Azərbaycan Tibb Universitetində akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş toplantı

Respublikanın keçmiş rəhbəri Vəli Axundovun yubileyi keçirilib

45
(Yenilənib 10:37 04.05.2016)
Vəli Axundov 1959-1969-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

BAKI, 3 may — Sputnik. “Tibb Universitetinin yetirməsi olan bu görkəmli alim, ictimai-siyasi xadimin Azərbaycanın tarixində, ölkəmizin müstəqilliyinin formalaşmasında böyük rolu olub”.  Bu fikirlər bu gün Azərbaycan Tibb Universitetində akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş toplantıda səslənib. 

Tibb Universitetinin rəhbərliyi, Səhiyyə Nazirliyinin, Azərbaycandakı elm-tədqiqat institutlarının nümayəndələrinin və digər qonaqların iştirak etdikləri tədbirin əvvəlində ATU rektoru, professor Gəray Gəraybəyli giriş nitqi ilə çıxış edib. Rektorun sözlərinə görə, Azərbaycanın səhiyyəsində və elmində dərin  iz qoymuş tarixi şəxslərin yubileyləri daima Tibb Universiteti tərəfindən qeyd olunur. G.Gəraybəyli xatırlatdı ki, ümummilli lider Heydər Əliyevin fərmanına əsasən, Vəli Axundovun 80 illik yubileyi respublikamızda təntənəli şəkildə qeyd olunub. ATU da bu ənənəyə sadiq qalaraq və prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq görkəmli şəxsiyyətin 100 illik yubileyi münasibətilə geniş müzakirə açıb. 

Professor Gəray Gəraybəyli akademik V.Axundovu sovet dövrünün ən istedadlı, hazırlıqlı, mədəni və geniş dünyagörüşünə malik bir şəxsiyyəti kimi qiymətləndirdi: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi V.Axundov Azərbaycanın həyatı üçün taleyüklü qərarlarla çıxış edib. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib”.

Daha sonra ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev mərhum akademikin həyat və peşəkar fəaliyyəti barədə ətraflı təqdimatla çıxış etdi. Akademik Vəli Axundovun həm tibb nümayəndəsi, həm də ictimai xadim kimi şəxsi keyfiyyətləri haqqında danışan natiq vurğuladı ki, o, 1916-cı ildə Bakının saray kəndində ruhani-ziyalı ailəsində anadan olub. 1941-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra cəbhəyə gedib: “Cəbhədə apardığı saysız əməliyyatlar haqqında sonralar bütün ordu qəzetlərində silsilə məqalələr dərc olunurdu. Berlinə qədər rəşadətli döyüş yolu keçən V.Axundov faşizmə qarşı mübarizədə yaralanmış əsgər və zabitləri peşəkarcasına cərrahi əməliyyat edərək həyata qaytarıb”.

Müharibədən sonraki illərdə V.Axundov Azərbaycan Dövlət Tibb İnstitutuna qayıdıb və tibb tarixi kafedrasında assistent vəzifəsində işə başlayıb. Parlaq zəka sahibi olan V.Axundov 1946-cı ildə Respublika tibb işçiləri həmkarlar komitəsinin sədri təyin olunub. Səhiyyə naziri vəzifəsinə kimi yüksələn V.Axundov sonradan düz 10 il ərzində Azərbaycana rəhbərlik edib. Azərbaycan Kommunist Partiyasının baş katibi vəzifəsində işlədiyi dövrlərdə Naxçıvan və Qarabağın peşkəş kimi Ermənistana verilməsinə mane ola bilib. 

Vəli Axundovla bağlı şəxsi xatirələrindən danışan İbadulla Ağayev özünün də karyerasında bu şəxsin təmənnasız yardım göstərdiyini bildirdi. 

Tədbirin davamında ATU-nun qidalanma və kommunal gigiyena  kafedrasının professoru, Maqsud Qasımov görkəmli alimi tibbi uğurlarından bəhs etdi. Bildirdi ki, ötən əsrin 70-ci illərində SSRİ məkanında, Ukraynanın bir neçə vilayətində, həmçinin Orta Asiyada vəba xəstəlikləri epidemiyası başlayıbmış. Həmin dövrdə epidemiyanın Azərbaycanda yayılma ehtimalının sıfıra endirilməsi üçün Bakının baş planına baxılması məhz Vəli Axundova həvalə olunub. 

Daha sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Fərhandə Sadıxova, ATU-nun Uşaq və yeniyetmələr gigiyenası kafedrasının professoru Rüxsarə Əliyeva Vəli Axundovun bütün uğurlu həyatı boyu amalını insanlara xidmətdə görən, çətin dövrdə bütöv bir respublikaya başçılıq edən işıqlı şəxsiyyət olduğunu qeyd etdilər. Neçə illər keçməsinə baxmayaraq V.Axundovun xatirələrdə daim xeyirxah və nəcib əməlləri ilə yaxşı insan kimi xatırlanacağını da vurğuladılar. 

Tədbirin sonunda görkəmli alimin qızı Nigar Axundova atasının xatirəsinin yad edilməsinə görə təşəkkürünü bildirdi: “Bu, çox xoş haldır ki, biz bu silsilə tədbirlərə ilk olaraq Azərbaycan Tibb Universitetindən başlayırıq. Çünki  bu bilik ocağı atamın həyatında ayrılmaz bir yer tutub. Onu da deyim ki, anamla da atam məhz burda tanış olub. Bu baxımdan, Tibb Universiteti bizim üçün doğma bir məkandır”. Nigar Axundova ATU-nun tarixi ilə bağlı maraqlı faktı da açıqladı.  O, Vəli Axundovun nazir olarkən Azərbaycan Tibb İnstitutuna Nəriman Nərimanovun adının verilməsi haqqında yazdığı məktubu təqdim etdi. 

Toplantıda çıxış edənlərin hər biri V.Axundovun qayğıkeş həkim, istedadlı alim, ziyalı və xeyirxah insan kimi xatırladılar. Onun xatirəsi demokratik və həqiqətpərvər şəxsiyyət kimi dərin ehtiramla yad olundu. 

45
Antoniu Quterreş, arxiv şəkli

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

9
(Yenilənib 22:55 23.11.2020)
Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb: “Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcək”.

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” - deyə, o bildirib.

9
Teqlər:
humanitar, BMT, xarici işlər naziri ceyhun bayramov
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “İran ABŞ-ın şərtlərinə əməl etsə, münasibətlər normallaşa bilər”

17
(Yenilənib 14:59 23.11.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz
Mübariz Əhmədoğlu: “Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək”

ABŞ rəhbərliyi ölkəsinin təktərəfli sanksiyalarına şamil olan İran fiziki və hüquqi şəxslərinin siyahısını növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana qarşı siyasətini  nəzərdən keçirərkən 4 il əvvəl Trampın hakimiyyətə gəldiyi dövrü xatırlamaq lazımdır:

“Tramp elə vəziyyət yaradır ki, Bayden hakimiyyətə gəlsə də, yeni administrasiya İranla münasibətləri normallaşdırmağa çətinlik çəksin. Bu iki ölkənin gələcək münasibətlərindən danışarkən İranın iqtisadi cəhətdən geriləməsini kənara qoymaq olmaz. Bayden prezident kürsüsündə oturan kimi İranı təhlil edəcək. O, İranın qarşısına şərt qoyacaq ki, bu ölkə qonşu dövlətlər üçün təhlükə yaratmasın. İran Baydenin şərtlərini qəbul etsə, ABŞ İranla əməkdaşlıq edə bilər”.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Teqlər:
normallaşma, şərtlər, münasibətlər, İran, ABŞ

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0