyası iqtisadi itkilərə gətirən zərərini davam etdirir. Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilərik.

İnkişaf etmiş infrastruktur və daha yaxşı biri-biri ilə birləşən nəqliyyat dəhlizləri vasitəsi ilə geniş Qara dəniz bölgəsində daha yaxşı əlaqələr naminə işimizi davam etdirməliyik. Bu kontekstdə tranzitin asanlaşdırılması, əməliyyatların rəqəmsallaşdırılması, nəqliyyat və ticarətdə tənzimləyici və prosedura maneələrinin aradan qaldırılması üçün səylərin iki dəfə artırılması vacibdir.

Azərbaycan Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və iri investorlar üçün münasib Ələt Azad İqtisadi Zonası ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli nəqliyyat dəhlizinin, habelə bütün regionun tranzit imkanlarının artırılmasına yönəlmiş Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yolları inkişafına praktik töhfəsini davam etdirir.

Tikinti işlərinin başlamasından dörd il yarım sonra Trans-Adriatik boru kəmərinin kommersiya istismarı başlayıb. Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. Bir neçə QDİƏT üzv dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır.

Münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.

Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.

Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.

Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik".

14
Teqlər:
münaqişə, əməkdaşlıq, iqtisadiyyat, Ceyhun Bayramov, iclas, QDİƏT
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0