İlham Əliyev Dmitri Roqozinin başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul edib

Dmitri Roqozin: Sektoral sanksiyalar zamanı Azərbaycan Rusiyanı fəal şəkildə dəstəklədi

13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKI, 3 mart-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik prezident-az-a istinadla xəbər verir ki, İlham Əliyev Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Əlaqələrin möhkəmləndirilməsində Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin səmərəli olduğunu qeyd edən dövlət başçısı, ötən dövr ərzində komissiya tərəfindən bir sıra məsələlərin icra olunduğunu vurğulayıb. O, bildirib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. Bu isə əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymətdir.

Rusiya baş nazirinin müavini Dmitri Roqozin
© Sputnik / Valeriy Melnikov
Azərbaycanla Rusiya arasında fəal siyasi münasibətlərin olduğunu deyən Prezident İlham Əliyev dövlət başçılarının mütəmadi əlaqələrinin mövcud olduğunu vurğulayaraq, həm şəxsi təmaslar, həm də telefon danışıqları zamanı Rusiya Federasiyasının Prezidenti ilə çoxlu vacib məsələləri müzakirə etdiklərini və gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edildiyini bildirib.

Ölkələrimiz arasında ticarət dövriyyəsinə toxunan İ.Əliyev Azərbaycan məhsullarının Rusiyaya ixracının həcminin artırılması ilə bağlı fəal iş aparıldığını deyib. Onun sözlərinə görə, ölkəmiz Rusiya ixracının Azərbaycan idxalında ənənəvi olaraq mühüm yerlərdən birini, hətta birinci yeri tutmasında maraqlıdır.

İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar sahələrdə mövcud olan ikitərəfli münasibətlərə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini deyib. Regional miqyasda müvafiq strukturlar çərçivəsində əməkdaşlıq formatının yaradıldığını, regional forumların keçirildiyini, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib. O, bu işə hər iki ölkənin siyasi rəhbərliyinin təkan verdiyini, ölkələrin müvafiq qurumlarının vahid istiqamətdə fəaliyyət göstərdiklərini vurğulayıb.

Dmitri Roqozinsə öz növbəsində deyib: "Cənab Prezident, xüsusi qeyd etmək istərdim ki, son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Hökumətlərarası Birgə Komissiyamız əməkdaşlığı daha da genişləndirməyə nail olub. Biz bu gün görürük ki, iki dövlət başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir".

Dmitri Roqozin hazırda beynəlxalq aləmdə, Yaxın Şərq regionunda meydana gələn təhdid və təhlükələrin, o cümlədən terror təhlükəsinin və digər məsələlərin regional səviyyədə müzakirə edilən mühüm məsələlərdən olduğunu deyib.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu vurğulayan Roqozin Hökumətlərarası Birgə Komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələrinin, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyib. O, Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiya Federasiyasını fəal şəkildə dəstəklədiyini xatırladaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artığını məmnunluqla qeyd edib.

Rusiya baş nazirinin müavini, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada çox yaxşı tanındığını, ölkəmizin məhsullarının yerləşdirilməsi üçün xüsusi anbarların yaradıldığını diqqətə çatdırıb.

13
Teqlər:
Azərbaycan, Rusiya, prezident, İlham Əliyev, Dmitri Roqozin, Rusiya Baş nazirinin birinci müavini Dmitri Roqozin
Əlaqədar
Dmitri Roqozin İlham Əliyevlə görüşüb
Rusiyanın 3-cü adamı Bakıya ani səfər edib
Bakıda məxfi Azərbaycan-Rusiya danışıqları