Siyavuş Novruzov

"Onların bahalı avtomobilləri, cangüdənləri var..."

78
(Yenilənib 16:09 13.06.2017)
"Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə almırsan, digər ölkələrin bankından alırsan?"

BAKI, 13 iyun — Sputnik. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.

"Bu yaxınlarda Baş Prokurorluq açıqlama verdi ki, bəzi qeyri-hökumət təşkilatları və siyasi partiyalar maliyyə gəlirləri ilə bağlı aidiyyəti qurumlara hesabat vermirlər. Bu məsələlər diqqətdə saxlanılmalıdır" — Novruzov bildirib.

Onun sözlərinə görə, QHT-lər Ədliyyə Nazirliyinə, siyasi partiyalar isə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməlidir: "Biz şəffaflığın təminatı ilə əlaqədar qanun qəbul etmişik və bu addımı vaxtında atmışıq. Amma yenə də baxılmalıdır".

"Siyasi partiyalardan birinin sədr müavininin 41 dəfə bir ölkəyə səfər edib, oradan pul çıxarıb gətirməsi, təbii ki, sağlam məqsədə xidmət etmir. Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə almırsan, digər ölkələrin bankından alırsan?" — millət vəkili vurğulayıb.

"Biz eyni zamanda, terrorun maliyyələşməsi ilə bağlı qanun layihəsinə dəyişiklik etmişik. Amma biz bir müddət sonra bu qanun layihələrinə yenidən qayıtmalıyıq. Əgər kimsə nizamnamə tələblərinə qarşı çıxırsa, onun haqqında kifayət qədər ciddi qərarlar qəbul edilməlidir. Çünki vətəndaşlarımızın taleyi hər şeydən yüksəkdə durmalıdır. Qanunlarda bu məsələlər sərtləşdirilməlidir" — deputat əlavə edib.

Millət vəkili bildirib ki, bəzi partiyalar hesabatlarında sıfır rəqəmi göstərirlər, amma bahalı avtomobilləri, cangüdənləri var: "Bütün bu məsələlərə yenidən qayıtmaq lazımdır".

78
Teqlər:
siyasi partiyalar, maliyyələşmə, Qeyri-Hökumət Təşkilatları, Siyavuş Novruzov, Milli Məclis, qanun
Əlaqədar
Müxalifət liderinə cəza verildi
Müxalifətin aksiyasında onlarla insan yaralanıb
Müxalifət Rusiyanın təklifinə razılıq verdi
Müxalifət liderinin müşaviri həbs edildi
İnhisarçı müxalifət
Sahibə Qafarova

Spikerin Rusiya səfərində baş verib - Milli Məclis açıqladı

7
(Yenilənib 19:59 24.09.2020)
Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb

BAKI, 24 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub. Bu, Milli Məclisin Sədri kimi Sahibə Qafarovanın Rusiyaya ilk rəsmi səfəridir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, səfərin ilk günü Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Moskvadakı səfirliyinə gələrək burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Sentyabrın 22-də spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb. Kifayət qədər müsbət əhval-ruhiyyədə və maraqlı müzakirələr şəraitində keçən görüşdə xanım Matviyenko bu səfərin yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə ikitərəfli münasibətlərin bir çox vacib aspektləri müzakirə olunub. Parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub.

Daha sonra görüş nümayəndə heyətinin üzvlərinin iştirakı ilə davam etdirilib. Vurğulanıb ki, bu səfər Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Federasiya Şurasının Sədri Azərbaycanın Rusiya üçün strateji tərəfdaş olduğunu vurğulayaraq, parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynadığını qeyd edib. XXI əsr bəşəriyyətin bəlası olan COVID-19-la mübarizədə Azərbaycanın atdığı addımlar yüksək qiymətləndirilərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.

İki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladıb. Bildirib ki, Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında "Dostluq" ordeni ilə təltif edib.

Sentyabrın 23-də Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının payız sessiyasının açılışında çıxış edib. Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan Milli Məclisinin Sədri Federal Məclisin Federasiya Şurasında çıxış edib.

Milli Məclisin Sədri çıxışında Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs edib, iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir.

Daha sonra Milli Məclisin Sədri Federasiya Şurasının yüksək tribunasından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi "təhvil verilməsi" deyil, "saxlanılması" haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı.

 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin
© Photo : The State Duma of the Russian Federation

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi.

Ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.

Sahibə Qafarova Ermənistanın son təxribatına diqqət çəkərək bildirib ki, bu hadisə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir.

Parlamentin Sədri bildirib ki, Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. O, münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini qeyd edərək Azərbaycan xalqının tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyini vurğulayıb.

Parlament nümayəndə heyəti həmin gün Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskva şəhərinin "Aleksandr" bağına gələrək burada "Naməlum əsgər" məzarının önünə əklil qoyub.

Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
© Photo : Press service of the Federation Council of the Federal Assembly of the Russian Federation

Milli Məclisin nümayəndə heyəti növbəti görüşünü sentyabrın 23-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla keçirib. Cənab Lavrov Azərbaycan nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində iş, onların mahiyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda, Rusiya tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini bir daha dilə gətirərək deyib ki, Rusiya münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həllini dəstəkləyir. O, ölkəsinin əvvəllər əldə olunmuş razılaşmalar əsasında qarşılıqlı məqbul həll yolunun axtarışını təşviq etməyə davam etdiyini bildirib. Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Görüşdə deputatlarla nazir arasında hərtərəfli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb. Cənab Volodin də iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışaraq ölkələrimiz və parlametlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasını qeyd edib. Görüşdə tərəflər arasında əlaqələrin daha da inkişafı üçün geniş fikir mübadiləsi aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova Vyaçeslav Volodini Azərbaycana səfərə dəvət edib və bu dəvət qəbul olunub. Həmin səfər zamanı müvafiq yüksək səviyyəli komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Bununla da Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

7
Əlaqədar
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Rusiya Dumasının sədri Azərbaycana gələcək
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Televizor

İctimai televiziya XX yüzilliyə səyahət təklif edir

8
(Yenilənib 19:59 24.09.2020)
Layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında sözügedən şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq

BAKI, 24 sentyabr — Sputnik. "İctimai TV"nin efirində bu gündən etibarən möhtəşəm layihəyə start verilir. Layihənin rəhbəri bir çox sənədli filmlərin ssenari müəllifi, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Layihə rəhbərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında həmin dövrün şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq:

"Bir ildən çoxdur ki, "İctimai TV"nin rəhbərliyi ilə birlikdə bu layihə üzərində çalışırıq. "XX Yüzillik" adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunacaq. Sənədli verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunacaq".

M.Həsənli əlavə edib ki, həftədə bir dəfə yayımlanacaq sənədli verilişdə hansı tarixi şəxsdən bəhs ediləcəksə, o, ancaq tarixi faktlara, arxiv sənədlərinə əsaslanacaq. Tarixi şəxsiyyətlərin atdığı addımlar, gördüyü işlər ictimaiyyətə çatdırılacaq.

"Bilirsiniz ki, XX əsrin əvvəlləri ilə bağlı çoxlu şayiələr, əfsanələr var. İstər həmin dövrdə baş vermiş hadisələr, istər həmin dövrdə yaşamış və fəaliyyət göstərmiş şəxsiyyətlər, istərsə də tarixi abidələr haqqında müxtəlif miflər yaranıb. Məsələn, belə şayiə var ki, Bakıya Şollar suyu Hacı Zeynalabdin Tağıyevin pulu ilə çəkilib. Amma arxiv sənədləri göstərir ki, bu, yanlışdır. Şollar suyunu Tağıyev çəkməyib. Biz bununla Tağıyevin xidmətlərini azaltmaq fikrində deyilik. Əksinə, yeri gəldikcə, Tağıyevin gördüyü xeyirxah işlər barədə silsilə boyu danışılacaq", - deyə layihənini rəhbəri bildirib. 

Qeyd edək ki, "XX Yüzillik" adlı sənədli verilişin ilk buraxılışı bu gün saat 22:00-da yayımlanacaq.

8
İskəndər M raket kompleksi

Moskva ABŞ-ı böyük səhvdən çəkindirir

0
(Yenilənib 20:09 24.09.2020)
Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

BAKI, 24 sentyabr — Sputnik, Qaliyə İbrahimova, Sofiya Melniçuk. Rusiya Strateji Hücum Silahları Haqqında Müqavilənin (SHS-3) qorunub saxlanmasının tərəfdarıdır və ABŞ-ı onu uzatmağa çağırır. Danışıqlar yaydan bəri uzanır. Vaşinqton sənədin yenidən nəzərdən keçirilməsini tələb edir, Moskva isə nəyisə dəyişməkdən imtina edir. Problemin mahiyyəti nədədir? Ətraflı RİA Novosti-nin materialında.

"Reaksiya eşitmirik"

"Operativ şəkildə həll oluna bilən və həll edilməli olan prioritet məsələ, əlbəttə ki, 2021-ci ilin fevralında başa çatacaq Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahları Haqqında Müqavilənin uzadılmasıdır. Biz amerikalı tərəfdaşlarımızla belə danışıqlar aparırıq", – Vladimir Putin BMT Baş Assambleyasının 75-ci sessiyasının açılışında bildirib.

Rusiya prezidenti ölkələri yeni raket sistemlərinin yerləşdirilməsində də təmkinli olmağa çağırıb. Ötən il Birləşmiş Ştatlar Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxıb. Bundan sonra Moskva raketlərin Avropada yerləşdirilməsinə moratorium elan edib.

Putin vurğulayıb: "Təəssüf ki, biz hələ ki nə amerikalı tərəfdaşlarımızdan, nə də onların müttəfiqlərindən təklifimizə reaksiya eşitmirik".

SHS-3-ü uzatmağı BMT Baş katibi Antoniu Quterreş dəfələrlə tövsiyə edib. Amma o, ABŞ-ın Çini də müqaviləyə qatmaq tələbinə mənfi reaksiya verib. Amerikalıları "böyük səhv" etməkdən Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya da çəkindirib.

Strateji təhlükəsizliyin sütunları

SHS-3 nüvə texnologiyalarına nəzarət sahəsində əsas sənəddir. 2010-cu ildə onu imzalamaqla Moskva və Vaşinqton strateji arsenalları ixtisar etməyi öhdələrinə götürüblər. Bu proses hələ 70-ci illərin əvvəllərində soyuq müharibə tərəflərinin Strateji Silahların Məhdudlaşdırılması (SSM-1) haqqında ilk müqaviləni bağlaması ilə başlayıb. O vaxtdan bəri bu sahədə yeddi ikitərəfli saziş qəbul olunub.

ABŞ onları heç vaxt şübhə altına almayıb. Lakin Donald Trampın prezidentliyi hər şeyi dəyişib. Ağ Ev rəhbəri razılaşmaları müasir reallıqlara uyğunlaşdırmağa çalışır və yeni silahlanma yarışının başlaması perspektivi onu qorxutmur.

ABŞ 2019-cu ilin avqustunda Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxmaq barədə qərarını Rusiyaya olan iddiaları ilə izah edib. İddia olunurdu ki, Moskva sənədlə qadağan olunmuş SSC-8 (Rusiya təsnifatında 9M729) raketlərini sınaqdan keçirib. Amerikalılar aydın sübutlar təqdim etməyiblər.

Amma qeyri-formal söhbətlərdə onlar etiraf ediblər ki, problem Moskvanın hərəkətlərində deyil. Pentaqon Çini kiçikmənzilli və ortamənzilli raketləri yaratmaqda şübhəli bilib və Çin hökumətinin strateji silahlarla bağlı danışıqlara qoşulmasını tələb edib. Pekin isə bu arzulara məhəl qoymayıb.

2020-ci ilin mayında ABŞ Açıq Səma Müqaviləsindən (ASM) çıxıb və yenə Moskvanı günahlandırıb – guya ruslar təftiş uçuşlarına mane olur. Rusiya Müdafiə Nazirliyi bunu təkzib edib. Qurumda hesab edirlər ki, amerikalılar kosmosa daha fəal şəkildə yiyələnmək niyyətindədirlər. ASM isə onların əl-qolunu bağlayırdı.

Nüvə pariteti

"ABŞ və NATO Çinin nüvə proqramının sürətlə inkişaf etməsindən narahatdırlar. Görünür, çinlilər bu məsələdə Vaşinqton və Moskva ilə paritet əldə etmək niyyətindədirlər", – ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli yayda bildirirdi.

Vaşinqtonun narazılığına səbəb olan daha bir faktor odur ki, SHS-3 Rusiyanın taktiki nüvə potensialını artırmasını məhdudlaşdırmır. Billinqsli strateji silahların hazırkı yoxlanılması mexanizmini də tənqid edib.

Diskussiyalara hər halda start verilib, amma amerikalılar növbəti şərtləri irəli sürüblər.

"ABŞ Rusiyanın ən yeni silahlarını da müzakirəyə daxil etməyi tələb edir ki, bu da açıq qapını döymək (yəni aşkar olanı, heç kəsin qarşı çıxmadığını sübut etmək – red.) deməkdir", — Nebenzya bildirib.

"Yaxşı təklif"

Görüşlərin ikinci mərhələsi sentyabrda heç bir irəliləyiş olmadan başa çatıb. ABŞ-ın yeni tələbi var – əlavə çərçivə sazişlərini qəbul etmək.

Amerikalılar oraya yalnız strateji deyil, həm də taktiki nüvə arsenallarını da əlavə etməyi təklif edirlər. Yeganə güzəşt – Vaşinqton Çinin danışıqlar prosesinə qoşulmasını təxirə salmağa razılıq verib.

"Biz Rusiyaya yaxşı təklif verdik", — Billinqsli bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər ki, Moskva müqaviləni yalnız hazırkı formada uzadacaq. Onun qüvvədə olma müddəti bir neçə aydan sonra başa çatır və nəyisə dəyişməyə vaxt yoxdur. Qurumdan bildiriblər ki, razılaşmanı amerikalılar özləri uzadırlar.

"Əgər ABŞ maraq balansı əsasında yeni bir şey hazırlamağa hazırdırsa, saziş mümkün olacaq. Amma vaxt lazım olacaq", - Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"ABŞ preferensiyalar istəyir"

"Alternativlər azdır: ya SHS-3 dəyişilmədən uzadılır, ya da ondan tamamilə imtina edilir", - silahlara nəzarət problemləri üzrə mütəxəssis Yevgeni Myasnikov bildirir.

O, müqavilənin əsas dəyərini strateji silahların yoxlanılması sistemində görür: "Əvvəlki dövrlərdə bir-birinin fəaliyyətinə nəzarət etmək çətin idi. Tərəflər ən pis ssenaridən çıxış edirdilər ki, bu da gərginliyi artırırdı. Sistem dağılsa, keçmişin təkrarlanması riski artacaq".

PİR Mərkəzinin yeni texnologiyalar və beynəlxalq təhlükəsizlik proqramının direktoru Vadim Kozulin şübhə etmir: müqavilə uzadılacaq. O, ABŞ-ın tələblərini üstünlükləri artırmağa yönəlmiş oyun kimi qiymətləndirir.

"Tramp öz ampluasındadır: sazişin imzalanmasından əvvəl daha çox üstünlük əldə etmək istəyir. Lakin demək olar ki, vaxt qalmayıb və amerikalılar (sazişi - red.) uzatmağa razılaşacaqlar. Yeni şərtlər gələcək müzakirələrin mövzusudur. Üstəlik, Rusiyanın da taktiki nüvə arsenalı və Amerikanın Avropadakı silahlarına dair təklifləri var", – ekspert vurğulayır.

O qeyd edir ki, SHS-3-ə pilotsuz sistemlər daxil deyil, baxmayaraq ki, onlar da nüvə silahı daşıyıcıları hesab edilə bilər.

"Pilotsuz uçan aparatlar Rusiyada çox sayda suallar yaradır. Əslində onlar da elə qanadlı raketlərdir — çoxdəfəlik istifadə nəticəsində onlar ciddi təhlükə törədir. Lakin SHS-3 üzrə görüşlər çərçivəsində Moskva bu mövzuya hələ ki toxunmur", - Kozulin qeyd edir.

Onun sözlərinə görə, nəzarət sisteminin saxlanması indi əsasən ABŞ-dan asılıdır. Əgər Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

0
Əlaqədar
Medvedev: "Məgər nüvə silahlarının uçuş hədəflərini kimsə dəyişib?"
Çənədəki maska, Beyrut, nüvə silahı və millətin imicini "yuyan" dovşan qanı
Politoloq: “İran nüvə anlaşması ilə bağlı taktiki gedişlər etməyə çalışır”
Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək