Yaqub Zurufçunun vəziyyəti ağırdır: O, süni tənəffüs aparatına qoşulub

31
(Yenilənib 17:51 09.09.2021)
Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var.

BAKI, 9 sentyabr - Sputnik. Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Klinikadan Report-a bildiriblər ki, sənətçinin vəziyyəti ağırdır.

"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir", - xəstəxanadan bildirilib.

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub elə o illərdə Təbrizin uşaqlar proqramında iştirak edib və "Cücələrim" mahnısı ilə həm Azərbaycan və həm İranda dillər əzbəri olmuşdu. 11 yaşında isə xalq mahnıları və bəstəkar mahnılarıyla tez bir zamanda tanış olan və məharətlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa etmişdir. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirir.

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakultəsində təhsilinə başladı. Eyni zamanda Tehranın operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi. 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başladı və vokal sənəti üzrə diplom alan müğənni daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu almışdır.

Bu illərdə də ürəyində Azərbaycan musiqi sevdası yaşayan Yaqub Zurufçu hər zaman milli musiqi ruhuyla yaşayır və Azərbaycana gəlmək ən böyük arzularından biri olaraq qalırdı. Nəhayət 1989-cu illərin əvvəllərində Azərbaycanın məşhur müğənnilərindən biri olan Gülağa Məmmədov Almaniyaya gəldi və Yaqub Zurufçunun ayrılıq mahnısına çəkmiş olduğu sadə klipi görüb heyrətə gəldi. Azərbaycanın Cənubi və Şimali Azərbaycan adlı hissələrə ayrılmasına həsr edilən klipi Azərbaycana gətirdi və televiziyada yayınlandı. Ayrılıq mahnısı Azərbaycanın milli mənəvi dirçəlişinə yön verərək Azadlıq hərəkatı zamanında da çox sevildi və 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gəldi.

O, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb. Ailəlidir, 3 övladı var.

31
Toyuq əti, arxiv şəkli

Yenidən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

3
(Yenilənib 20:22 27.09.2021)
Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan APA-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Xatırladaq ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) bir müddət öncəki məlumatına əsasən, Polşa Respublikasının Malopolski vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski vilayətinin Olsztyn, Velikopolski vilayətinin Szamotuły, Kalisz, Opolski vilayətinin Krapkowice, Prudnik rayonlarında baş verən yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizotik ocaqları mövcud olub.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

3
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərtərdə vəziyyət

Müharibə buradan başlandı - Mülki şəhid verən qəhrəman şəhər

3
(Yenilənib 20:16 27.09.2021)
Vətən müharibəsi haqda ilk xəbərlərdə məhz bu yaşayış məntəqəsinin adı çəkilir - Tərtər. Düşmənin ilk hücumunu qəbul edən rayona savaş dövründə Ermənistan ordusu 16 mindən çox top, tank, "Qrad" mərmisi, həmçinin 21 ədəd qadağan olunmuş raket atdı.

BAKI, 27 sentyabr — Sputnik. Erməni terroru nəticəsində 16 nəfər mülki şəxsin həlak olduğu, 63 nəfərin yaralandığı Tərtərin sakinləri bir gün də olsun, öz evlərini tərk etmədilər. Buna səbəb isə ön xətdə düşmənə cavab verən Azərbaycan Ordusu idi.

"Tərtərin mülki əhalisi elə ilk gündən hədəfə alınmışdı. Buna baxmayaraq, vətəndaşlar Ordumuza, Ali Baş Komandanımıza arxayın idilər. Bu səbəbdən də bir nəfər də olsun evini tərk etmədi", - Şıxarx qəsəbə sakini Xəlil Nəsirov Sputnik Azərbaycan-a müsahibəsində deyir.

"27-si səhər tezdən başladılar atmağa. Bütün camaat girdi sığınacaqlara. Göydən od kimi tökdülər. Elə bildilər ki, camaat qaçacaq. Hara qaçır camaat? Elələri vardı, heç yerindən tərpənmədi. İki mülki vətəndaşımız həmin gün şəhid oldu", - X.Nəsirov bildirib.

© Sputnik / Emin Alisahib
Xəlil Nəsirov

Eyniadlı qəsəbənin sakini Çingiz Teymurov danışır ki, binaların hamısında ermənilərin atdığı mərmilərin izi vardı: “Gördüyünüz bu binaların hamısına mərmi düşmüşdü. Elə bina yox idi ki, oraya üçü-dördü düşməsin". 

“Demək olar ki, sağ yer, salamat ünvan qalmamışdı. Dayandığımız hər yeri atəşə tuturdular. Mən 25-ci binanın birinci mərtəbəsində oluram. Elə üç mərmi bizim evin yaxınlığına düşmüşdü. Qonşu bloka girib, içəridə partlamışdı. Şəhid olanımız da oldu burada, yaralananımız da", - hadisə şahidi İlqar İbarahimov ötən ilin hadisəsini xatırlayır.

Yerli əhali deyir ki, ermənilər yaşayış məntəqələrini ona görə vururdular ki, camaatı təşvişə salsınlar, müharibəni dayandırsınlar.

"Amma əksinə, heç kim qorxmurdu. Bəli, düşmən yanılmışdı. Anlamırdı ki, üstünə yağış kimi yağan güllələrə rəğmən, camaat Ali Baş Komandanına, qüdrətli ordusuna arxayındır", - İlqar İbrahimov deyir.

© Sputnik / Emin Alisahib
İlqar İbrahimov

“Şükür olsun Allahın böyüklüyünə ki, bizim qüdrətli ordumuz, dövlətimiz, dövlətin başçısı var. Çox sağ olsunlar! Böyük şücaət göstərdilər. Otuz ildir məcburi köçkün həyatı yaşayırdıq. Mən özüm Ağdam rayonundanam. Elə Tərtər rayonunda köçkünlük həyatı çəkmişik. Otuz ildir çıxdığım doğma kəndim buradan görünür. İllər boyu səhər-axşam gözümü oradan çəkə bilmirdim. İndi, şükür, azad edilib. Allah cəmi şəhidlərə rəhmət eləsin! Qəbirləri nurla dolsun. Çox zəhmət çəkdilər. Hər bir şəhid, hər bir qazi Azərbaycan xalqı üçün əzizdir. Çünki onlar bu insanların doğma yurd-yuvasının azadlığı uğrunda canlarından keçiblər", - Çingiz Teymurov bildirir.

Xəlil Nəsirov qeyd edir ki, müharibə vaxtı evləri dağılsa da, indi hamısı bərpa edilib: "Allah ordumuza kömək olsun! Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə də cansağlığı versin! Onların sayəsində torpaqlarımız azad olundu. İndi sakit yaşayırıq. Allah prezidentimizə də ömür versin. Müharibə vaxtı dağılan evlərimiz yenidən bərpa olundu. Şükür Allaha, indi arxayın yaşayırıq”.

Bu gün hamı razıdır, hamı rahatdır. Düşmənin atdığı güllələrə sinəsini sipər edən mülki əhalinin bir arzusu qalır. O da didərgin salındığı torpağına geri dönməkdir.

"Dinclik, sakitlikdir. Hamı xoşbəxt, firavan həyat sürür. Amma bir arzumuz var: bu müsahibələri öz torpağımıza gedib orada vermək. Gözümüz yoldadır. Bizi nə vaxt köçürərlər, görəsən?.." - İlqar İbrahimov deyir.

İlqar İbrahimov kimi bu gün bütün qarabağlıların gözü yoldadır. Otuz il əvvəl məcburi çıxarılaraq, köçkün salındıqları ünvanlara, ata-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

3