December 17, 2015. Russian President Vladimir Putin at the 11th annual news conference at the World Trade Center on Krasnaya Presnya

“Putin növbəti dəfə dünyanı təəccübləndirməyi bacardı”

387
Əlimusa İbrahimov: Rusiya “ziyanın yarısından qayıtmaq xeyirdir” məsəlini əldə rəhbər tutaraq Suriyadan qoşunlarını geri çəkməyi qərara aldı.

BAKI, 16 mart – Sputnik. “Adekvat hərəkətlə Rus qoşunlarının Suriyadan çıxarılması əmrini verən Vladimir Putin növbəti dəfə dünya ictimaiyyətini təəccübləndirməyi bacardı”. Bunu Sputnik-ə açıqlamasında BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib. Rusiya dövlətinin ani qərarla öz qoşunlarını Suriyadan geri çəkməsini şərh edən politoloq, rəsmi Kremlin “ziyanın yarısından qayıtmaq xeyirdir” məsəlini əldə rəhbər tutaraq Suriyadan qoşunlarını geri çəkməyə qərar verdiyini söyləyib:

“Vladimir Putin Rus qoşunlarının Suriyadan çıxarılması haqqında göstəriş verdi. Bu, Putinin eynilə Suriyaya qoşun yeritməsi kimi gözlənilməz və sürpirizlə dolu bir qərarına bənzər qərar idi. Rusiyanın rəhbəri növbəti dəfə dünya ictimaiyyətini və aparıcı dövlətləri qeyri-adekvat hərəkəti ilə təəccübləndirə bildi. Əslində rus qoşunlarının Suriyadan çıxarılacağını proqnozlaşdıranlar yetərincə idi. Gözlənilən bu idi ki, Rusiya “ikinci Əfqanıstan”ı yaşadıqdan sonra Suriyadan çıxacaq və Yaxın Şərq arzusuna uzun müddətli əlvida deyəcək. Yaxud, Suriya SSRİ-nin Əfqanıstandakı taleyini Rusiyaya yaşadacaq. Amma hadisələrin inkişaf istiqaməti gözlənilmədən dəyişdi. Rusiya “ziyanın yarısından qayıtmaq xeyirdir” məsəlini əldə rəhbər tutaraq Suriyadan qoşunlarını geri çəkməyi qərara aldı. Amma bu, Rusiyanın Suriyadan tamamilə çıxdığı anlamına gəlməz. Qoşunların bir hissəsi qalmaqda davam edəcək. Rusiya Bəşər Əsədə hərbi yardımını davam etdirəcək”. 

Professor İbrahimov, geri çəkilmə qərarının arxasında ikinci bir sürpriz yaşandığını deyib:

“Bu hadisə çərçivəsində ikinci sürpriz, Putinin qoşunların çıxarılma motivlərini açıqlaması oldu. Verilən bilgilərə görə, Rusiya qoşunları Suriyada qarşılarına qoyduğu vəzifələri artıq yerinə yetirib və Suriyada vəziyyət normallaşmağa doğru gedir. Amma bəzi suallar hələ də açıq qalır: Rusiyanın Suriyaya qoşun yeritməkdə məqsədi nə idi? Suriyada vəziyyətin normallaşdırılmasını sübut edən kriteriyalar hansılardır?” və s.

Politoloq Rusiyanın Suriyaya qoşun yeritməsi ilə bağlı mülahizələrini belə sıralayıb: 

1. Suriyaya rus qoşunları bu ölkənin qanuni prezidenti Bəşər Əsədin  “dəvəti ilə” yeridilmişdi. Yəni üç yüz mindən artıq əhalisini qırdıqdan və milyonlarla vətəndaşlarını didərgin saldıqdan sonra hələ də legitim hesab olunan Bəşər Əsəd rus qoşunlarını dəvət edir, amma onların çıxarılması haqqında qərarı Rusiyanın dövlət başçısı özü qəbul edir. Suriya prezidentinə sadəcə xəbərdarlıq edilir ki, “biz gedirik, amma narahat olmayın, siz və yaxın ətrafınız bizim nəzarətimiz altında olacaqsınız”. 

2. Rusiyanın Suriyaya girməkdə məqsədlərindən biri də İraq hadisələrindən sonra Yaxın Şərqdə itirilmiş nüfuzunun bərpa edilməsi, əvvəlki inamın özünə qaytarılması idi. Amma bu istiqamətdə hər hansı nailiyyətin əldə olunmasından danışmaq olmur. İŞİD-lə mübarizə bayrağı altında döyüşə başlayan ruslar tamamilə başqa dəstələri hədəf almaqda günahlandırıldı və qınaq obyektinə çevrildi. Ən başlıcası, ruslar müttəfiq qazanmaq ümidi ilə Suriyaya girdikləri halda Yaxın Şərqdə ən güclü müttəfiqlərini-Türkiyəni itirdilər.

3. Rusiya bu hərəkəti ilə dünya ictimaiyyətinin diqqətini Ukrayna, Krımda baş verən hadisələrdən yayındırmaq məqsədi güdürdü. Suriya hadisələrinin nəticəsi olaraq, Krımın ona qurban verildiyini indi heç kim iddia edə bilməz. Rusiyanın Suriyada peyda olması dünya ictimaiyyətində belə rəy yaratdı ki, o, işğal etdiyi ölkələrin coğrafiyasını genişləndirib. Bu, dünyada rusofobiyanın genişlənməsinə səbəb oldu. 

4. Rusiya Suriyadan istifadə edərək ölkə daxilində iqtisadi problemləri həll etmək məqsədi də güdürdü. Amma Suriya hadisələri neftin qiymətinin daha da düşməsi, Rusiyaya qarşı sanksiyaların daha da artırılması ilə nəticələndi. Ölkədə iqtisadi vəziyyət 2015-ci ilin sentryabrından sonra daha da pisləşdi.

Əlimusa İbrahimov, Putinin Suriya siyasətinin pərdəarxasını açmağın çətin olduğunu bildirib: 

“Rusiyanı bu addımları atmağa məcbur edən səbəblər haqqında uzun-uzadı danışmaq olar və artıq siyasətçilər bu istiqamətdə xeyli debatlar aparıblar. Amma Vladimir Putinin əsil məqsədini aça bilən proqnozlar vermək çox çətindir: Rusiya bununla nə etmək istəyir? Onun hazırladığı yeni sürpriz nədən ibarətdir?

Bütün bunlar haqqında fikir yürütmək üçün növbəti hadisələri gözləmək lazımdır”.

387