İlham Əliyev və Mehriban Əliyeva

İlham Əliyevdən konkret bəyanat: Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq

1434
(Yenilənib 00:10 02.05.2016)
Prezident: Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir və döyüş mövqelərimiz daha da möhkəmləndirilib.

BAKI, 1 may-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar.

Sputnik-in məlumatına görə, dövləti başçısı əvvəlcə Tərtər rayonundakı "N" saylı hərbi hissəyə gəlib. Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandana məlumat verib. Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşüb.

Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.

 Bu ilin əvvəlində də Ermənistana beynəlxalq təzyiqlərin artması ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş hiss olunduğu bir vaxtda işğalçı dövlətin aprelin ilk günlərindən yenidən atəşkəsi pozduğunu və ordumuz tərəfindən layiqli cavab aldığını deyən dövlətimizin başçısı aprelin 5-də Azərbaycan tərəfinin sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verməsinə baxmayaraq, aprelin 27-dən 28-nə keçən gecə yenidən təmas xəttinə yaxın yaşayış məntəqələrimizin atəşə tutulduğunu söyləyib. 

Prezident qeyd edib ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini deyən İlham Əliyev dövlətimizin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu, Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır və qadir olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycan hərbçilərini bir daha təbrik edib və yeni-yeni uğurlar arzulayıb.

Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

Dövlət başçısına məlumat verilib ki, ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

Sonra dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəliblər.

 Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olublar. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident bildirib ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərdi, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövlət başçısı qeyd edib ki, bu kənddə də düşmən güllələrinin və mərmilərin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

Sakinlər İ.Əliyev və M.Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayırlar.

Prezident və xanımı Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində də olublar. Onlar Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar.

Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan Ordusunun layiqli cavab verdiyini deyən Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.

1434
Teqlər:
Bərdə, Zakir Həsənov, Mehriban Əliyeva, Tərtər, Ağdam, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Prezident İlham Əliyev, Ermənistan, İlham Əliyev, Azərbaycan, prezident, Qarabağ
Əlaqədar
İlham Əliyev: Biz danışıqlar xatirinə danışıqlarda iştirak etmək niyyətində deyilik
Türkiyədən İlham Əliyevə müraciət: Sizin komandanlığınız altında döyüşmək istəyirik
İlham Əliyev Vaşinqtonda Qarabağ ətrafında baş verənləri müzakirə edib
Dmitri Roqozin İlham Əliyevlə görüşüb
Donald Tramp, arxiv şəkli

Tramp səssiz-sədasız getməyəcək: ABŞ İrana zərbə vurmağa hazırlaşırmı

9
(Yenilənib 19:57 30.11.2020)
Amerikanın İrana qarşı planlarına dair təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, İsrail etiraf edib ki, mümkün qarşıdurmaya hazırlıqlı olmaq tapşırığı alıb.

BAKI, 30 noyabr — Sputnik, Qaliyə İbrahimova. Donald Tramp ABŞ seçicilər kollegiyasının Co Baydenin qələbəsini qəbul edəcəyi təqdirdə hakimiyyəti ona ötürəcəyini bildirib. Ancaq mediada gedən xəbərlərə əsasən, o, iqtidarı əldən verməzdən əvvəl İranla müharibə etməyə hazırdır. Yeni qalmaqalın səbəbi iki ölkə arasındaki nüvə razılaşmasının pozulmasından sonra İranda yenidən inkişaf etdirilməyə başlanan nüvə proqramıdır. Üstəlik, amerikalılar Tel-Əvivi də Tehrana təzyiq göstərməyə cəlb etmək niyyətindədirlər. RİA Novosti bunun Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcəyini araşdırıb.

Trampın qəzəbi

"Donald Tramp İrana zərbə vurmağı əmr edə bilər, bu səbəbdən də İsrail Müdafiə Ordusu ayıq-sayıq olmalıdır. İsrail hakimiyyəti üçün Co Baydenin andiçmə mərasimindən əvvəlki dövrdəki çətinlikləri başa düşmək çox vacibdir. Səlahiyyətləri başa çatmaq üzrə olan ABŞ lideri dəfələrlə Natanzdakı uran zənginləşdirmə zavodunun necə məhv ediləcəyi məsələsini gündəmə gətirmişdi", - deyə İsrail mənbələrinə istinadən Axios onlayn xəbər saytı yazır.

Saytın istinad etdiyi mənbənin fikrincə, Tramp BAEA (Beynəlxalq Atom Enerjisi Agentliyi) İranın nüvə proqramının inkişafı ilə bağlı növbəti hesabatını yayımladıqdan sonra Tehrana qabaqlayıcı zərbə endirmək qərarına gəlib.

Hesabatda bildirilir ki, İran İslam Respublikası Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərini yerinə yetirməkdən imtina etdikdən sonra ölkədə yüksək dərəcədə zənginləşdirilmiş (silah səviyyəsində) uran ehtiyatları artırılıb.

"Bunu öyrənən Donald Tramp bərk qəzəblənib, ancaq Mayk Pens və Mayk Pompeo onu dilə tutaraq sakitləşdiriblər", - deyə The New York Times qəzeti Amerikanın dövlət məmurlarına istinadən xəbər verir.

Amerikanın İrana qarşı planlarına dair təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, İsrail etiraf edib ki, mümkün qarşıdurmaya hazırlıqlı olmaq tapşırığı alıb.

"Cavab zərbəsi birbaşa İrana deyil, bu ölkənin Suriyadakı, Qəzzədəki və ya Livandakı qoşunlarına da endirilə bilər", - deyə mənbə Axios-a bildirib.

Siyasətçilərin mümkün müharibə barədə məlumatların etibarlılığını müzakirə etdikləri vaxt İranda fizik Möhsün Fəxrizadə öldürüldü. Qərb kəşfiyyat xidmətləri onu "İran bombasının atası" adlandırırdı. Belə hesab olunurdu ki, İranın nüvə proqramına məhz o rəhbərlik edir. Tehran dərhal qətldə İsraili günahlandırdı və intiqam alacağını bildirdi. Benyamin Netanyahu isə İranın iddialarını rədd etdi.

Müharibə öncəsi vəziyyət

Əvvəl baş verən hadisələr olmasaydı, İrana hücum təhlükəsi barədə məlumat sızması diqqətdən kənarda qalacaqdı. Məsələ burasındadır ki, bu yaxınlarda Amerika Birləşmiş Ştatları B-52H Stratofortress strateji bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) döyüş təyyarələrinin bölgəyə "təcavüzün qarşısını almaq və ABŞ müttəfiqlərini dəstəkləmək üçün" gəldiklərini bildirir.

ABŞ bu barədə məlumat verməsə də, qırıcıların keçən qış olduğu kimi bu dəfə də Hind okeanındakı ingilis adası Dieqo Qarsiyadakı bir hava bazasında olduğu ehtimal edilir.

Həmin vaxt İranla mümkün müharibə təhlükəsinə qarşı hərbi bazaya altı bombardmançı təyyarə yerləşdirilmişdi. Silahlı qarşıdurmanın səbəbi isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsi idi. Tehran qisas alacağına söz vermişdi.

Bölgədəki Amerika hədəflərinə ilboyu hücumlar edilsə də, birbaşa toqquşma baş vermədi. Üstəlik, amerikalılar hərbi qüvvələrini geri çəkməyə başladılar. Bu isə İranla həmsərhəd ölkələrdə narahatlığa səbəb oldu. Onlar ərazidəki ABŞ kontingentinin təhdidlərə qarşı bir növ bufer rolunu oynadığını və ən əsası, Tehranın əl-qolunu bağladığını bildirdilər.

Danışıqlar – gizli və aşkar

İranın Yaxın Şərqdə artan nüfuzu hamıdan çox İsraili narahat edir. ABŞ-la İran arasında keçən qış baş verən hadisədən sonra Tel-Əviv həyəcan təbili çalmağa başladı. İsrailin Baş naziri Benyamin Netanyahu iddia etdi ki, Tehran yalnız amerikalılardan deyil, yəhudilərdən də intiqam almağa hazırlaşır. Və xəbərdarlıq etdi: gözləmədən vəziyyətə uyğun addım atacaq.

Fars körfəzinin monarxiya dövlətləri İranın Yaxın Şərqə təsirinin qarşısını almağa çalışırlar. Səddam Hüseyn rejiminin İraqdakı süqutundan sonra İslam Respublikası regional lider rolunu öz üzərinə götürməyə cəhd edir ki, ərəblər də bundan narahatdırlar. Çünki ayətullahların şiə rejimi sünni ənənələri üçün qəbuledilməzdir. Odur ki, həmin dövlətlər İranın regionda nüfuzunun artmasının qarşısını almaq məqsədi ilə 2000-ci illərin ortalarında etibarən İsrail ilə qeyri-rəsmi danışıqlara başladılar.

Çözülməmiş Fələstin məsələsi onların açıq birləşməsinə mane olsa da, tərəflər Tehrana qarşı birgə addım atmağı qəbul etdilər.

Müşahidəçilərin fikrincə, bu əməkdaşlıq, məsələn, İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanlarını İsrail aviasiyasına açmağa hazır olmalarından xəbər verirdi.

Donald Trampın prezidentliyi və İrana qarşı tutduğu mövqe ərəb-İsrail əlaqələrini gücləndirdi. 45-ci ABŞ prezidenti iqtidara gələrkən bəyan etmişdi ki, "əsrin müqaviləsi"nin köməyi ilə Yaxın Şərqin bütün problemlərini həll edəcək. Bu sənəd Fələstin məsələsinin "iki xalq üçün iki dövlət" prinsipi ilə həllini nəzərdə tuturdu - İsrail ilə yanaşı, Fələstin də dünya xəritəsində görünəcəkdi. Lakin bu təşəbbüsə ərəb dünyasından dəstək gəlmədi. Bununla belə, ərəb ölkələri həmin sənədin "Yaxın Şərqin yenidən qurulmasına" kömək etdiyini bildirdilər. Sentyabr ayında İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn amerikalıların vasitəçiliyi ilə rəsmi diplomatik əlaqələr qurdular. Eyni zamanda, bu dövlətlərdən heç biri qarşılıqlı münasibətlərin taktiki anti-İran xarakteri daşıdığını də gizlətmədi.

Yalnız özünü ərəb dünyasının lideri sayan Səudiyyə Ərəbistanı bəyan etdi ki, Fələstin problemi həll olunmamış Tel-Əvivlə hər hansı münasibətdən söhbət gedə bilməz. Ancaq çox keçmədən bu stereotip də dağıldı. Bu yaxınlarda Netanyahunun gizli şəkildə Səudiyyə Ərəbistanının Neom şəhərini ziyarət etdiyi və vəliəhd Məhəmməd bin Salmanla danışıqlar apardığı məlum oldu. Xəbər sensasiya yaratsa da, görüşün detalları ilə bağlı məlumat əldə etmək mümkün olmadı. Bununla belə, ərəb və yəhudi liderlərinin görüşündə əsas mövzunun İranın Yaxın Şərqə təsirinin artması olduğu ilə bağlı mülahizələr irəli sürüldü. Ər-Riyad əvvəlcə baş tutmuş dialoqu inkar etdi. Ancaq Tel-Əvivin məsələni şərh etməkdən imtina etməsi əksər ölkələr üçün sübut rolunu oynadı - görüş baş tutmuşdu. Danışıqların məhz ABŞ dövlət katibinin Yaxın Şərqə səfərindən sonra baş tutmasına da diqqət çəkildi. Mayk Pompeo bir daha bölgədəki dövlətləri barışdırmağa çalışaraq İran təhdidinin ciddiliyindən dəm vurdu.

"Özündən sonra alyans qoyub getmək"

"İsrail İranla birbaşa hərbi toqquşmaya girmək fikrində deyil, ancaq gizli bir qarşıdurma bütün cəbhələrdə baş verir. İslam Respublikası Suriyadakı İsrail sərhədinin perimetri boyunca hərbi varlığını gücləndirir. Daha bir qonşu ölkə, Livan isə əslində, İranın vassalıdır. Tehran Qəzzə zolağına ciddi təsir göstərir, Həması maliyyələşdirir. Əslində İran İsrailin bütün sərhədlərində mövcuddur", - deyə Knessetin keçmiş deputatı, İsrailin Herzliya Disiplinlərarası İnstitutunun eksperti Kseniya Svetlova qeyd edir. O, Netanyahunun Səudiyyə Ərəbistanına gizli səfərini ABŞ-da gözlənilən hakimiyyət dəyişikliyi kontekstində dəyərləndirir.

"ABŞ-da hakimiyyətə gələn yeni qüvvələr Yaxın Şərqlə münasibətləri korreksiya edir. Netanyahu ilə ibn Salman arasında Baydenin hakimiyyəti dövründə İrana münasibətdə əlaqələndirmənin necə davam etdiriləcəyinin müzakirə olunduğu istisna deyil. Hərçənd, demokrat-prezidentin bu cür təmaslara qarşı olacağını düşünmürəm. Barak Obamanın dövründən bəri amerikalılar bölgədən çəkilmə kursu götürüblər. Ancaq orada özlərindən sonra İran təhdidinə qarşı ən azı bir ərəb-İsrail ittifaqını qoyub getmək ABŞ-ın maraqlarına cavab verir", - deyə Svetlova bildirib.

Trampın səhvini etiraf etmək

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) analitiki Adlan Marqoyev İranın Ərəb-İsrail qarşılıqlı əlaqəsindən xəbərdar olduğuna əmindir. Ekspertin fikrincə, Tehranda ərəb ölkələri ilə "sionist rejim" arasında əlaqələrin qurulması "Fələstinə xəyanət" kimi qəbul edilir. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin İsrail ilə təmaslarını tənqid edən İran hakimiyyəti, bununla belə, qarşıdurmanı kəskinləşdirməkdə maraqlı deyil.

Marqoyevin fikrincə, Tehran ABŞ-da hakimiyyət dəyişikliyindən sonra İran əleyhinə çıxışların azalmasına ümid edir. "İran hakimiyyəti Baydeni Trampın səhvlərini etiraf etməyə və Birgə Hərtərəfli Fəaliyyət Planını dirçəltməyə çağırır. Demokratlar artıq bunu mütəxəssislər səviyyəsində müzakirə edirlər, amma praktikada bu iş bir o qədər də sadə deyil. Hərəkət istiqamətini müəyyənləşdirmək belə çox çətindir. Məsələn, İran sanksiyaların ləğv edilməsini tələb edir. Ancaq onda Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınının şərtlərinə əməl edəcəyi təsdiqlənməlidir. Tehranın fikrincə, nüvə sazişi ona görə tam şəkildə həyata keçirilmədi ki, amerikalılar birinci bu razılaşmadan imtina etdilər. Bəs mexanizmin paralel işləməsi üçün Birgə Hərtərəfli Fəaliyyət Planına necə qayıtmaq olar? Bu sualın cavabı hələlik məlum deyil", - Marqoyev qeyd edir.

Trampın İran əleyhinə qərarlarını ləğv etməyin Bayden üçün asan olmayacağını deyən ekspert, bununla belə, vəziyyətin münaqişə səviyyəsinə qədər yüksəlmənin qarşısının alınacağına da əmindir.

9
Teqlər:
Donald Tramp, müharibə, Səudiyyə Ərəbistanı, Fələstin, İsrail, İran, ABŞ
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Paşinyanla görüşməkdən imtina etdi

95
(Yenilənib 18:09 30.11.2020)
Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşə dair razılığın əldə olunmaması olub.

BAKI, 30 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri təxirə salınıb. Bu barədə Spuntik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşünə dair razılığın əldə olunmaması olub.

"Ermənistanın Paşinyan – Putin görüşünü təşkil etmək cəhdləri iflasa uğrayıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb", - deyə məlumatda bildirilir.

 

95
Teqlər:
imtina, görüş, Nikol Paşinyan, Vladimir Putin, Ermənistan, Rusiya
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

46
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

46
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi