Azərbaycan XİN

Azərbaycan XİN əcnəbi jurnalistlərə xəbərdarlıq etdi

24
"Xarici medianın qoşunların təmas xəttində yaranmış gərginliyə marağını və peşəkar fəaliyyətini həyata keçirmək zərurətini anlayaraq, bir sıra qaydalara əməl edilməli olduğunu bildiririk"

BAKI, 12 apr — Sputnik. "Rəsmi Yerevan 2 aprel tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatçı və təhrikçi əməlləri ilə cəbhədə yaranan gərginlik, təmas xətti boyunca sıx yaşayan Azərbaycan əhalisinin artilleriya və digər ağır silahlardan atəşə tutulması və nəticədə mülki insanlar arasında ölüm və yaralanma hallarına görə daşıdığı siyasi-hüquqi məsuliyyətdən diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə xarici media nümayəndələrinin səfərlərini təşkil etməyə cəhd edir".

Sputnik xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. Nazirlik, xarici medianın qoşunların təmas xəttində yaranmış gərginliyə marağını və peşəkar fəaliyyətini həyata keçirmək zərurətini anlayaraq, aşağıdakı qaydalara əməl edilməli olduğunu bildirir:

— Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində jurnalist fəaliyyətini həyata keçirmək niyyətində olan xarici media nümayəndələri əvvəlcədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Müraciətlər XİN-in internet saytı vasitəsilə elektron akkreditasiya formasında göndərilə bilər.

— Obyektivliyi və tarazlığı təmin etmək, birtərəfli yanaşmaya yol verməmək və beynəlxalq ictimaiyyəti düzgün məlumatlandırmaq üçün Ermənistan silahlı qüvvələrinin əməlləri nəticəsində qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinə və obyektlərə dəymiş zərər də işıqlandırılmalıdır.

— Xarici mediaya Ermənistan tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiya, yalan və təxribat xarakterli məlumatlarına, tərtib etdiyi qurama səhnələrə və yaydığı materialların səhihliyinə diqqətlə yanaşmağı tövsiyə edirik.

24
Teqlər:
jurnalist, XİN, Azərbaycan, Ermənistan, İrəvan, Rəsmi Yerevan
Əlaqədar
İsrail jurnalistlərinin Azərbaycana səfərinin nəticələri
Tanınmış jurnalistin məhkəməsinin vaxtı açıqlandı
Bu il dünyada öldürülən jurnalistlərin statistikası açıqlandı
Əfv siyahısına həbsdəki bütün jurnalistlərin adları daxil edilib
Jurnalistləri öyrədirlər ki, onları tərifləsinlər
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

11
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

11

XİN: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır

48
(Yenilənib 18:06 19.06.2021)
Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda panel müzakirələri təşkil edilib.

BAKI, 19 iyun - Sputnik. "Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda təşkil edilmiş panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Buna misal kimi Bayramov ötən qış Rusiya qazının Azərbaycan ərazisindən keçməklə Ermənistana ötürülməsinə icazə verilməsini göstərib.

Ceyhun Bayramovun Antalya görüşləri - Rumıniya XİN başçısı ilə

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

C.Bayramov Azərbaycan və Rumıniya arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli iqtisadi, humanitar, təhsil və s. istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazir, həmçinin həmkarına münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycan tərəfindən bu xüsusda atılan addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında geniş məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı qeyd olunub.

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku öz növbəsində Azərbaycan ilə münasibətlərin strateji tərəfdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Post-münaqişə dövüründə regionada baş verən proseslərə toxunan nazir Boqdan Auresku, demarkasiya və mina məsələləri üzrə danışıqların aparılmasının vacibliyini dilə gətirib. Nazir, həmçinin mina partlaması nəticəsində həyatını itirən jurnalistlərə görə dərin təəssüf hissi keçirdiyini ifadə edib.

Daha sonra B.Auresku ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və bu xüsusda , Azərbaycan-Rumıniya Birgə Komissiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Nazir Auresku bu il Azərbaycan ilə Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirərək, bununla əlaqədar həmkarını ölkəsinə səfər etməyə dəvət edib.

İraq XİN başçısı ilə görüş

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Ceyhun Bayramov iraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verib. Nazir azad edilmiş ərazilərdəki vəziyyət, həyata keçirilən yenidən qurma işlərindən danışıb.

Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Fuad Hüseyn məlumata görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.

Tərəflər həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüş

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Antalya Diplomatiya forum iyunun 18-dən 20-dək davam edəcək.

48