Турция выборы

Seçkilərə 4 ay qalıb? Hiss olunmur

78
(Yenilənib 13:38 07.07.2015)
Noyabrın əvvəlində Azərbaycanda növbəti parlament seçkiləri keçriləcək. Seçkilərə 4 ay vaxt qalsa da, siyasi qüvvələrdə və cəmiyyətdə seçki ab-havası hiss olunmur.

BAKI, 1 iyul — Sputnik. Noyabrın əvvəlində Azərbaycanda növbəti parlament seçkiləri keçriləcək. Seçkilərə 4 ay vaxt qalsa da, siyasi qüvvələrdə və cəmiyyətdə seçki ab-havası hiss olunmur. Siyasi aktivliyin olamaması və seçkiöncəsi vəziyyətə gəldikdə politoloqlar bunu siyasi müxalifətin pərakəndəliyi, zəifliyi və şanslarının az olması ilə izah edirlər.

Seçkiöncəsi vəziyyəti dəyərləndirən politoloq Qabil Hüseynli Sputnik-ə açıqlamasında bildirdi ki, Birinci Avropa Oyunlarından sonra cəmiyyətin əsas diqqəti qarşıdan gələn parlament seçkilərinə yönəlib: “Artıq siyasi partiyalarda və ictimai birliklərdə bu məsələ ətrafında müzakirə başlansa da, bu, ancaq müzakirə səviyyəsindədir və cəmiyyətdə hiss olunmur.”

Müxalifətin seçkidəki şanslarını dəyərləndirən Hüseynli bildirdi ki, müxalif qüvvələrin əsas aparıcı partiyalarından olan Müsavatdakı son parçalanmalar partiyanı çox zəif salıb və partiya seçkidə iştirak edib-etməmək haqqında düşünmək faktı qarşısında qalıb: “Digər müxalifət qüvvələri olan AXCP və Milli Şura da seçkiləri boykot etmək barədə bəyanatlar səsləndirməkdədirlər. Guya ki, AXCP seçkidən heç nə gözləmədiyindən belə bir qərar verib. Bu isə siyasi partiya üçün yanlış taktikadır.”

Politoloqun fikrincə, siyasi partiyanın əsas qayəsi ölkədəki siyasi proseslərdə və seçkilərdə iştirak etməkdir və boykot siyasi partiya üçün seçkilərdə təcrübə qazanmaq baxımından düzgün addım deyil. “Müxalifətin digər aparıcı partiyalarından olan KXCP-də də vəziyyət o qədər ürəkaçan deyil. Burada da daxili ziddiyyətlər mövcudur və bu ziddiyətlər də partiyanın seçkilərdə uğurlu iştirakına mane olur. 

Seçki bloklarında da vəziyyət qaneedici səviyyədə deyil. Çünki bu bloklar da cəmiyyətdə kifayət qədər siyasi güc kimi formalaşa bilməyiblər”, — deyə Hüseynli qeyd edib.

Politoloq ümumiyyətlə siyasi müxalifətin seçkiöncəsi passivliyinin səbəbini onun zəifliyi ilə izah edib. “Ona görə də bu partiyaların seçki prosesinə rəsmi start verdikdən sonra aktivləşib uğur əldə edəcəyini gözləmək sadəcə sadəlöhvlük olardı”, — Hüseynli vurğulayıb.

Politoloq İlqar Vəlizadə də müxalifətin rəsmi start verildikdən sonra aktivləşib cəmiyyətdə ciddi dəyişikliyə nail olacağına inanmadığını dilə gətirdi.

Vəlizadə hesab edir ki, müxalifətin əsas aparıcı qüvvələrindən olan Müsavat Partiyasında parçalanmanın baş verməsi, AXCP və Milli Şuranın da mövqelərinin zəif olması ona gətirəcək ki, bu qüvvələr seçkiöncəsi vəziyyətdə müxalifət düşərgəsinin əksəriyyətini təmsil etmək iqtidarında olmayacaqlar. 

“Milli Şuranın yaz və yayın əvvəlində keçidiyi aksiyalar bunu deməyə əsas verir”, deyə o bildirdi.

Müxalifətdən fərqli olaraq iqtidarın bu seçkidə iştirakına gəldikdə isə Vəlizadə bildirdi ki, bu düşərgədə vəziyyət tamamilə fərqlidir və hakim siyasi partiya seçkilərə hazırdır və seçkiyə stratı gözləyir.

Politoloq Ərəstun Oruclunun fikrincə seçkiyə 4 ay qalmasına baxmayaraq ölkədə seçki haqqında söhbət belə getmir və yaxud da bu hiss olunmur: “Ona görə də seçki öncəsi vəziyyətdən danışmağın mənası yoxdur. Çünki seçki prosesi müvafiq hazırlıq tələb edir. Seçkiyə ən azından bir il hazırlaşmaq lazımdır. Amma görünən odur ki, seçkiyə 4 ay qalsa da, iddialı siyasi qüvvələrin və partiyaların heç birinin bu istiqamətdəki fəaliyyəti görünmür.” 

78