Tbilisi şəhərinin görüntüsü

Yarım milyon azərbaycanlının taleyi sual altında

4122
(Yenilənib 16:23 17.02.2016)
Gürcüstanın Azərbaycan qazına alternativ variantlar axtarması, İranla qaz sövdələşmələrinə başlaması, həmçinin iki ölkə arasında viza rejiminin aradan qaldırılması Bakı-Tbilisi münasibətlərinin gələcəyi və orada yaşayan 600 mindən çox soydaşımızın aqibəti barədə ciddi suallar meydana çıxarır

BAKI, 17 fev — Sputnik. Gürcüstanın İranla viza rejimini aradan qaldırması, Tehranı investisiya qoymağa dəvət etməsi və təbii qazla bağlı danışıqlara başlaması Azərbaycanda xeyli suallar doğurub. Çünki Gürcüstan rəsmilərinin Azərbaycanda Gürcüstanı təmin edəcək qədər qazın olmadığını bəhanə edərək (halbuku, prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanda nəinki Gürcüstanı, bütün Avropanı təmin edəcək qədər qaz var), İranda qaz axtarışlarına çıxması birmənalı qarşılanmır.

Eyni zamanda, Azərbaycanda belə bir rəy var ki, Gürcüstan rəhbərliyinin yeritdiyi hazırkı siyasət orada yaşayan azərbaycanlıların siyasi və sosial vəziyyətini yenidən ağışlaşdıracaq. Sputnik-in əməkdaşı bu məsələlərə aydınlıq gətirmək üçün Gürcüstanın həm müxalifətdən, həm də iqtidardan olan azərbaycanlı siyasətçiləri ilə danışıb.

Sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov rəsmi Tbilisinin son addımlarını belə şərh edib: "Gürcüstanın siyasi hakimiyyəti gördü ki, vizanın olması turist axınına mane olur. Çünki Gürcüstana ən çox turist İrandan gəlir. Həm də ABŞ və Avropa dövlətləri İrana qarşı sanksiyaları aradan qaldırdı və Gürcüstan bu ölkə ilə münasibətlər qurmağa başladı. Son 3-4 gündə Gürcüstana İrandan güclü turist axını olub. Gürcüstandakı hazırkı çətin sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq, ölkəyə gəlir gətirən insanların cəlb olunması üçün qərara gəliblər ki, vizanı yığışdırsınlar".

"Bilmirlər ki, Azərbaycanla aranı necə pozsunlar"

Qaz məsələsinə gəlincə, A.Süleymanov düşünür ki, bu, hazırkı Gürcüstan hakimiyyətinin Azərbaycana qarşı apardığı siyasəti ifadə edir: "Bu gün Gürcüstanda ermənipərəst məmurlar var. Onlar daha çox ermənilərə və Ermənistana yaxındırlar, nəinki Azərbaycana və Gürcüstana. Bildiyiniz kimi, "Qazprom"un şəriklərindən biri — Bidzina İvanişvili bu gün Gürcüstanın qeyri-rəsmi rəhbəridir. Bu günlərdə Gürcüstanın baş nazirinin müavini, energetika naziri İranda idi, qazla bağlı danışıqlar aparırdılar. Onlar gah İranla, gah da Rusiya ilə qaz məsələsində danışıqlar aparırlar. Başlarını itiriblər, bilmirlər ki, Azərbaycanla aranı necə pozsunlar".

Депутат от партии Единое национальное движение Азер Сулейманов
Депутат от партии Единое национальное движение Азер Сулейманов

Onun sözlərinə görə, hələ də Gürcüstan ictimaiyyətinin gedən proseslərdən xəbəri yoxdur: "Danışıqlar hamısı gizli aparılır. Cənab prezident İlham Əliyev Gürcüstanda səfərdə olanda açıq şəkildə dedi ki, Azərbaycanın qazı 100 il ərzində nəinki Gürcüstana, bütün Avropaya bəs edər. Amma Gürcüstanın baş naziri çıxış edib deyir ki, "Azərbaycandan lazımi qədər qaz ala bilmirik". İndi iki tərəfin hərəsinin başqa-başqa fikirləri var".

Deputatın dediyinə görə, bu məsələlərin doğrusunu 3-4 nəfərdən başqa, nə Azərbaycanda, nə də Gürcüstanda heç kəs bilmir: "Təəssüflər olsun ki, bu, hazırda Gürcüstanın apardığı siyasətin mahiyyətini ifadə edir".

"Gürcüstanda o qədər qaz yoxdur, bu, uydurmadır"

Bu günlərdə Gürcüstanda nəhəng qaz yataqlarının tapıldığı barədə söhbətlərə gəlincə, A.Süleymanov deyib ki, burada yalanın payı həqiqət payından çoxdur: "Qaz yataqları var, amma söhbət bunun həcmindən gedir. Ortada dəqiq heç nə yoxdur. Güclü araşdırmalar aparmaq lazımdır. Gürcüstanın həm baş nazirinin müavini, həm də energetika naziri çıxış edib dedi ki, bu, uydurmadır. Gürcüstanda o qədər qaz yatağı yoxdur. Necə oldu ki, indiyə qədər Azərbaycanda, Türkmənistanda olmayan qədər qaz Gürcüstanda tapıldı? Əgər varsa, niyə indiyə qədər onunla bağlı bir tədbir görməyiblər? Tutaq ki, o qaz var, amma onu üzə çıxarmaq üçün milyardlarla vəsait lazımdır, texnologiyaların, qurğuların alınmasına, quraşdırılmasına, boruların çəkilməsinə və s. O yataqlar boş da çıxa bilər".

"Saakaşvilinin vaxtında vəzifə tutan bütün azərbaycanlılara qarşı cinayət işi açılıb"

A.Süleymanov baş verənlərin fonunda Gürcüstanda yaşayan azərbaycanlıların siyasi, sosial-iqtisadi vəziyyətinin necə olmasına da aydınlıq gəirib. O, deyib ki, Saakaşvili hakimiyyətdən gedəndən və "Gürcü arzusu" hakimiyyətə gələndən sonra, nəinki azərbaycanlıların, elə gürcülərin özünün də həm siyasi, həm də sosial-iqtisadi vəziyyətində çətinliklər yaranıb.

Qeyd edib ki, buna baxmayaraq, Gürcüstanda yaşayan azərbaycanlılar elə də aciz deyillər ki, öz hüquqlarını müdafiə edə bilməsinlər: "İndi ümumiyyətlə Gürcüstanda vəziyyət dəyişib, hamı üçün yaşamaq çətindir, nəinki azərbaycanlılar üçün, elə gürcülər üçün də, burada yaşayan başqa millətlər üçün də. Biz hamımız Gürcüstan vətəndaşıyıq, bu ölkənin bir parçasıyıq və ümumi vəziyyət bizim hər birimizə təsirsiz ötüşmür. İqtisadi vəziyyət pisdir, milli valyutanın dollara qarşı ucuzlaşması qiymətlərin artmasına səbəb olub. Vətəndaşların həm siyasi, həm də iqtisadi durumu günü-gündən pisləşməyə doğru gedir".

"Azərbaycanlıların əlbəttə ki, iqtisadi çətinlikləri var, dolanışıq, dil, təhsil problemləri mövcuddur. Burada iş tapmaqda çətinlik çəkirlər, Rusiyaya, Türkiyəyə gedirlər, orada kimyəvi zavodlarda çalışırlar, çox vaxt da geri qayıtmırlar. Siyasi problemlərə gəlincə, il yarım əvvəl keçmiş baş nazir İrakli Qaribaşvili ermənini Samtsxe-Cavaxetiyaya icra başçısı təyin elədi. Amma Saakaşvilinin vaxtında vəzifə tutan bütün azərbaycanlılara qarşı cinayət işi açılıb, heç kəs səsini çıxarmadı", —deyə azərbaycanlı deputat vurğulayıb.

"Gürcüstan dövlətinin rəhbərinin Azərbaycan dövlətinə verdiyi qiymət budur"

Azərbaycanın Gürcüstana etdiyi güzəştlərin, yardımların qarşılığında Gürcüstan hökumətinin Azərbaycanla əməkdaşlıqdan imtina edib İrana qucaq açmasını siyasi oyun hesab edən A.Süleymanov, rəsmi Tbilisinin İrandan qaz almasının real görünmədiyini dilə gətirib: "Çünki borular yoxdur. Bir boru kəməri var, onunla da Rusiya Gürcüstandan keçməklə Ermənistana qaz ötürür. İranın qazı Gürcüstana necə gələcək, Ermənistandan keçəcək? Bu sual hələ də qaranlıqdır. İkincisi, Ermənistandan keçməklə Gürcüstana qaz ötürən kəmərin özü çəkilməlidir. Bunu necə təsəvvür edirsiz? Bütün bunlar qazın qiyməti ilə bağlı baş verən siyasi oyunlardır. Hələ ötən gün təmsil olunduğum partiyanın iclasında gürcülər Azərbaycanın, Gəncənin qazını kəsərək ən çətin vaxtlarda Gürcüstanı donmağa qoymadığını xatırlayıblar. Deməli, bugünkü Gürcüstan dövlətinin rəhbərinin Azərbaycan dövlətinə verdiyi qiymət budur".

Газопровод
Илья Питалев/РИА Новости

A. Süleymanov seçiciləri adından bəyan edib ki, bütün gürcü xalqı Azərbaycanın yanındadır: "Onlar İranın qazını Gürcüstanda görmək istəmirlər. Bu gün Gürcüstan Azərbaycandan ən sərfəli qiymətə qaz alır. 180 dollara satılan qazdan imtina edib 220 dollara qaz almağın iqtisadi cəhətdən səmərəli ola biləcəyini düşünmək mümkün deyil. Heç kəs də başa düşə bilmir ki, bu siyasətin arxasında nə durur. Gürcüstan bu hərəkətləri ilə ya Azərbaycanı sıxıb qazın qiymətlərini aşağı salmaq istəyir, ya da Azərbaycana qarşı diskriminasiya siyasəti yeritməyə çalışır".

"İndi İran investisiyası Gürcüstana lazımdır"

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının idarə heyətinin üzvü, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev də Sputnik-ə açıqlamasında İranla viza rejiminin ləğvini Gürcüstanın iqtisadi vəziyyətinin pisləşməsi, larinin devalvasiyası ilə əlaqələndirib. O deyib ki, belə şəraitdə ölkəyə İrandan çox böyük investisiyanın gəlməsi vacibdir.

Председатель  Национального конгресса азербайджанцев Грузии (КАГ)  Али Бабаев
© Photo : Oktay Abdullayev
Председатель Национального конгресса азербайджанцев Грузии (КАГ) Али Бабаев

"İranın da marağı var ki, Gürcüstana öz investisiyasını qoysun. Qərb ölkələrinin İrana qarşı sanksiyaları götürməsi imkan yaradıb ki, Gürcüstan da İranla münasibətləri qursun. İndi İran investisiyası Gürcüstana lazımdır. Amma kim desə ki, bu, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirəcək, inanmayın. Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə 750 milyon dollar investisiya qoyub", —deyə o bildirib.

Onun sözlərinə görə, həmin dəmir yolu işə düşənə qədər də daha 150 milyon dollar qoyacaq: "Ona görə də, bu iki ölkə arasındakı strateji dostluq münasibətləri davam edəcək. Azərbaycana Gürcüstan, Gürcüstana da Azərbaycan lazımdır".

Qazla bağlı Gürcüstanın mövqeyinə gəlincə, Ə.Babayev deyib ki, burada yanlış anlaşılma var: "Mən Gürcüstan Azərbaycanlıları Konqresinin sədriyəm və özüm də gürcüdilliyəm. Gürcüstan KİV-ini yaxından izləyirəm. Prezident Gürcüstan televiziyası ilə çıxışında dedi ki, Azərbaycanla bizim aramızda həll olunmayası heç bir problem yoxdur. Eləcə də baş nazir, xarici işlər naziri bu fikirləri səsləndiriblər. Gürcüstanın yeni baş naziri həm Davosda, həm də təzəlikcə, Münhendə Azərbaycan Prezidenti ilə görüşüb. Heç kəs öz çıxışında deməyib ki, iki ölkə arasında problem var".

Saakaşvilinin 9 illik terrorundan sonra…

Gürcüstan azərbaycanlılarının hazırkı vəziyyətinə gəlincə, Ə. Babayev indi vəziyyətin Saakaşvili dövrü ilə müqayisədə daha yaxşı olduğu qənaətindədir: "Saakaşvilinin 9 illik terrorundan sonra Gürcüstan azərbaycanlılarına münasibət yaxşıya doğru dəyişib. Burada Kaspi rayonunda Ferma kəndi var, onun ətrafında da 6 azərbaycanlı kəndi. Hamısı da gürcüdillidir, işlə məşğuldur. Saakaşvilinin vaxtında onlara qarşı biznes terroru var idi. Azərbaycanlıların bizneslərini əllərindən alırdılar, hüquqları tapdalanırdı, işlə təmin olunması çətin idi. Amma indi hamı dolanır, hamı öz təsərrüfatı ilə məşğuldur, fermer təsərrüfatları işləyir. Problem isə demək olar ki, 23 ilin problemidir".

"Azərbaycan məktəbləri çox pis gündədir. Çünki kadr problemi var. Azərbaycanlı kadrlar lazımdır. Burada Azərbaycan dili inkişaf etdirilməlidir, ancaq dövlət dili gürcü dili olduğu üçün gərək azərbaycanlılar da bu dili öyrənsinlər. Mədəniyyətlə bağlı problemlər var ki, bu da həll olunasıdır. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Gürcüstana gələcək. Mövcud problemləri danışıb həll edəcəklər", —deyə GAMK sədri vurğulayıb.

Ə. Babayev iki ölkənin arasını vuranların olduğunu da deyib: "Necə ki, Azərbaycandakı gürcülərə yaxşı münasibət var, eləcə də Gürcüstandakı azərbaycanlılara normal münasibət var. Meşə çaqqalsız olmaz. O tərəfdə də, bu tərəfdə də aranı qarışdıranlar, müxalifətçilər var. Onlar öz imiclərini qaldırmaq üçün milli şovinistlər kimi davranırlar. Amma bizim millətlər bu dövrü keçiblər. İndi bu proseslər bizi qorxutmur. Biz demokratik yolu seçmişik və bu yolla da gedirik. Bir-iki aydan sonra biz Avropaya vizasız gedib-gələcəyik. Gürcüstanın Avropaya, NATO-ya inteqrasiya istiqamətində addımlar atılır. Bu gün Gürcüstanda gedən proseslər perspektivlidir. Azərbaycanda, Türkiyədə, Rusiyada, digər qonşu ölkələrdə olduğu kimi, Gürcüstanda da dollarla bağlı problemlər var. Ona görə də camaat xarici ölkələrə gedib işləyir, ordan pul yollayır. Biz bununla ruhdan düşmürük. Biz burada öz dilimiz, dinimiz, mədəniyyətimiz, hakimiyyətə inteqrasiyamız, bir sözlə, hər bir işimizlə öndəyik və öndə də olacağıq".

4122
Teqlər:
Gürcüstan azərbaycanlıları, Gürcüstanın İranla viza rejimini aradan qaldırması, Tbilisi, Gürcüstan, Tehran, İran, Azərbaycan
Əlaqədar
Azərbaycan Gürcüstandan heyvanlarin gətirilməsinə qadağa qoyub
Azərbaycanla Gürcüstan arasında virus çəkişməsi
İlham Əliyev Gürcüstana gedəcək
Avropa Gürcüstan və Ukrayna vətəndaşları üçün viza rejimini ləğv edir
İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
İtaliya parlamenti, arxiv şəkli

Senator: İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir

13
(Yenilənib 19:22 27.11.2020)
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. İtaliya Senatında "İrəli, İtaliya" siyasi qrupunun üzvü senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib ki, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir. İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

"İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir", - deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.

"İtaliya yalnız neft və qazla deyil, habelə sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycan ilə ortaq bir yolun fəal iştirakçısı olmalıdır", - deyə italyan senator fikirlərini tamamlayıb.
13
Teqlər:
dəstək, Qarabag, maraq, strateji əlaqələr, Azərbaycan, İtaliya
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov: Pandemiya yeni fürsət təqdim edir

14
(Yenilənib 16:53 27.11.2020)
İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxış edib.

Sputnik Azərbaycan xəbər verir ki, nazir çıxışında bildirib:

"İlk növbədə, QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirərək, Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Təşkilatımız gələcəyə birgə baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradılmışdır. QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəldi.

Bir çox vacib təşəbbüslərin elan edilməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir. Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT, üzv dövlətlərə COVİD böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurmanı həyata keçirməkdə köməklik göstərə bilər.

Öz tərəfindən, Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvarıq. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik.

COVID-19 pandemiyası iqtisadi itkilərə gətirən zərərini davam etdirir. Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilərik.

İnkişaf etmiş infrastruktur və daha yaxşı biri-biri ilə birləşən nəqliyyat dəhlizləri vasitəsi ilə geniş Qara dəniz bölgəsində daha yaxşı əlaqələr naminə işimizi davam etdirməliyik. Bu kontekstdə tranzitin asanlaşdırılması, əməliyyatların rəqəmsallaşdırılması, nəqliyyat və ticarətdə tənzimləyici və prosedura maneələrinin aradan qaldırılması üçün səylərin iki dəfə artırılması vacibdir.

Azərbaycan Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və iri investorlar üçün münasib Ələt Azad İqtisadi Zonası ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli nəqliyyat dəhlizinin, habelə bütün regionun tranzit imkanlarının artırılmasına yönəlmiş Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yolları inkişafına praktik töhfəsini davam etdirir.

Tikinti işlərinin başlamasından dörd il yarım sonra Trans-Adriatik boru kəmərinin kommersiya istismarı başlayıb. Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. Bir neçə QDİƏT üzv dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır.

Münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.

Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.

Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.

Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik".

14
Teqlər:
münaqişə, əməkdaşlıq, iqtisadiyyat, Ceyhun Bayramov, iclas, QDİƏT
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

0
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

0
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi