"Ölümüzü yox, dirimizi buradan çıxarın!"

1082
(Yenilənib 16:30 02.02.2016)
  • Qəzalı vəziyyətdə olan yaşayış binası
  • Qəsəbə sakini qəzalı vəziyyətdə olan divarı göstərir
  • Rütubətdən çürüyüb yararsız hala düşmüş döşəmə
  • Qəsəbə sakinləri
  • Vəziyyətdən narazı qəsəbə sakinləri
  • Hər an uçmaq təhlükəsi olan daha bir ev
  • Qaçqın yataqxanasının sakini
  • Yataqxanadan daha bir görüntü
  • Yataqxanada pəncərələr
Paytaxtda söküləcəyi gözlənilən ərazilərdə bərbad vəziyyət hökm sürür, sakinlərin həyatı təhlükə altındadır: "Binanın qabağından iri maşın keçməməsi üçün dua edirik"

Binəqədi və Qaradağ rayonlarının bəzi yerlərində yaşayış üçün yararsız olan binaların, o cümlədən qaçqın yataqxanalarının sökülməsi və yenidən qurulması nəzərdə tutulur. Bu barədə Nazirlər Kabineti ötən həftə qərar verib.

Mövcud vəziyyəti yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı sözügedən ərazilərə yollanıb. Ən xoşagəlməz və bərbad vəziyyət daha çox Lökbatan qəsəbəsində qeydə alınıb.

Sökülməsi planlaşdırılan "finski evlər" deyilən binalarda yaşayan sakinlər, ölümlə burun-buruna yaşadıqlarını bildirirlər. Qəzalı vəziyyətdə olan və təhlükəsizlik normalarına cavab verməyən bu binalarda çoxlu sayda ailələr yaşayır. Əgər buna yaşamaq demək olarsa…

Orta sürətli külək əsəndə belə evinin silkələndiyini deyən sakin Asif Şirinov hökuməti təcili addım atmağa çağırır. Sputnik-in əməkdaşı ilə söhbətində Şirinov qeyd edib ki, onların ölüsünü yox, dirisini vaxtında buradan çıxarmaq lazımdır.

"Binanın qabağından iri maşın keçməməsi üçün dua edirik ki, ev başımıza yıxılar. Bunlar çox qədim, 1940-cı illərdə tikilən "finski" adlanan taxta binalardır. Əgər sökülməsi planlanıbsa, xahiş edirik tezləşdirilsin", —deyir sakin.

Binanın fasadında, blokunda, həmçinin evlərin içindəki vəziyyət bərbad halda idi. Sakin Asif Şirinov, adi bir közlə bütün evlərin kül ola biləcəyini söylədi: "Bu binalar blokuna, fasadına kimi hamısı taxtadandır. Kimsə çaxmaq çəkib yandırsa, hər şey külə dönəcək".

Ərazidə çəkiliş aparıldığını görən digər sakinlər də Sputnik-in əməkdaşına yaxınlaşaraq, səslərinin hökumətə eşitdirilməsini xahiş etdilər. Həyat yoldaşının astma bronxitdən əziyyət çəkdiyini və hal-hazırda xəstəxanada yatdığını deyən bina sakini, evdə rütubətdən boğulduqlarını, mövcud şəraitdə xəstə yoldaşının bu evdə yaşamasının onun həyatına təhlükə yaratdığını söyləyib.

"Aşağıdakı qonşuya tez-tez su damır. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm. Amma heç bir nəticəsi yoxdur. Bəs onda niyə onları o vəzifəyə qoyublar? Biz öz dərdimizi kimə deməliyik?", —deyir narazı sakin.

Sakinlər bu ərazinin söküləcəyi barədə məlumatı televiziyadan eşitdiklərini, ancaq özlərinə hələlik heç bir məlumat verilmədiyini bildiriblər.

Qarşı tərəfdə yerləşən qaçqın yataqxanasındakı vəziyyət isə daha da betər idi. "Burda heç it də yaşamaz" deyən Rəna xanım, hökumətdən onları insan yerinə qoymağı tələb edir: "Gəlsinlər, bircə gün bura baş çəksinlər. Cəmi bircə gün nazirlər özlərini bizim yerimizə qoysunlar. Bəlkə daşlaşmış qəlbləri yumşalar və buranı normal təmir edələr".

Ərazidəki yararsız binaların dəqiq nə vaxt söküləcəyini öyrənmək üçün Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin nümayəndəsi Sputnik-ə açıqlamasında həmin binaların bu il ərzində söküləcəyini bildirdi: "Böyük ehtimalla yay fəslinə qədər həmin binalar söküləcək. Orada yaşayan insanlar üçün yeni binalar tikiləcək və bu işlər tamamlanana qədər ailələr müvəqqəti kirayə evlərə köçürüləcək. Kirayə xərclərinin hamısı dövlət tərəfindən qarşılanacaq".

Apardığımız müşahidələr, sözügedən binalarda yaşamağın son dərəcə təhlükəli olduğunu göstərir. Ümid edilir ki, dövlət vaxtında ciddi tədbirlər görər və bu sadə insanlar gec olmadan ölüm riskindən xilas olarlar.

1082
  • Qəzalı vəziyyətdə olan yaşayış binası
    © Sputnik / Fuad Hasanov

    Burada sakinlər ölümlə burun-buruna yaşayırlar.

  • Qəsəbə sakini qəzalı vəziyyətdə olan divarı göstərir
    © Sputnik / Fuad Hasanov

    Orta sürətli külək belə evlərin silkələnməsinə səbəb olur.

  • Rütubətdən çürüyüb yararsız hala düşmüş döşəmə
    © Sputnik / Fuad Hasanov

    Evlərin içindəki vəziyyət çox acınacaqlıdır.

  • Qəsəbə sakinləri
    © Sputnik / Fuad Hasanov

    Sakinlər bu ərazinin söküləcəyini televiziyadan eşidiblər.

  • Vəziyyətdən narazı qəsəbə sakinləri
    © Sputnik / Fuad Hasanov

    Sakinlər deyir, dərdimizi bilmirik kimə danışaq.

  • Hər an uçmaq təhlükəsi olan daha bir ev
    © Sputnik / Fuad Hasanov

    Bunlar çox qədim, 1940-cı illərdə tikilən “finski” adlanan taxta binalardır.

  • Qaçqın yataqxanasının sakini
    © Sputnik / Fuad Hasanov

    Yataqxana sakinləri deyir ki, burda insan yaşaması üçün heç bir şərait yoxdur.

  • Yataqxanadan daha bir görüntü
    © Sputnik / Fuad Hasanov

    Vəziyyət sözlə deyilməyəcək qədər dəhşətlidir.

  • Yataqxanada pəncərələr
    © Sputnik / Fuad Hasanov

    Yataqxananın bəzi yerləri dəhşət filmlərini xatırladır.

Teqlər:
yaşayış, Binəqədi və Qaradağ rayonları, sakin, narazılıq, söküntü, hökumət
Əlaqədar
Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var
Erməni yaşayış məntəqələrinə və hərbi obyektlərinə zərbə endiriləcək
«Yeni Bakı» yaşayış kompleksində rüşvət qalmaqalı
Bakıda yaşayış evində baş verən yanğında bir nəfər ölüb