Arif Hacılı

Arif Hacılını məhkəməyə verdilər

62
Müsavat Partiyası sıralarından xaric edilmiş bir qrup şəxs partiya başqanı Arif Hacılıya qarşı Suraxanı rayon məhkəməsində iddia qaldırıb.

BAKI, 22 may-Sputnik. Müsavat Partiyası sıralarından xaric edilmiş bir qrup şəxs partiya başqanı Arif Hacılıya qarşı Suraxanı rayon məhkəməsində iddia qaldırıb.

Bu barədə Sputnik-ə zərərçəkmişdən biri — partiyanın Suraxanı rayon təşkilatının üzvü Əli Qasımbəyli məlumat verib.

O bildirib ki, partiyadakı özbaşınalıqlara, nizamnamə pozuntularına, tanınmış şəxslərin, ziyalıların, o cümlədən, vaxtilə partiyada rəhbər vəzifə tutmuş Qubad İbadoğlu və Vurğun Əyyubun xaric edilməsinə etiraz ediblər. Partiya qərargahının qarşısına toplaşıb etiraz aksiyası keçirdikləri üçün Müsavat rəhbərliyi bu şəxsləri "Müsavat partiyası Nizamnaməsinin 1.9 maddəsini pozduqlarına görə" partiya sıralarından xaric edib. Üzvlərsə Müsavatın qərarını partiya Nizamnaməsinin pozulması kimi qiymətləndiriblər. Odur ki, partiya və Arif Hacılı ilə bağlı Suraxanı rayon məhkəməsinə müraciət ediblər.

Üzvlərin xaric edilməsi üçün əsas gətirilən Müsavat Partiyası Nizamnaməsinin 1.9. bəndində deyilir: "Partiya üzvünün aşağıdakı vəzifələri vardır: — partiyanın Nizamnaməsinə əməl etmək; — partiyanın Proqramında və digər sənədlərində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirak etmək; — partiyanın ideologiyasının geniş yayılmasına, əhalinin milli şüurunun inkişafına və ideya-mənəvi yüksəlişinə kömək etmək; — partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq; — partiya orqanlarının qərarlarını vaxtında yerinə yetirmək; — partiyanın yerli təşkilatlarının birində fəaliyyət göstərmək və üzvlük haqqı vermək. Partiya təəssübkeşləri partiyanın təbliğatında və seçkilərdə partiya namizədinin müdafiəsində könüllü şəkildə iştirak edir".

62