Füzuli şəhəri Qarabulaq kəndinin yerində salınıb, burada azərbaycanlılarla yanaşı Rusiyadan köçürülən molokanlar da yaşayıblar. Sonradan Qarabulağın adı Karyaqinə dəyişib və yaşayış məntəqəsi mahalın inzibati mərkəzi olub. Müasir adını isə şəhər 1959-cu ildə görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibəti ilə alıb.
Erməni qüvvələri tərəfindən işğala qədər Füzuli rayonu Azərbaycanın mədəni və sənaye mərkəzi olub. Müharibəyə qədər burada yağ-pendir, şərab, asfalt zavodları, eləcə də tikiş fabriki fəaliyyət göstərib, dəmir-beton konsturksiyalar hazırlanıb.
Füzulidə həmçinin kitabxana, mədəniyyət evləri, klublar, kinoteatrlar, muzeylər, teatrlar və istirahət parkları fəaliyyət göstərib.
Ermənistan tərəfindən 1993-cü ildə işğal edildikdən sonra Füzulidə həyat dayanıb, bütün infrastruktur dağıdılıb.
2020-ci ilin oktyabrında Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonu işğaldan azad edilib. Füzuli rayonuna səfər edən bir qrup yerli və xarici jurnalistlər acınacaqlı mənzərənin şahidi olublar: binalardan yalnız fundament və fasadlar qalıb, çiçəklənən parklar dağıdılıb, teatr, muzey, məscidlərin isə izi belə qalmayıb. Vandalizmə hətta qəbiristanlıqlar məruz qalıb.