Prezident İlham Əliyev

Prezidentin Münhen mesajları nələri hədəfləyib?

747
(Yenilənib 14:44 16.02.2016)
Ekspertlər prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi fikirləri şərh edirlər: "Almaniya ATƏT sədri kimi Minsk qrupunun həmsədr ölkələrinə təsir etmək imkanlarından istifadə edə bilər"

BAKI, 15 fev — Sputnik. "Ermənistan işğal etdiyi beynəlxalq nəzarətdən kənar ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirir". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi" mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizi iyirmi ildən artıqdır ki, erməni işğalı altındadır və bundan tək insanlarımız deyil, təbiət də əziyyət çəkir: "Beynəlxalq nəzarətdən kənar bu ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirilir. Xüsusilə meşə zolaqları kommersiya məqsədləri üçün qırılır".

Dövlət başçısı bildirib ki, Azərbaycan üçün ən böyük iqlim təhdidi ölkəni su ilə təmin edən çayların əksəriyyətinin qonşu ölkələrdən gəlməsi ilə bağlıdır. Ölkə başçısı xüsusilə Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsini diqqətə çatdıraraq qeyd edib ki, bu hamı üçün təhlükədir.

Millət vəkili, politoloq Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan ərazisinin faktiki olaraq qonşu ölkə tərəfindən işğalı Avropanın da təhlükəsziliyinə təhdiddir: "Münhen Təhlükəsizlik Konfransı bötüvlükdə Avropa məkanında təhlükəszilik sisteminin gələcək dizaynını müəyyənləşdirən ideyalar ilə zəngin olur. Gələcəyin Avropasının təhlükəsizlyi hansı əsaslara söykənməlidir, bunun əsas paradiqmaları hansı olmalıdır və digər məsələlər müzakirə olunur. Cənab Prezident bu məsələni xatırlatmaqla qeyd elədi ki, əgər Avropa Şurasının üzvü olan, Avropa ilə sıx əməkdaşlıq edən, Avropanın enerji təhlükəsizlyinə töhfələr verən, sabit bir tərəfdaş kimi çıxış edən Azərbaycanın ərazisi faktiki olaraq qonşu ölkə tərəfindən işğal edilibsə, bunun özü Avropada təhlükəsziliyə bir təhdiddir".

"Məhz, bu konteksdə məsələni qoyduqdan sonra ekolji və enerji təhlükəsizliyi aktuallaşdı. Prezident İlham Əliyev münaqişənin nəticəsi olaraq meydana gələn ekoloji fəlakəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla problemin həlli vaxtının çoxdan yetişdiyinə diqqəti yönəldib", —deyə deputat bildirib.

Səfər çərçivəsində prezident İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer arasında görüş olub. Görüşdə Dağlıq Qarabağ, enerji, ikitərəfli və ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu ildən ATƏT-ə sədrliyə başlayan Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Millət vəkili, politoloq Rasim Musabəyov Almaniyanın Qarabağ münaqişəsinin həllinə təsir imkanlarından danışıb. Politoloqun fikrincə, Almaniya ATƏT sədri kimi Minsk qrupunun həmsədr ölkələrinə təsir etmək imkanlarından istifadə edə bilər.

"ATƏT sədri çox məsələlərlə məşğul olur. Amma, ATƏT-in məsuliyyət daşıdığı yeganə konfilikt Qarabağ konfiliktidir. Hazırda ATƏT sədri olan Almaniya isə Minsk qrupunun üzvüdür. Minsk qrupunun fəaliyyəti ATƏT-ə sədrlik edən ölkənin imkanından asılıdır", —deyə R. Musabəyov qeyd edib.

Onun sözlərinə görə, ATƏT-ə rotasiya əsasında kiçik ölkələr də sədrlik edir: "Amma, onların ABŞ, Fransa, Rusiya kimi ölkələrə ciddi təsir etməyə nüfuzu çatmır. Almaniya isə nüfuzlu dövlətdir. Hesab edirəm ki, onun buna imkanı çata bilər. Cənab Prezidentin ATƏT-ə sədrlik edən Almaiyanın xarici işlər naziri ilə görüşüb, bu məsələləri müzakirə etməsi çox zəruri idi".

Qeyd edək ki, 1962-ci ildən başlayaraq keçirilən Münhen təhlükəsizlik konfransının builki toplantısında 70-ə yaxın dövlət iştirak edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ekoloji fəlakətə gəlincə isə, bu ilin yanvarda AŞPA-da Ermənistanın qonşu regionlara su təminatı zamanı problem yaratmasını pisləyən qətnamə qəbul edib.

747
Teqlər:
Ermənistan işğal etdiyi beynəlxalq nəzarətdən kənar ərazilər, Hikmət Babaoğlu, Rasim Musabəyov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Əlaqədar
Azərbaycan prezidenti bu ayın sonunda İrana səfər edəcək
"Prezidentin bu addımını maliyyə kapitanlarını yerində oturtmaq kimi qiymətləndirmək olar"
"İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır"
"AŞPA işğalçıların əlində oyuncağa çevrilib"