Obama Ərdoğana söz verdi: O torpaqlar sizin olacaq

453
(Yenilənib 15:29 07.08.2015)
İŞİD-dən təmizlənəcək bölgələrə Türkiyənin quru qoşunları yeridiləcək.

BAKI, 6 avqust – Sputnik. “Barak Obama administrasiyası, Suriyanın şimalında İŞİD-dən təmizlənəcək bölgələrə kürd silahlı dəstələrinin buraxılmayacağına dair Türkiyəyə söz verib. Məhz bundan sonra rəsmi Ankara ABŞ ordusuna Adanada yerləşən İncirlik hərbi bazasından istifadəyə icazə verib”. ABŞ-ın məşhur Wall Street Journal qəzeti belə bir iddia ortaya atıb. Qəzet, məlumatı Ağ evdəki rəsmi şəxslərə istinadən yaydığını açıqlayıb. 

Xəbərə görə, İŞİD-dən təmizlənəcək bölgələrə Türkiyənin quru qoşunları yeridiləcək və onlar bölgə xalqının, əsasən də türkmənlərin təhlükəsizliyini təmin edəcəklər. 

Beynəlxalq tədbirdə iştirak etmək üçün Malayziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra mətbuata Suriyaya müdaxilə ilə bağlı önəmli açıqlamalar vermişdi. Nazir, yaxın günlərdə ABŞ və Türkiyənin İŞİD-ə qarşı geniş miqyaslı əməliyyat başladacağını söyləmişdi. 

Türkiyənin Takvim qəzeti isə daha bir maraqlı faktı üzə çıxarıb. 

Qəzetin Türk Silahlı Qüvvələrindən əldə etdiyi məlumata görə, ordu həm İŞİD, həm də PKK terrorçularının bölgədən birdəfəlik təmizlənməsi üçün quru əməliyyatına hazırlaşır. 

İddiaya görə, türk hərbi hava qüvvələrinin son on gündə İraqın şimalındakı PKK hədəflərini bombardımanı öz müsbət nəticəsini verib. 500-ə yaxın PKK-lı öldürülüb, terrorçuların bütün kampları, silah anbarları darmadağın edilib. Canını qurtarmaq istəyən minlərlə PKK-lı terrorçu isə Suriyanın şimalına qaçıb. 

Lakin rəsmi Ankaranın bununla kifayətlənməyəcəyi və terrorçuların izinə düşərək Suriyanın şimalında da əməliyyata başlayacağı bildirilir. 

Qəzetdə qeyd olunur ki, ABŞ-la Türkiyənin birgə əməliyyatında əsas məqsəd tək İŞİD-i yox, PKK-nı da təmizləmək olacaq. 

İki ölkə ordu generallarının döyüş taktikası da dəqiqləşib. Belə ki, amerikalı əsgərlər İŞİD-lə, türk ordusu isə PKK ilə vuruşacaq. 

Qəzetin manşetdə paylaşdığı şəkil isə daha çox diqqət çəkib. Suriyanın paytaxt Dəməşqdən sonra ikinci ən böyük şəhəri olan Hələb və şimaldaki ərazilər Türkiyənin 82-ci vilayəti olaraq göstərilib. 

Qeyd edək ki, dünən ABŞ mediası da məhz həmin torpaqların Türkiyəyə qatılacağını xəbər vermişdi. İddiaya görə, ABŞ prezidenti Barak Obama və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bölgə üçün yeni xəritə hazırlayıblar. Hazırlanan xəritədə Suriyanın şimal torpaqları və Aralıq dənizinə qədər uzanan hissə Türkiyənin yeni vilayəti kimi göstərilir. Suriya ilə sərhəddə Fırat Çayının qərbində qalan seqmentin Türkiyəyə qatılacağı bildirilir.

Qərb mətbuatına görə, Türkiyə Suriyanın şimal ərazilərinin öz torpaqlarına qatılması şərtilə ABŞ ordusuna İncirlik hərbi bazasından istifadəyə icazə verib. 

453
Teqlər:
Barak Obama administrasiyası, PKK terror təşkilatı, PKK, İŞİD terror qruplaşması, İŞİD, Con Kerri, Mövlüd Çavuşoğlu, Hələb şəhəri, Hələb, Suriya, Türkiyə