Vladimir Putin

Vladimir Putin: Rusiya Azərbaycan mallarının idxalında liderlik edir

1108
(Yenilənib 13:59 05.08.2016)
Rusiya prezidenti Azərbaycan və regionumuzla bağlı planlarını açıqladı.

BAKI, 5 avq-Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putin Azərtac-a müsahibə verib. Sputnik müsahibəni təqdim edir. 

– Siz Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin indiki səviyyəsini və bu münasibətlərin dərinləşməsi perspektivlərini necə qiymətləndirərdiniz?

– Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir.

İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.

Bir faktı da qeyd edim ki, regionlarımız arasında kooperasiya çox yüksək səviyyəyə qalxıb. Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətlərinin sizin ölkə ilə xarici ticarət münasibətləri var.

Biz Cənubi Qafqazda MDB və aparıcı beynəlxalq strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk. Xəzərdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük — ilk növbədə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu "Xəzər beşliyi" və İranın iştirakı ilə formalaşmaqda olan üçtərəfli partnyorluq çərçivəsində. Humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Məsələn, qeyd edə bilərəm ki, təhsil sahəsində əlaqələrin dinamikası durmadan artır. Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir.

Bizim birgə layihəmiz — Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrün aktual problemlərinin müzakirəsi üçün öz əhəmiyyətini və ona tələbat olduğunu nümayiş etdirir. Nisbətən qısa müddətdə — 2011-ci ildən bəri bu Forum regional və beynəlxalq ictimai həyatın mühüm hadisəsinə çevrilib. İndi azərbaycanlı həmkarlarımızla birlikdə bu ilin sentyabr ayına planlaşdırılmış beşinci görüşə fəal hazırlaşırıq.

Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

– Qlobal böhran Rusiya ilə Azərbaycan arasında ticarətin həcminə də təsir göstərib, onun azalmasına səbəb olub. Siz bunu iyun ayında Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də qeyd etmişdiniz. Sizin fikrinizcə, əmtəə dövriyyəsinin artırılması və sənaye kooperasiyası, qarşılıqlı sərmayə qoyuluşu da daxil olmaqla bütövlükdə iki ölkənin iqtisadi əməkdaşlığının stimullaşdırılması üçün nə etmək lazımdır?

– Dünya iqtisadiyyatının mürəkkəb, əlverişsiz konyunkturu həqiqətən bizim işgüzar əlaqələrə də təsir göstərib. Bununla belə, Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Azərbaycan Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya isə Azərbaycan mallarının idxalında liderlik edir.

Federal Gömrük Xidmətinin məlumatına görə 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollar ilə müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb. Bu il vəziyyətdə hələlik dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır.

Düşünürük ki, bizim bazarda tələbat duyulan Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının, həmçinin Rusiyadan Azərbaycana əkin sahələrinin genişləndirilməsi üçün zəruri olan gübrə və kənd təsərrüfatı texnikası ixracının artırılması qarşılıqlı ticarətin genişlənməsində mühüm rol oynaya bilər.

Hesab edirik ki, "Uralvaqonzavod" tərəfindən Azərbaycana dəmir yolu nəqliyyatı göndərilməsi, "Krasnoye Sormovo" zavodu tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi və çatdırılması, Rusiyanın "R-Farm" şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək.

Nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər. Bu sahələr elə indi əmtəə dövriyyəsinin ümumi göstəricilərinə təxminən 20 faiz — 0,5 milyard dollar əlavə edir.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tamdəyərli istifadə edilməsi üçün yeni perspektivlər açılır.

Rusiya Ticarət-Sənaye Palatası nəzdində təşkil edilmiş Rusiya-Azərbaycan İşgüzar Şurası çərçivəsində ölkələrimizin biznes dairələri arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini vacib hesab edirik. Ümidvarıq ki, Azərbaycanda da analoji qurum yaradılacaq.

Əmtəə dövriyyəsinin azalması fonunda dövlətlərimizin investisiya sahəsində əməkdaşlığı tamamilə sabit inkişaf edir. Bu gün Rusiyanın 600-ə yaxın şirkəti, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında işləyən iki yüzə yaxın şirkət Azərbaycan bazarında fəaliyyət göstərir. Eyni zamanda, Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır.

Hazırda ölkələrimizin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. Biz bu şirkətlərin qarşılıqlı hesablaşmalarının milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması işini davam etdirəcəyik.

Şübhəsiz ki, ikitərəfli ticari-iqtisadi əlaqələrdə bugünkü mənfi hallar müvəqqəti xarakter daşıyır. Əminik ki, biz tərəfdaşlar kimi sıx birgə fəaliyyət göstərməklə qarşılıqlı ticarəti davamlı artım trayektoriyasına çıxara biləcəyik.

– Hazırda yeni inteqrasiya konfiqurasiyası — Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı yaranmaqdadır. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi hesab edilir. Sizin fikrinizcə, üç ölkənin əməkdaşlığının həyat qabiliyyətli və səmərəli olmasını daha hansı sahələrdəki layihələr təmin edə bilər? Üçtərəfli səviyyədə əlaqələr, məsələn, Xəzər dənizinin bölgüsü, onun energetika və bioloji resurslarından istifadə edilməsi məsələsində mövcud olan bəzi ziddiyyətlərin aradan qaldırılmasına kömək edə bilərmi?

– Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin dəvəti ilə avqustun 8-də biz iqtisadiyyatdan və humanitar əlaqələrdən başlamış, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə qədər ən müxtəlif sahələrdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə etmək üçün ilk dəfə üç dövlət başçısı səviyyəsində Bakıda toplaşacağıq.

Ümumi uzunluğu 7200 kilometr olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi flaqman layihəsi bizim danışıqların fokusunda olacaq. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəlib.

Qeyd edim ki, 2015-ci ilin yekunlarına görə "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin iştirakı ilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi 7,3 milyon ton olub. Bu, 2014-cü ilin müvafiq göstəricisindən 4,1 faiz və ya 0,3 milyon ton çoxdur.

Energetika, nəqliyyat infrastrukturu sahələrində strateji investisiya layihələrinin reallaşdırılması qarşılıqlı fəaliyyətin digər perspektivli istiqamətləridir. Xidmətlər ticarətinin, o cümlədən turizm, səhiyyə, təhsil sahələrində genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

Məlumdur ki, üçtərəfli dialoqun "Xəzər" tərkib hissəsi də olacaq. Məlum olduğu kimi, son illərdə Xəzəryanı ölkələr Xəzərdə əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən onun energetika və bioloji resurslarından istifadə edilməsi ilə bağlı məsələlərin razılaşdırılmasında xeyli irəliləyişə nail olublar. Müvafiq sazişlər imzalanıb, onlar uğurla reallaşır. Xəzər dənizinin hüquqi statusu barədə əsas konvensiya üzərində iş başa çatmaq üzrədir.

– İranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsinə dair qərar qəbul ediləndən sonra Moskva ilə Tehran arasında qarşılıqlı münasibətlərin intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. İran da öz növbəsində regionda daha fəal rol oynamağa çalışır, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında öz statusunu yüksəltməyə cəhd göstərir. Siz Rusiya-İran əməkdaşlığının perspektivlərini necə görürsünüz?

– İran Rusiyanın çoxdankı tərəfdaşıdır. İnanırıq ki, İranın nüvə proqramına dair hərtərəfli sazişdən sonra İran ətrafında gərginliyin azalması ikitərəfli əlaqələrin xeyrinə olacaq.

Biz ilk növbədə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsini davam etdirmək niyyətindəyik. Keçən il noyabrın 23-də Tehrana səfərin və İranın Ali Rəhbəri Əli Xamneyi, həmçinin İran Prezidenti Həsən Ruhani ilə danışıqların gedişində əmin oldum ki, İran rəhbərliyi həqiqətən bu yanaşmaya şərikdir.

Məsələn, birgə səylərlə qarşılıqlı ticarətin həcmini artırmağa müvəffəq olduq. Cari ilin ilk beş ayının yekunlarına görə ticarətin həcmi 70 faiz artaraq təqribən 855 milyon dollar təşkil edib.

Rusiya-İran əməkdaşlığı artıq indinin özündə bir sıra istiqamətlərdə strateji xarakter daşıyır. Bu, ilk növbədə "dinc atom" sahəsində birgə işə aiddir. İranda Rusiya texnologiyaları əsasında birinci "Buşəhr" Atom Elektrik Stansiyası inşa edilib. İranda rusiyalı mütəxəssislər tərəfindən daha səkkiz atom enerji blokunun tikilməsi üzrə planlar razılaşdırılıb.

İranın nüvə proqramı üzrə fəaliyyət planının yerinə yetirilməsində, o cümlədən saflaşdırılmış uranın emalında və istehsal güclərinin profilinin dəyişdirilərək sabit izotopların istehsalına yönəldilməsində bundan sonra da iranlı tərəfdaşlara kömək edəcəyik.

Neft-qaz, aviakosmik və elektroenergetika sahələrində irimiqyaslı birgə layihələr işlənib hazırlanır. Məsələn, Rusiya Fars körfəzi sahilində, Bəndər-Abbas şəhəri yaxınlığında istilik elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsi və İranın şimal-şərqində Qarmsar-İncəburun dəmir yolu sahəsinin elektrikləşdirilməsi üçün İrana 2,2 milyard avro məbləğində iki dövlət krediti vermək niyyətindədir.

Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət zonasının yaradılması Rusiya-İran ticarət və investisiya əlaqələrinə güclü təkan verə bilər. Mümkün sazişin parametrlərini ətraflı öyrənən birgə tədqiqat qrupu artıq işə başlayıb.

Biz regional məsələlərdə də Tehranla qarşılıqlı tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsində maraqlıyıq. Bunu Mərkəzi Asiyadan və Xəzər zonasından tutmuş Yaxın Şərqə qədər geniş ərazidə sabitliyin və təhlükəsizliyin qorunmasının mühüm amili hesab edirik. İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq səylərini bundan sonra da dəstəkləyəcəyik.

– Son vaxtlar dünyada, o cümlədən ölkələrimizin sərhədlərinin bilavasitə yaxınlığında terrorizmin və zorakılığın görünməmiş dərəcədə artması müşahidə olunur. Sizcə, ümumi təhlükəsizliyi təmin etmək və təhdidlərə qarşı mübarizə aparmaq üçün Rusiya, Azərbaycan və İran nə edə bilər?

– Əlbəttə, Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması bizi narahat etməyə bilməz. Bu regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır.

Xüsusi vurğulayıram, bu yaxınlarda dünyanın müxtəlif regionlarında törədilmiş terror aktları bir daha göstərir ki, terrorizmə qarşı yalnız birlikdə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT əlaqələndirici rol oynamaqla mübarizə aparmaq olar. Burada ikili standartlar olmamalıdır, terrorçuları "yaxşılara" və "pislərə" bölmək olmaz. Əlbəttə, terrorçu, radikal və ekstremist qruplaşmalardan siyasi və ya geosiyasi maraqlar üçün istifadə etməyə çalışmaq yolverilməz və son dərəcə təhlükəlidir.

Ölkələrimiz beynəlxalq birlikdə məhz bu prinsipləri fəal surətdə önə çəkir, istər siyasi səviyyədə, istərsə də hüquq mühafizə və xüsusi xidmət orqanları xətti ilə çoxtərəfli əməkdaşlığı maksimum genişləndirməyə və möhkəmləndirməyə çalışır.

Bu gün Rusiya, Azərbaycan və İranın bu sahədə sıx dialoq yaratmasından danışmaq olar. Belə ki, biz Bakı ilə MDB-nin Antiterror Mərkəzi çərçivəsində, habelə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstəririk. Mühüm yanaşmalarda Tehranla da mövqelərimizdə yaxınlaşma var. Şanxay Əməkdaşlıq Təşkilatının xətti ilə çoxtərəfli antiterror əməkdaşlığının dərinləşməsində əlavə imkanlar görürük.

İranlı tərəfdaşlarımızla birlikdə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması kanallarının kəsilməsi üzrə "Təmiz Xəzər" adlı əməliyyat keçiririk. "Xəzər antinarkotik beşliyi" forumunun böyük potensialı var.

Hesab edirəm ki, üçtərəfli formatda da terror və narkotiklər əleyhinə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün çox yaxşı perspektivlər var.

– Son vaxtlar Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini fəallaşdırıb. Hamıya məlumdur ki, aprel ayında gərginliyin eskalasiyasından sonra təmas xəttində atəşkəs məhz Rusiya tərəfinin vasitəçiliyi ilə bərpa olunub. Azərbaycan ilə Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən, tərəflərin faydalı və səmərəli adlandırdıqları görüşün təşəbbüskarı da Rusiya olub. Belə bir fikir var ki, Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiya oynaya bilər. Siz bununla razısınızmı?

– Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin.

Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb.

Xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.

Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq.

Vladimir Putin
© REUTERS / Grigory Dukor

Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.

Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.

Daha bir mövzuya toxunmaq istərdim. Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır. Bu, yanlış təsəvvürdür. Rusiya Prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, — onların sayı iyirmidən çoxdur, — münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır. Qeyd edim ki, Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər.

Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Heydər oğlu Əliyevin və Serj Azatoviç Sarkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Viktoroviç Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Arlem Dezir dəvət ediliblər.

Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik.

1108
Teqlər:
Moskva, Vladimir Putin, Azərtac, Rusiya-Azərbaycan münasibətləri
Əlaqədar
Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanladı
Bakı-Moskva-Tehran əməkdaşlığının perspektivləri
Bakı və Moskva Rusiya ali məktəblərinə qəbulu müzakirə edəcəklər

Prezidentin köməkçisi Cavad Zərifin müavinini qəbul edib

291
(Yenilənib 00:04 25.09.2021)
Hikmət Hacıyev deyib ki, iranlı nazir müavini ilə ölkələr arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiq ediblər.

BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla görüşüb. 

Bu barədə Hacıyev özünün Twitter səhifəsində yazıb. 

"Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi", - Prezidentin köməkçisi bildirib. 

"Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə H.Hacıyev qeyd edib.

Qeyd edək ki, İran Xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri doktor Məhəmməd Kazım Səccadpur araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün sebtyabrın 21-də Bakıya üçgünlük səfər edib.

Sentyabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda “Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri” adlı konfrans keçirilib.

Konfransda Məhəmməd Kazım Səccadpurun və Türkiyədən İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Məhəmməd Kazım Səccadpur konfransdakı çıxışı zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və bildirib ki, nəticədə yaranmış yeni reallıq tək milli deyil, həm də regional məsələdir.

İran nümayəndəsinin sözlərinə görə, ölkəsinin Azərbaycan və Türkiyə ilə ayrılıqda yaxşı ikitərəfli əlaqələri mövcuddur.

M.K.Səccadpur əlavə edib ki, hazırda əsas məqsəd ikitərəfli əlaqələri səmərəli şəkildə üçtərəfliyə çevirməyin yollarını tədqiq etməkdir. İran nümayəndəsi ölkələr arasındakı münasibətlərdə yeni imkanların araşdırılması baxımından beyin mərkəzlərinin rolunu da xüsusi vurğulayıb.

Həmçinin oxuyun:

* İranın xarici işlər nazirinin müavini Bakıya gəlir – Üçgünlük səfər

"Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri" adlı konfrans keçirilib

291
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan regional kommunikasiyaların açılmasını son dərəcə vacib saydığını bəyan edib

970
(Yenilənib 22:16 24.09.2021)
Ermənistanın Baş naziri deyib ki, kommunikasiyaların açılaması sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

"Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar 2021-ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir-birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq", - Paşinyan bildirib.

Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də regional kommunikasiyaların açılması mövzusuna toxunub. O qeyd edib ki, münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.

İlham Əliyevin sözlərinə görə, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır.

"Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Ərdoğan da Qafqazda sülh və əməkdaşlıq tərəfdarıdır

BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Qafqazda davamlı sülh naminə yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıdır. 

"Zəngəzur koridorunun açılıb-açılmaması siyasi bir məsələdir", - deyə Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın koridorun açılmasının əlehyinə olmasına dair suala cavabında bildirib. 

"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar", - deyə Ərdoğan əlavə edib. 

Türkiyə lideri həmçinin Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyin aradan qalxacağına da ümidvar olduğunu bildirib.

Lavrov da "Zəngəzur dəhlizi" barədə razılaşmaların alternativini görmür

Bir müddət əvvəl Ermənistan paytaxtı Yerevanda səfərdə olarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizi barədə sualı cavablandırarkən demişdi ki, razılaşmanın alternativi yoxdur. 

Rusiyalı nazir qeyd edib ki, liderlərin üçtərəfli bəyanatı əsasında hazırlanan kommunikasiyaların blokdan çıxarılması mexanizmi qarşılıqlı səmərəli əsasda yalnız könüllü şəkildə həyata keçirilməni nəzərdə tutur.

"Bu mexanizm heç bir halda iqtisadi əlaqələri tam şəkildə bərpa etməyə imkan verən diplomatik razılıq və qərardan başqa bir şeyi nəzərdə tutmur", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, üç liderin razılaşmasına zidd olan hər hansı bir məsələ, əlbəttə ki, razılaşdırılanlara alternativ olaraq qəbul edilə bilməz.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun:

Prezident: “Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”

* Ərdoğan: Zəngəzur koridorunun açılıb-açılmaması siyasi məsələdir

* Nazir: “Zəngəzur dəhlizi mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq

Lavrov "Zəngəzur dəhlizi" barədə: "Razılaşmaların alternativi yoxdur"

970
Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

0
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

0