Doktor, arxiv şəkli

Beş yüz manatlıq COVID-19 pasportu: Baş həkimin işi məhkəməlik oldu

19
(Yenilənib 17:09 15.09.2021)
İmran Ağayevin COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstədən 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib/

BAKI, 15 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikası FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış iş üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İmran Ağayevin COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxan Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, iş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, cari ilin 22 aprel tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və onların əlaltıları həbs olunublar. Həmin şəxslər koronavirus xəstələrinin tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsində ittiham edilirlər.

19
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

2
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

2
Teqlər:
İES, SES

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

3
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

3
Teqlər:
Ceyhun Bayramov, BQXK