Fazil Mustafa

Azərbaycanlı deputatdan Türkiyəyə şok ittiham

207
(Yenilənib 18:18 27.01.2016)
Fazil Mustafa: "Türkiyəli millət vəkilləri AŞPA-dakı səsvermə zamanı lehinə səs versəydi, qətnamə qəbul olunacaqdı. Amma 18 nəfərlik heyətdən cəmi 12-si səs verdi. Hətta AKP-dən olan nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi"

BAKI, 27 yan — Sputnik. "Dünən AŞPA-da millət vəkili Elxan Süleymanovun böyük zəhməti bahasına gündəmə gətirdiyi Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktını sənədlərlə təsdiqləyən Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması ciddi uğur sayıla bilər".

Sputnik xəbər verir ki, bu fikirləri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa öz "Facebook" səhifəsində yazıb. O, bu məsələdə Bosniya və Herseqovinadan olan məruzəçi xanım Milisa Markoviçin qətiyyətli mövqeyini xüsusi olaraq vurğulayıb.

"Bununla belə, Uolterin hazırladığı Dağlıq Qarabağla bağlı qətnamənin ("Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artması" adlı qətnamə) qarşısının alınmasında əksər Avropa ölkələrinin prezidentləri, Minsk qrupuna həmsədrlik eden Rusiya, ABŞ ve Fransanın bütün strukturlarının təhdid və təzyiqləri çox ciddi rol oynadı. Həmin ölkələrdən olan xeyli deputatın səsvermədə iştirak etməməsinə səbəb oldu", —deputat yazıb.

Daha sonra F. Mustafa yazır: "Bununla belə, ürək yanğısı ilə bir epizodu bölüşmək istəyirəm. Bildiyiniz kimi, hansısa kiçik detallara görə heç vaxt Türkiyəni qınamamışam və hər zaman bu qardaş ölkəmizin Azərbaycanda nüfuzdan salınmasına qarşı ən sərt formada çıxış etmişəm. Bundan sonra da həmişə belə olacaq, çünki, yenə də o düşüncədəyəm ki, ən ağır zamanlarda ölkəmizin yanında duracaq tək ölkə Türkiyə olacaqdır. Ona görə də bu yazacaqlarım qətiyyən göz bəbəyimiz olan Türkiyənin əleyhinə mövqe kimi anlaşılmasın".

"Demək Uolterin məruzəsi ilə bağlı 66 nəfər lehimizə, 70 nəfər əleyhimizə səs verdi. Daha dörd səs olsaydı, yenə də qətnamə qəbul olunacaqdı. Türkiyə nümayəndə heyəti 18 nəfər əsas heyətdən ibarət idi. Bunlardan 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə ermənilərə simpatiya duymaları təbii qarşılanmalıdır. Qaldı 16 nəfər. Məhz 16 nəfər hamısı səs versəydi, bərabərlik olurdu və qətnamə qəbul olunurdu. Amma cəmi 12 nəfər lehimizə səs verdi. AKP-dən 2 nəfər, CHP-dən də 2 nəfər sesvermədə iştirak etmədi".

Millət vəkilinin yazdığına görə, bu 4 səs nəticəyə ciddi təsir edib: "AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etmədi. Halbuki, iki gün öncədən hər biri ilə fərdi qaydada danışmışdıq ki, bu qondarma "erməni soyqırımı" qədər əhəmiyyətli məsələdir və bizim qədər Türkiyəyə də ciddi arqument verəcəkdir. Bu məsuliyyətsizliyin izahını yəqin ki, Türkiyə rəsmiləri verəcəklər, ancaq aydın görünən bir məsələ var ki, beynəlxalq arenada qondarma soyqırımı məsələsində türkləri ermənilərə uduzduran məhz türk məsuliyyətsizliyidir. Maraqlıdır ki, ikinci qətnamənin səsverməsində Türkiyədən 16 nəfər də lehimizə ses verdi. İkincidə səfərbər olurdularsa, demək birincidə də səfərbər ola bilərdilər. Çox üzücüdür, ancaq bunları bölüşmək türk milləti olaraq nöqsanlarımızı görmək baxımından faydalıdır, deyə düşünürəm. Bu arada hər iki qətnamə layihəsini dəstəkləmiş Türkiyədən, Ukraynadan, Gürcüstandan, Moldovadan, Macarıstandan və başqa ölkələrdən olan deputatlara öz təşəkkürümü bildirməyi də borc hesab edirəm".

207
Teqlər:
Fazil Mustafa, Azərbaycan, Ermənistan, Elxan Süleymanov, AŞPA
Əlaqədar
"Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirəsi baş aldatmaqdır"
"AŞPA işğalçıların əlində oyuncağa çevrilib"
Sabah AŞPA-da Azərbaycanla bağlı tarixi qərar verilə bilər
AŞPA-nın bəyanatı Azərbaycanda etiraz doğurdu
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev

Ermənistan parlamentinin əməkdaşı azərbaycanlı deputatı ölümlə təhdid edib - FOTO

85
Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni "həbsxanada başını kəsəcəyik" deyərək təhdid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu azərbaycanlı deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev sosial şəbəkədəki hesabında yazıb.

"Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür", - deyə Tural Gəncəliyev bildirib.

85
Teqlər:
Ermənistan, Azərbaycan, Qarabağ, hədə, millət vəkili
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanı tərk edən səfirə prezidentdən xoş sözlər: "Ürəyimizdə yeriniz var" - FOTO

11
Prezident İlham Əliyev Azərbaycanda fəaliyyəti başa çatan Türkiyə səfiri Erkan Özoralın işini yüksək qiymətləndirib və onu "Dostluq" ordeni ilə təltif edib.

BAKI, 10 aprel — Sputnik. "Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm. Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən söyləyib.

Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyinin özünü təsdiq etdini deyən dövlət başçısı qeyd edib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaq, bizim qəlbimizdə yaşayacaq:

"Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi, əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim".

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim edib.

"Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.", - Erkan Özoral söyləyib.

11
Teqlər:
Prezident İlham Əliyev, Erkan Özoral, Dostluq” ordeni, səfir, Azərbaycan, Türkiyə
Qız, arxiv şəkli

Zorakılığın adiləşməsi: kimdir günahkar?

0
(Yenilənib 20:06 11.04.2021)
İnsan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

BAKI, 11 aprel — Sputnik. Sosial şəbəkələrdə, xəbər saytlarında cinsi istismarla, zorlanma ilə bağlı xəbərlər gündəmə gələndə utancımdan özümə yer tapa bilmirəm. Bu cür xəbərləri oxuyanda özümü gücsüz, çarəsiz, təhqir olunmuş hiss edirəm. Hər dəfə qarşıma bu məzmunlu paylaşım, xəbər çıxanda o qədər sarsılıram ki, günlərlə keyiyirəm, ruhdan düşürəm, bəzən nəfəs almaqda da çətinlik çəkirəm. İnsan övladının qəddarlığı, xüsusilə ölkəmdə yaşayan, eyni havanı udduğum, eyni səma altında yaşadığım insanların heyvani hisslərlə, vəhşi instinktlərlə yaşaması, qəddarlaşması, hissizləşməsi məni qorxudur. Əminəm ki, neçə-neçə həssas insan mən yaşayan bu ağrılı hissləri yaşayır, həmin hadisədə zərər çəkənləri, zorakılıq qurbanlarını düşünür, düşündükcə gündə min yol yanındakı övladı, əzizləri, tanıdıqları, doğmaları üçün narahat olur. Təəssüf ki, bu cür xəbərləri tükünü tərpətmədən, zərrə qədər narahatlıq keçirmədən oxuyan, tirajlayan, reytinq xatirinə bu xəbərləri gündəmdə saxlayanlar var. Manyakların, qürursuzların və ləyaqətsiz ehtiras düşkünlərinin iyrənc əməllərini, bu qorxulu cinayətləri qeyri-peşəkar şəkildə təqdim etmək, paylaşmaq bəzi hallarda zorakılığı cəmiyyət üçün adiləşdirir. Bəzilərinin baş verənlərə reaksiyasız qalmasının bir səbəbi də bu xəbərlərin adiləşməsidir. Olduqca qorxulu, təhlükəli tendensiyadır. Zorakılığın, cinsi istismarın özü qədər, cəmiyyətin bu tip hadisələrə reaksiyasız qalması təhlükəlidir.

***

Qəbul edirəm ki, bütün cəmiyyətlərdə, hətta inkişafda bizdən çox-çox öndə olan ölkələrdə də bu cür iyrənc hadisələr baş verir. Bəli, razıyam ki, dünyanın bütün inkişaf etmiş cəmiyyətlərində bu hadisələr mediada işıqlandırılır. Ancaq hansı formada? Təbii ki, bu məsələlərdə peşəkar kodekslər gödən keçirilir, cəmiyyətin psixaloji aurası nəzərə alınır. Əlbəttə, media bu cür halları işıqlandırmalıdır. Sadəcə müharibədən yenicə çıxmış, pandemiyanın hər gün can aldığı, psixaloji gərginlikdə olan bir cəmiyyətdə bu xəbərlərin tirajlanmasında bir qayda, bir üslub tapılmalıdır. Narahatlığım medianın bu xəbərləri acgözcəsinə, bəh-bəhlə, manşetə çıxarması ilə bağlıdır. Bəzən media bu xəbərləri işıqlandırmadan hüquq mühafizə orqanlarına dəstək verməklə, onları təşviq etməklə hadisələrin açılmasına, günahkarın cəzalandırılmasına nail ola bilər. Təəssüf ki, əksəriyyət qısa müddətlik populyarlığın, məşhurlaşmağın, reytinq toplamağın arxasınca qaçır. İllərdir bu media xaosu davam edir və cəmiyyət hələ də bu faciələrdən dərs çıxarmayıb.

Məncə, insan övladı öz vəhşi, heyvani tərəfini tərbiyə etmədikcə, bu hadisələr qaçılmazdır. Bu məqamda media, ədəbiyyat, incəsənət məhz bu tərbiyə üçün vasitəçi olmalıdır.

***

Bu günlərdə Neftçalanın kəndlərinin birində azyaşlıya qarşı törədilən cinsi istismar olayı sadəcə dəhşətdir. Xüsusilə, zərərçəkənin bəzi yaxınlarının istismarda iştirakı, bəzilərinin isə hadisəni bilərək mane olmaması, göz yumması insanı dəhşətə gətirir. Mənəviyyatını və əxlaqını itirmiş bu cür qəddar insanlarla eyni cəmiyyətdə yaşamaq sözsüz ki, qorxulu, təhlükəlidir. İnanıram ki, tezliklə bu manyaklar, mənəviyyatını itirmiş şəhvət düşkünləri tezliklə öz layiq olduqları cəzanı alacaq. Düşünürəm ki, bu cəzalar da o qədər ədalətli, qanunlara və mənəviyyata əsaslanan şəkildə verilməlidir ki, bu cür əməlləri ağlından belə keçirənlər, çəkinməlidir.

Bir məqamı da xüsusi olaraq və ağrıyla qeyd etmək yerinə düşər: Azərbaycanda zorlanma, cinsi istismar, seksual xarakterli cinayətlərin bəzi qurbanları, ya da onların valideynləri, yaxınları bəzən el içində rüsvay olacaqlarından çəkinərək belə hadisələri açıb-ağartmaqdan, hüquq-mühafizə orqanlarına şikayət etməkdən ehtiyat edir. Nəticədə günahkarlar cəzasız qalır, zərərçəkənlərin həyatı isə məşəqqətə çevrilir.

***

Birinci növbədə media, ictimai fəallar bu məsələləri ictimailəşdirərkən müəyyən qədər diqqətli olmalı, mənfi nümunə yaranmaması üçün, bu cür hadisələrin adiləşməməsi üçün çalışmalıdırlar. Eyni zamanda hüquq-mühafizə orqanları bu hadisələrin açılmasında, günahkarın cəzalandırılmasında fəal olmalı, insanlarda özlərinə qarşı güvən yaratmalıdır. Hər birimiz əlimizdən gəldiyi qədər ətrafımızdakı hadisələrə çevik və vicdanlı reaksiya verməli, bu cür dəhşətli hadisələrin azalması, aradan qalxması üçün çalışmalıyıq. Yaxınlarımızın, doğmalarımızın qurbana çevrilməməsi üçün, bu cür hadisələrin zərərçəkmiş qurbanalarına qarşı həssas olmalıyıq…

0