BAKI, 19 may — Sputnik. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 3 gün sonra keçiriləcək növbədənkənar qurultayı öncəsi partiya sədri və baş nazirin kim olacağı ətrafında gərgin müzakirələr gedirdi. Artıq bəlli oldu — AKP-nin yeni sədri və Baş nazirliyə namizəd Binəli Yıldırımdır.
Bəs Binəli Yıldırım kimdir? Siyasətə necə və haradan gəlib? Karyerası nədən ibarət olub? Yeni hökumət başçısı Türkiyəyə nə qazandıra bilər?
Kifayət qədər səriştəli və işinin öhdəsindən bacarıqla gələn adam kimi tanınan Binəli Yıldırım 1955-ci ildə Ərzincan vilayətinin Rəfahiyə rayonunda anadan olub. 1977-ci ildə İstanbul Texniki Universitetinin Gəmi inşaatı və Dəniz elmləri fakütəsini bitirərək, 1978-1993-cü illər arasında bu sahədə aidiyyəti dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Və işlədiyi müddətdə İsveçdə Dünya Dənizçilik universitetində dokturantura təhsili alıb.
İlk ciddi işinə 1994-cü ildə başlayan Binəli Yıldırım 2000-ci ilədək İstanbul Böyük Şəhər Bələdiyyəsi Gəmilərin İdarə Edilməsi üzrə dövlət orqanında müdir vəzifəsində çalışıb. O dövrdə qeyri-mümkün görünən İstanbuldakı tıxac problemini məharətlə həll edən Yıldırım, bunun üçün dəniz vasitəsilə sərnişin daşınmasında ciddi layihələrə imza atıb.
Onun rəhbərliyi dövründə İstanbul-Yalova xətti üzrə bir neçə liman açılaraq fəaliyyətə başladı. Üstəlik tam yeni, müasir və sürətli gəmilər gətirilərək istifadəyə verildi. İstanbuldakı tıxac problemini alternativ yollar taparaq həll etdiyinə və xalqı müasir dəniz nəqliyyatı ilə tanış etdiyinə görə Binəli Yıldırıma 1999-cu ildə "Ləyaqət medalı" verilib.
58, 59 və 60-cı hökumətlər dövründə Türkiyənin nəqliyyat naziri vəzifəsində çalışıb. Bundan başqa o, Türkiyə Böyük Millət məclisinin 22-ci dövr AKP İstanbul millət vəkili, 23-cü dövr Ərzincan, 24 və 26-cı dövr İzmirin millət vəkilliyini edib.
5 iyun 2014-cü il tarixdə B. Yıldırım Ərdoğanın müşaviri vəzifəsinə gətirilib. 24 noyabr 2015-ci il tarixdə baş nazir Əhməd Davudoğlunun açıqladığı 64-cü hökumətdə Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri postunu tutub.
Müəllimə işləyən Semiha Yıldırım ilə evli olan Binəli Yıldırım 3 uşaq atasıdır. İngilis və fransız dillərində səlis danışa bilir.
Yıldırımın baş nazir seçilmə şansını Sputnik üçün dəyərləndirən türk politoloq Ömər Dinçər, onu şəxsən tanıdığını və hökumət başçısı olmağa layiq olduğunu deyib: "Yaşadığım şəhər İzmirin, bütövlükdə Türkiyənin daha da inkişaf etməsi üçün onun AKP sədri, baş nazir seçilməsini ürəkdən arzu edirəm. Çünki o, bu vəzifəyə ən layiqli namizəddir".
"Məhz Binəli Yıldırımın nazir olduğu dövrdə magistral yollar, hava yolları, dəniz yolları, kommunikasiya və texnologiya sahəsində ciddi inkişaf yaşandı", — politoloq bildirib.
Dinçər qeyd edib ki, əslində Ərdoğanın prezident seçilməsindən sonra baş nazir Binəli Yıldırım olmalı idi: "Məncə Rəcəb Tayyib Ərdoğanın prezident olmasından sonra, o kreslonu ən çox haqq edən Yıldırım idi. Təəssüflə deyirəm, bu, o dövr olmadı. Ancaq inanıram ki, bu dəfə olacaq".
Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Dünən Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında sənədin əhəmiyyətini şərh edib.
Professor bildirib ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanması bölgədə sabitlik, əmin-amanlıq və inkişaf baxımdan olduqca münbit şərait yaratmış oldu: "Bu gün Xəzəryanı dövlətlər həmin şəraitdən istifadə edərək illər ərzində yaranan problemlərin həlli istiqamətində irəliləyişə nail olurlar. Bu, olduqca mühüm məsələdir, çünki Xəzər faktiki olaraq son illərdə sabitlik, əmin-amanlıq və inkişaf hövzəsi kimi tanınmaqdadır".
Onun sözlərinə görə, "Dostluq" yatağının Azərbaycan və Türkmənistan arasında birgə istismarı ilk növbədə siyasi məna daşıyır: "Çünki iqtisadi baxımdan həmin yataqdan əldə edilən karbohidrogen ehtiyatlar nə Azərbaycanın, nə də Türkmənistanın enerji sektoru üçün o qədər də böyük xüsusi çəkiyə malik deyil. Burada əsas məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkələr arasında problemlərin həll edilməsinin şahidi oluruq. Eyni zamanda, tədricən Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalmaqdadır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq Xəzəryanı dövlətlər Xəzərdən uzaq olan ölkələrin müdaxilələri olmadan öz problemlərini daha rahat şəkildə həll edə bilirlər".
"Xəzəryanı dövlətlər bundan sonra da öz problemlərini Xəzərin ümumi maraqları çərçivəsində həll edərlərsə, bu bölgənin sabitlik, əmin-amanlıq və inkişaf bölgəsi kimi mövqe tutmasının şahidi ola bilərik. Bununla yanaşı, tədricən Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan ilə Türkmənistanın kapital qoyuluşlarını xammal ixracatına deyil, emal sektoruna yerləşdirməsinə ciddi ehtiyac var. Əgər buna nail olunsa, Xəzəryanı dövlətlər dünya ticarəti çərçivəsində xeyli dərəcədə daha ekvivalent mübadiləyə çıxa bilər", - deyə o qeyd edib.
O diqqətə çatıdırıb ki, Qarabağ münaqişəsinin həlli, Xəzəryanı dövlətlər tərəfindən Xəzərin statusu ilə bağlı müəyyən konsensusun əldə olunması bütövlükdə bölgədə yeni geosiyasi və iqtisadi reallıqların formalaşması üçün çox yaxşı şərait yaradır: "Bu kontekstdə bölgədə iqtisadi inteqrasiyanın dərinləşməsi məqsədəuyğundur. Bu, artıq zamanın çağırışı kimi görünür. Yaxın illərdə, aylarda biz bölgədə texnoloji korporasiyanın, regional iqtisadi inteqrasiyanın və əməkdaşlığın dərinləşməsinin şahidi ola bilərik".
BAKI, 23 yanvar — Sputnik. Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir. Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub. Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir. 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.
Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub. Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".