Sərdar Cəlaloğlu

Cəlaloğlu: Xalq müxalifəti başında görmək istərsə...

19
ADP sədri: Bundan sonra Azərbaycandakı ictimai-siyasi proseslərdə müxalifətin fəaliyyət göstərməsi bir o qədər də rol oynamayacaq. Çünki xalq tədricən özü təşəbbüsü ələ alacaq və prosesin önündə gedəcək.

BAKI, 23 noy — Sputnik. Bundan sonra Azərbaycandakı ictimai-siyasi proseslərdə müxalifətin fəaliyyət göstərməsi bir o qədər də rol oynamayacaq. Çünki xalq tədricən özü təşəbbüsü ələ alacaq və prosesin önündə gedəcək.

Bunu Sputnik-ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu parlament seçkilərindən sonra müxalifətin düşdüyü apatiya vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, müxalifət artıq cəmiyyətin lokomotivi missiyası rolunu oynaya bilmədiyindən özü özünü proseslərdən kənarda qoymuş oldu.

Müxalifətin bundan sonrakı fəaliyyətinə gəldikdə isə ADP lideri bildirdi ki, hər şey yaranmış situasiyadan asılı olacaq: “Ona görə ki, bu günədək Azərbaycan müxalifətinin yanlış bir fikri var. O da bundan ibarətdir ki, Azərbaycan müxalifəti  ictimai-siyasi proseslərin həm hərəkətverici, həm də aparıcı qüvvəsi kimi çıxış edir. Bu çox yanlış hərəkətdir. Siyasi müxalifət ancaq ictimai-siyasi proseslərin təşkilatıcısı və aparıcısı ola bilər. Əgər yeni hərəkat baş qaldırarsa və xalq  Azərbaycanın bu günkü müxalifətini başında görmək istərsə, o zaman öndə gedə bilərik. Əks təqdirdə bütün cəhdlər iflasa  uğrayacaq.”

Cəlaloğlu onu da əlavə edib ki, müxalifət zorla qabağa düşüb öncüllük edə bilməz: “Gərək bunu xalq istəsin. O zaman önı çıxa bilərik. Yoxsa zorla önə düşüb xalqı evində meydana çıxara bilmərik ki?…”

Müxalifətin yeni birliklər ideyasına aydınlıq gətirən ADP sədri bildirdi ki, bu gün hər hansı müxalifət partiyası ilə birgə əməkdaşlıq qurmaq formatı barədə fikir yoxdur: “Əgər hər hansı partiya tərəfindən belə bir təklif olarsa, həmin təklifi dəyərləndirə bilərik. Biz tərəfdən isə belə bir təşəbbüs olmayacaq. Çünki bizdə bunun bir acı təcrübəsi var. Biz tərəfdən belə təkliflər olanda qısqanclıqla qarşılanır. O baxımdan mən təşəbbüsçü olmaq istəmirəm.” 

19