Azərbaycan Xalq Cəbhəsi Partiyası

Müxalifət partiyaları birləşsin, ya yox: cavablar müxtəlifdir

26
(Yenilənib 14:57 14.07.2015)
Pənah Hüseyn yeni bir ideya ilə çıxış edərək ölkədə siyasi partiyaların üzləşdiyi böhranlı vəziyyətdən çıxması üçün onların birləşməsini təklif edib.

BAKI, 14 iyul — Sputnik. AXP sədri Pənah Hüseyn Azərbaycan ictimai-siyasi həyatında hər zaman maraqlı ideyalıar müəllifi kimi tanınıb. Bu dəfə də o yeni bir ideya ilə çıxış edərək ölkədə siyasi partiyaların üzləşdiyi böhranlı vəziyyətdən çıxması üçün onların birləşməsini təklif edib. P. Hüseyn bəyan edib ki, artıq bu istiqamətdə partiyalarla iş gedir. Sadəcə danışıqlar prosesi parlament seçkiilərindən sonra reallaşacaq.

“Azadlıq-2015” seçki blokuna daxil olan VİP sədri Əli Əliyev  bildirdi ki, P. Hüseyn bir neçə dəfə belə bir ideya ilə blokun iclasında çıxış edib. “Əslində  AXP sədrinin  bu mövqeyi məntiqlidir. Çünki siyasi partiyalar bir araya gəlib təmərküzləşərlərsə, o zaman daha gücü ola bilərlər. Ancaq bunun praktik cəhətdən reallaşmasında müəyyən problemlər var. Bunu necə etmək olar? Birləşmə hansı mexanizmlə həyata keçrilməlidir və s.”, — deyə VİP sədri vurğuladı.

Onun sözlərinə görə, birləşmə prosesi yaranmış situasiyadan asılı olaraq baş verməlidir: “Hazırda ölkədəki siyasi partiyaların fəaliyyəti kifayət qədər məhdud olduğu bir dönəmdə belə bir prosesin başlanması özü kreativdir. Bu ideya özü siyasi partiyalarda bir canlanmaya səbəb ola bilər. Çünki həm kadr, həm maddi cəhədən problem yaşayan partiyalar üçün bu bir stimul ola bilər.”

VİP sədri onu da əlavə etdi ki, birləşmələrin parlament seçkilərindən sonra başlanması ilə bağlı səslənən təklif də müsbətdir. 

“Ona görə ki, parlament seçkilərindəın sonra üç il ölkədə seçkilər olmayacaq və siyasi partiyalar bu vaxtdan səmərəli istifadə edib birləşməklə özlərini növbəti seçkilərə daha yaxşı hazırlaya bilərlər”, deyə Ə.Əliyev bildirdi.

Ə.Əliyev ölkədə fəaliyyət göstərən siyasi partiyaların birləşməsini real hesab edir. Onun fikrincə, partiyaların əksəriyyəti 1980-ci illərin sonunda Azərbaycandakı xalq hərəkatından çıxıblar və onların birləşmə şansı daha yüksəkdir, burada mane ola biləcək amil isə ancaq liderlərin ambisiyası ola bilər.

Birləşmə ilə bağlı VİP-ə  hər hansısa təklifin olmasına gəldikdə isə Ə. Əliyev bildirdi ki, belə bir təklif olmayıb. “Əgər olarsa baxıla bilər. Çünki bu, bir qədər konkretlik tələb edən məsələdir. Biz birləşmə xatirinə birləşməyə deyil, keyfiyyətə üstünlük veririk. Təklif edən partiyanın keçdiyi yol, baxışları və digər amillər bizim üçün əsas şərtdir. Burada ümumiyyətlə subyektiv amillər kifayət qədərdir. Ümumiyyətlə birləşmə kifayət qədər mürəkkəb bir mexanizmdir.”

Azadlıq partiyasının sədri Əhməd Oruc isə hesab edir ki, belə təkliflər daha çox siyasi gündəmdə qalmaq üçün edilir: “Çünki zaman-zaman partiyaların birləşməsi ilə bağlı təkliflər gündəmə gəlib və demək olar ki, bunların mütləq əksəriyyəti təklif olaraq qalıb. Bu istiqamətdə heç bir addım atılmayıb. O baxımdan P. Hüseynin səsləndirdiyi bu təklifin də reallaşacağına inanmıram və indiki məqamda bunu real hesab etmirəm”, deyən Ə. Oruc onu da əlavə etdi ki, indiyədək Azərbaycanda partiyaların birləşməsinin yox, parçalanmasının şahidi olub: “Bu təklifi də sadəcə olaraq  siyasi gündəmdə qalmaq üçün edilən təklif hesab edirəm və reallaşacağına inanmıram.”

ADP sədri Sərdar Cəlaloğlu bu ideyanı mütərəqqi hesab edir: “Partiyaların birləşməsinin müxtəlif variantları var. Partiyaların güclənməsi ya digər partiyalarla ittifaqda, yaxud da bir-biri ilə birləşməsi nəticəsində ola bilər. Azərbaycanda hər hansı siyasi partiya gücə çevrilmək istəyirsə, bu iki yoldan birini seçməlidir.”

Onun sözlərinə görə, ADP tarixində ona yaxın siyasi partiya ilə birləşmə təcrübəsini yaşayıb və bunun müsbət nəticəsinin şahidi olub: “Belə ki, hər birləşmədən sonra ADP-nin qüvvəsi və ölkənin ictimai-siyasi həyatındakı reytinqi artıb və o real gücə çevrilib. Bu baxımdan P. Hüseynin təklifi yaxşıdır. Ancaq, bunun reallaşamsı nə qədər mümkün olacaq, bax bu çətin məsələdir.”

26
Teqlər:
ADP sədri, Azadlıq partiyasının sədri, VİP sədri, AXP sədri, partiya, ADP, VİP, Azadlıq partiyası, AXP, Sərdar Cəlaloğlu, Əhməd Oruc, Əli Əliyev, Pənah Hüseyn, Azərbaycan