Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov

Novruz Məmmədov: İqlim dəyişikliyi inkişaf etmiş ölkələrin töhfəsidir

25
(Yenilənib 22:08 12.10.2015)
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

BAKI, 5 okt — Sputnik. İqlim dəyişikliyi inkişaf etmiş dövlətlərin bəşəriyyətə miras qoyduğu “töhfədir”. Bu prosesi dayandırmaq üçün heç indi də bir sıra addımlar atmaq istəmirlər. Hələlik proseslər söz və bəyanat səviyyəsində qalmaqdadır.

Sputnik-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

“Pan Gi Mun deyir ki, insanlar iqlim dəyişikliyinin nə qədər təhlükəli olduğunu anlamırlar. Razılaşaq ki, insanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri? Onlar da anlamırlar?”, — deyə N. Məmmədov əlavə edib.

25
Teqlər:
iqlim dəyişikliyi, Novruz Məmmədov, Azərbaycan
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

"Lavrovun Qarabağla bağlı sözləri fikir ayrılıqlarının olduğunu göstərir"

121
(Yenilənib 15:01 19.01.2021)
Bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan – Azərbaycan sülh prosesi barəsində bəzi bəyanatlar səsləndirib və 44 günlük müharibədən sonra müzakirə edilən bir çox məsələyə toxunub. Rusiyalı nazir Ermənistan rəsmilərinin Qarabağ səfərlərinə reaksiya verərək onları siyasiləşmiş bəyanatlardan çəkinməyə çağırıb, bu cür bəyanatların gərginlik yaratdığını da xüsusilə vurğulayıb. Lavrov bununla da Yerevana mesaj göndərib. Bundan əlavə, Rusiya xarici işlər naziri öz çıxışında Qarabağın statusu, sülhməramlıların mandatı, həmçinin erməni diversantların taleyi kimi məsələlərə də toxunub.

Sputnik Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovla Rusiya xarici işlər nazirinin fikirləri barədə həmsöhbət olub.

© Sputnik
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovl

Ekspert qeyd edib ki, Lavrovun çıxışında ən çox maraq doğuran məqamlardan biri keçmiş Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinə aid verilən suala cavabı olub: "Onu deyim ki, müharibənin başa çatmasından sonra noyabrın 12-də açıqlama verən Lavrov bildirmişdi ki, "indi müharibədən sonrakı siyasi prosesin əsas mövzusu Dağlıq Qarabağın statusudur". Dünən baş tutan mətbuat konfransında isə bunun əksinə olaraq bildirdi ki, "hal-hazırda status məsələsini prioritet kimi irəli sürmək üçün yaxşı vaxt deyil. Bu məsələ gələcəkdə həll olunmalıdır". Lavrovun keçən 2 ay ərzindəki bəyanatlarında belə bir dəyişikliyin baş verməsi tərəflər arasında fikir ayrılığının olduğunu göstərməklə yanaşı, status məsələsinin gündəmdə saxlanılmasına cəhd kimi də dəyərləndirilə bilər".

Vasif Hüseynovun sözlərinə görə, Lavrovun bəyanatında digər diqqətçəkən məqam Rusiyanın Qarabağa iddialarına dair şayiələrlə bağlı idi. Belə ki, Rusiyanın Qarabağı ilhaq etmək niyyətinə aid sualı "ekzotik" adlandıran Lavrov Rusiyanın belə bir planının olmadığını bildirdi:

"Düşünürəm ki, bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz. İndi tərəflər arasında müzakirə mövzularından biri məhz sülhməramlıların mandatının hazırlanması və onların fəaliyyətinin müəyyən edilmiş və razılaşdırılmış çərçivəyə salınmasıdır. Lavrov da bu məsələnin müzakirə edildiyini təsdiq etdi".

BMTM-in eksperti vurğulayıb ki, Lavrovun 44 günlük müharibədən sonra Azərbaycana qarşı təxribat göstərmiş və həbs olunmuş diversant qruplarının taleyi haqqındakı açıqlaması da Rusiyanın prosesə yanaşması haqqında bəzi nüansları ortaya çıxarıb: "Yanvarın 11-dəki üçtərəfli sammitdə Rusiya Prezidenti Vladimir Putinin söylədiyini təkrar edən Lavrov bəyan etdi ki, 9 noyabra qədər əsir götürülmüş hərbçilərin geri qaytarılması başa çatıb. O, müharibədən sonrakı dövrdə Azərbaycan tərəfindən həbs edilmiş diversant qrupların taleyi ilə bağlı danışıqlar getdiyini bildirdi. Baxmayaraq ki, Lavrov bu məsələnin 11 yanvar görüşündə də müzakirə edildiyini söylədi, həmin görüşdən sonra Prezident Putinin mətbuata açıqlamasında bu mövzuya toxunulmadı. Nə də Azərbaycan Prezidenti bu haqda hər hansı bir fikir dedi. Belə görünür ki, bu məsələni qabardan və müzakirə masasına gətirən yalnız Ermənistan tərəfidir, lakin təxribatın müharibədən sonra baş verməsi və bunun üçtərəfli bəyanatla əhatə olunmaması Yerevanın imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".

121
Teqlər:
bəyanat, rus, sülhməramlılar, Dağlıq Qarabağ, Sergey Lavrov
Prezident İlham Əliev, arxiv şəkli

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

4
Yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

4
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

0
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

0
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar