Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bəzi nazirlər parlamentin qərarlarını saya salmırlar"

© Photo : REPORTTahir Kərimli
Tahir Kərimli - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Bölgələrdə baş verən hadisələrin müxalifətlə bağlılığı yoxdur. Müxalifətin elə imkanları da yoxdur ki, 15-20 il əvvəlki kimi prossesləri irəli aparsın"

“Bəzi nazirlər parlamentin qərarlarını saya salmırlar”
BAKI, 15 yan — Sputnik. Son bir neçə gündə Azərbaycanın bəzi rayonlarında bahalaşma əleyhinə etiraz aksiyaları keçirilib. Etirazçılar yerli icra qurumlarından, əsasən süni qiymət artımları ilə bağlı izahat istəyirlər.

Bununla bağlı Sputnik-in suallarını, etiraz aksiyası keçirilmiş rayonlardan biri — Ağsudan seçilmiş deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli cavablandırıb.

-Son bir neçə gündə qiymətlərin kəskin bahalaşması insanlarda narazılıqlar yaradıb. Bir neçə bölgədə etiraz aksiyaları da keçirilib. Baş verən narazılıqları nə ilə izah etmək olar?

— Devalvasiyanın nəticələri ilə də bağlıdır. Neftdən asılı olan ölkələrin demək olar ki, mütləq əksəriyyətində böyük büdcə kəsirləri əmələ gəlib, amma devalvasiyaya getməyiblər. Süni qiymət artımları var idi. Mən də Ağsuda oldum. Manatın bahalaşmasından doğan məsələlərlə bağlı vətəndaşlarla, sahibkarlarla və hakimiyyət nümayəndələri ilə görüşdüm. Biz də bu məsələləri aidiyyatı orqanlara çatdırmaq üçün əlimizdən gələni eləyirik. Yaxşı oldu ki, mühüm qərar qəbul edildi. Bu qərar un və çörək məhsullarındakı Əlavə Dəyər Vergisinin aradan qaldırılmasıdır. Xalqın istəyini də başa düşürük, amma şübhəsiz ki, bundan istifadə eləyənlər də olur. Obyektiv və subyektiv cəhətlər var. Səbəbləri aradan qaldırmaq lazımdır. Biz də bu sahədə əlimizdən gələni eləyirik.

Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib

-Çətin durumlarda qəti addımlar atılmalıdır. Sizcə, indiki məqamda atılmalı olan konkret addımlar hansılardır?

— Azərbaycanın bəlası inhisarçılıqdır. Lap açıqça bildirirəm ki, indiyə kimi ölkəyə çoxlu valyuta gəlirləri gəlirdi, amma gözünüz doymurdu. Bundan o tərəfə "bəsdir!" demək lazımdır. Bir az iştahı aşağı eləmək lazımdır. Kim ki, buna tabe olmur, cəzalandırmaq lazımdır, insarçılığın qarşısı alınmalıdır. İkinci, gömrükə məhdudiyyətlər aradan qaldırılmalıdır. Korrupsiya hallarının aradan qaldırılması üçün "ASAN xidmət"ə əlavə səlahiyyətlər vermək lazımdır. Çox ciddi tədbirlər görülməlidir, qənaətcil hökümət yaradılmalıdır, paralel strukturlar və xərclər aradan qaldırılmalıdır. Neftin qiyməti qalxanda gəlirimiz çox olsa da, elə bilək ki, heç neft yoxdur. Buna görə də müəyyən tədbirlər görülməlidir. Sonra nəzarət etmək lazımdır ki, aqrar sektora ayrılan pullar fermerlərin özlərinə çatsın. Kooperasiya haqqında qanun qəbul olunub. Bu torpaqları nəyin bahasına olur-olsun, birləşdirmək lazımdır. Keçmiş kolxoz-sovxoz timsalında olmasa da, ona oxşar kooperasiyalar yaradıb, işsizliyi aradan qaldırmaq olar. Ümumiyyətlə, çox böyük addımlar atmaq lazımdır. Başqa dövlətlərdə də müəyyən nümunələr var, onlardan da istifadə etmək lazımdır, xüsusilə, yerli malların istehsalını artırmaq, idxalın və süni bahalaşmanın qarşısını almaq, monitorinqlər keçirmək, ictimai nəzarət strukturları yaratmaq lazımdır.

-Nursultan Nazarbayevə Qazaxıstan parlamentini buraxmaq təklif olunub, çünki yeni şəraitə cavab vermir, işlək deyil. Azərbaycanda da belə ssenari reallaşa bilərmi?

— Azərbaycanda parlamentin buraxılması mexanizmi yoxdur. Hətta zəruri olsa belə, gərək referendum keçirilib Konstitusiya dəyişdirilsin. Parlament özünün qəbul etdiyi qərarların icrası mexanizmlərini təkmilləşdirməlidir. Qəbul olunan qanunlara nəzarət mexanizmi yoxdur. Bəzi nazirlər və icra strukturları parlamentin qərarlarının, qanunlarının icrasını heç saya da salmırlar. Elə bir təkmilləşmə mexanizmi olmalıdır ki, qanunverici orqan nəzarəti həyata keçirsin. Dövlət başçısı bu istiqamətdə müəyyən tapşırıqlar verib, sadəcə olaraq onlar sözdə qalmamaq üçün kömək etməliyik ki, əməldə bunlara riayət olunsun. Deyilənlər yerinə yetirilsin.

Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi məlumat yayılıb

- Bölgələrdə baş verən hadisələrdə siyasi müxalifətin nə dərəcədə rolu var?

— Bölgələrdə baş verən hadisələrin müxalifətlə bağlılığı yoxdur. Müxalifətin elə imkanları da yoxdur ki, 15-20 il əvvəlki kimi prossesləri irəli aparsın. Amma, açığını deyim ki, müxalifət təşkilatları xalqın içərisində olan müəyyən narazılıqdan istifadə eləyib, istədikləri məcraya salmaq imkanları əldə etmək istəyirlər. Belə hallar mövcuddur. Ağsuda bir nəfər də həbs olunmadı. Müəyyən qarşılıqlı anlaşma oldu. Ümumi dərdimizdir. Mən arzu edirəm ki, hamı bir-birinə qarşılıqlı hörmətlə yanaşsın.

-Bəs, siz problemin həllini nədə görürsüz?

— Mətbuat vasitəsilə müəyyən məsələləri bildirmişik. Partiya sədrinin birinci müavini Abdulvahab Manafov təkliflər hazırlayıb. Kim istəyirsə ki, Azərbaycanda böhran dərinləşməsin, vəziyyət yaxşılaşsın, öz təkliflərini verməlidir. Həm siyasi partiyaların, həm də vətəndaşların borcudur ki, belə təkliflər hazırlayıb təqdim eləsin. Bizdə bu yöndə müəyyən addımlar atırıq.

Xəbər lenti
0