BMT baş katibi Pan Gi Mun

Pan Gi Mun liderləri qaçqınların taleyinə biganə yanaşmamağa çağırıb

382
(Yenilənib 10:05 22.09.2015)
BMT Baş Katibi Pan Gi Mun bütün Avropa dövlətlərini beynəlxalq öhdəliklərə əməl etməyə, sığınacaq almaq hüququnu təmin etməyə, sığınacaq istəyənlərin məcburi şəkildə vətənlərinə qaytarılması qadağasını pozmamağa çağırıb.

BAKI, 22 sen — Sputnik. BMT Baş Katibi Pan Gi Mun bütün Avropa dövlətlərini beynəlxalq öhdəliklərə əməl etməyə, sığınacaq almaq hüququnu təmin etməyə, sığınacaq istəyənlərin məcburi şəkildə vətənlərinə qaytarılması qadağasını pozmamağa çağırıb.

BMT-nin saytında verilən xəbərə görə, bu barədə BMT Baş Katibi Pan Gi Munun bəyanatında bildirilir. Pan Gi Munun mətbuat katibinin açıqladığı bəyanatda qeyd olunur ki, həmin insanların çoxu təqib, münaqişələr, insan haqların pozulması nəticəsində qaçqın vəziyyətinə düşüb, Avropaya gedən yolda isə ağlasığmaz təhlükələrlə üzləşib.

Pan Gi Mun qaçqın və miqrantların hüquq və insanlıq ləyaqətinə hörmət etməyə çağırıb.

“BMT Baş katibi Avropada kifayət qədər qəbul məntəqəsi olmadığı üçün sərhədlərin bağlanmasını həyəcanla izləyir. O, qeyri-qanuni miqrantlar arasında cinayət hallarının artmasından və qaçqınların həbsindən narahatdır” – deyə, bəyanatda qeyd olunub.

Pan Gi Mun avropalı liderləri qaçqın və miqrantların taleyinə biganə qalmamağa çağırıb.

Baş katib həmçinin BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Avropa İttifaqı liderləri ilə görüşü səbirsizliklə gözlədiyini  bildirib.

Qeyd edək ki, o, Avropa liderlərini 30 sentyabra planlaşdırılan miqrasiya ilə bağlı görüşə dəvət edib.

382