Ərəstun Baxşəliyev

REAL-da yeni sima

275
(Yenilənib 08:10 08.06.2016)
Politoloq Ərəstun Baxşəliyev Respublikaçı Alternativ Partiyasının sıralarına qoşulub. O, partiyanın Yasamal Məclisinin sədri seçilib.

BAKI, 6 iyun — Sputnik. Tarixçi-politoloq Ərəstun Baxşəliyev REAL hərəkatının bazası əsasında yaranmış Respublikaçı Alternativ Partiyasına qoşulduğunu bəyan edib. Bu barədə məlumatı Sputnik-ə politoloq özü verib. O, Respublikaçı Alternativ Partiyasının Yasamal Məclisinin sədri seçilib.

REAL-ı seçməsinin səbəbini Sputnik-ə açıqlayan politoloq deyib: "Mən əvvəl geostrateji, daha sonra isə Siyasi Araşdırmalar İnstitutunda çalışmışam. Mütəmadi olaraq da qəzet və saytlarda analitik mövzularda araşdırmalarım yayımlanırdı. Bir tədqiqatçı kimi vəzifəm gündəlik olaraq ölkədə, regionda və dünyada gedən prosesləri izləmək idi. O zaman ölkə daxilində baş verən prosesləri də izləyirdik. REAL-da isə etiraf edirəm ki, araşdırmalarına hörmətlə yanaşdığım insanlar olub".

"Misal üçün Cəsur Sümərənli, Altay Göyüşov, Natiq Cəfərli, Erkin Qədirli və Azər Qasımlı. Cəsur bəyin təşkil etdiyi tədbirlərə də o zamanlar tez-tez qatılırdım. Mənim üçün ölkəmin hər bir analitik təfəkkürlü insanı bu ölkə üçün vacib bir insan olub, yəni düşünən beyin. REAL-ın ideyaları məni özünə daha çox cəlb etdi", — politoloq deyib.

Ərəstun Baxşəliyevin ölkənin ən gənc partiyalarından birinə transfer etməsinin başqa səbəbləri də olub. O, bu haqda Sputnik-in əməkdaşına deyib: "Təəssüf ki, çalışdığım idarə və müəssisələrdə analitik təfəkkürə, real çağırışlara heç zaman önəm verilməyib. Həyatımda elə anlar olub ki, düşüncə mərkəzlərinin fəaliyyəti üçün "bu mərkəzi bağlamayın, həqiqətləri deyin, bunları gizlətməklə və ya kimisə tərifləməklə bizlər nəyəsə nail olmayacağıq" kimi çağırışlar etmişəm".

"Mənim çalışma masam bir qayda olaraq Yaxın Şərq regionunda baş verən proseslər, beynəlxalq enerji təhlükəsizliyi mövzuları ilə bağlı olsa da, daxili mövzularda da araşdırmalar aparmağımı istəyən kəslər olurdu. Yazmaq istədikdə isə "bu mövzulara girməklə öz başını ağrıdarsan" kimi ifadələr işlədərək məni çəkindirməyə çalışırdılar. Bu gün isə azadam və REAL-la bir yerdəyəm. Mən həyat tarixçəmi REAL-çılardan gizlətməmişəm. Elə ilk günlərdən demişəm ki, irəlidə hər hansı problemlər yaşanmasın", — o deyib.

Ərəstun Baxşəliyev AMEA- nın Arxeologiya və Etnoqrafiya İnstitunda baş laborant, Azərbaycan Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində ekspozisiya hissə rəisi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğundа elmi işlər üzrə direktor müаvini, Qafqaz Araşdırmalar İnstitutundа elmi işçi, Аzərbаycаn Prеzidеnti yаnındа Dövlət İdаrəçilik Аkаdеmiyаsının "Geostrateji Araşdırmalar Mərkəzi" və "Siyаsi Аrаşdırmаlаr İnstitutu"ndа еlmi işçi vəzifələrində çаlışıb.

Müasir beynəlxalq münasibətlərin aktual problemləri, enerji təhlükəsizliyi məsələləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, erməni məsələsi, Türkiyə-Azərbaycan münasibətləri, Yaxın Orta Şərq, Avropa-Azərbaycan münasibətləri, Cənubi Qafqazda strateji maraqlar və s. istiqamətlər Ə.Ə.Baxşəliyevin tədqiqat sahələrini əhatə edir. O, 10-a yaxın samballı elmi məqalənin müəllifidir. Bir sıra elmi məqalələri xarici ölkələrdə — Türkiyə, Makedoniya, Rusiya və Ukraynada çap edilib.

275
Teqlər:
Yasamal Məclisi, Respublikaçı Alternativ Partiyası, REAL hərəkatı, Ərəstun Baxşəliyev, politoloq, partiya
Əlaqədar
Partiya sədrinin qardaşı oğlu şəhid oldu - zabitin nəşini nazir özü gətirir
Qazaxıstan parlamentində üç partiya olacaq
Asim Mollazadə yenidən partiya sədri seçildi
Siyasi partiyaların başı üzərində "qara buludlar"
Azərbaycanda müxalifət partiyalarının fəaliyyəti qadağan oluna bilər