Полад Бюль-Бюль оглы \ Polad Bülbüloğlu

Polad Bülbüloğlu: Sterliqov cinayət məsuliyyətinə cəlb olunmalıdır

58
(Yenilənib 15:25 23.07.2015)
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya vətəndaşı German Sterliqovun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərinə məlum səfəri ilə bağlı “Эхо Москвы” radiosunun canlı efirində müsahibə verib.

BAKI, 23 iyul — Sputnik. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Rusiya vətəndaşı German Sterliqovun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının ərazilərinə məlum səfəri, orada Azərbaycan dövləti və ərazi bütövlüyünə qarşı etdiyi çıxışlar və çağırışlarla bağlı “Эхо Москвы” radiosunun canlı efirində müsahibə verib. 

Müsahibə zamanı aparıcı Vladimir Varfolomeyev Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən G.Sterliqova qarşı cinayət işinin qaldırılmasının səbəbləri ilə bağlı sual verib. 

Suala cavab olaraq Səfir Polad Bülbüloğlu bildirmişdir ki, Dağlıq Qarabağ rəsmi olaraq bütün dövlətlər tərəfindən, o cümlədən Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazi kimi qəbul olunur. Bu terminin münaqişə ilə bağlı beynəlxalq qətnamə və sənədlərdə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə əks olunduğunu, Rusiyanın da TŞ-nin üzvü kimi bu qətnamələrə səs verdiyini, sözügedən ərazilərin de-yure Azərbaycan əraziləri olduğunu və burada Azərbaycan qanunlarının tətbiq edildiyini deyən Polad Bülbüloğlu bütün dünya dövlətlərinin ölkəmizin ərazi bütövlüyünü tanıdığını qeyd edib. 

Münaqişənin gec-tez həll olunacağına əminliyini vurğulayan Azərbaycanın Rusiyadakı Səfiri hər bir insan işğal olunmuş ərazilərə səfər etməklə bağlı cavabdehlik daşıdığını demişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Qara siyahı”sında adları qeyd olunan şəxslərin Azərbaycan tərəfinə əsaslı müraciət edəcəyi təqdirdə, həmin şəxslərin adlarının sözügedən siyahıdan çıxarılması məsələsinə baxıla biləcəyini bildirib. Lakin konkret G.Sterliqovun məsələsinə gəldikdə Polad Bülbüloğlu qeyd etmişdir ki, adıçəkilən şəxs işğal altında olan ərazilərə qanunsuz səfərdən, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmaq cəhdlərindən əlavə qondarma rejimin “müstəqilliyinin” tanınması, jurnalistlərə, müxtəlif iş adamlarına dəvətlər edib ki, bu da Azərbaycan Respublikası dövlətinə, ərazi bütövlüyünə qarşı çağırış kimi qəbul olunur. Bu səbəbdən də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının “Dövlət sərhədi”, “Pasportlar haqqında” Qanunlarının və ən əsası Azərbaycan Respublikasının Miqrasiya kodeksinin ciddi şəkildə pozulması səbəbindən cinayət işinin başlandığını söyləyən Səfir Polad Bülbüloğlu G.Sterliqovun hərəkətlərini təxribat adlandırıb və münaqişə zonasında atəşkəs rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vətəndaşlarına, onların münaqişə zonasına səfər etməkdən çəkinməyə çağırıb.

Səfir Polad Bülbüloğlu G.Sterliqovun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini qeyd edərək, məsələ ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun məşğul olduğunu demiş və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan ilə Rusiya arasında mövcud olan geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə olunacağını vurğulayıb. 

Canlı efir zamanı G.Sterliqovun işğal olunmuş Azərbaycan Respublikasının ərazilərinə səfəri, ölkəmizin buna sərt reaksiyası ilə bağlı sorğu aparılıb ki, burada səs verənlərin 78%-nin Azərbaycanın mövqeyini dəstəklədiklərini bildiriblər.

58
Teqlər:
German Sterliqov, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, Polad Bülbüloğlu