Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

11
"Azeri Light" neftinin qiyməti keçən il minimuma enərək 15,81 dollar, 2008-ci ildə maksimuma yüksələrək 149,66 dollar olub. Vahid Ələkbərovun fikrincə, neftin 65-75 dollara satılması həm istehsalçılar, həm də istehlakçılar üçün əlverişlidir.

BAKI, 8 sentyabr — Sputnik. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 72,48 dollar təşkil edib.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,34 dollar artaraq 72,03 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,42 dollar bahalaşaraq 68,77 dollar olub.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 20-ci iclasında, iyul ayında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq gündəlik neft hasilatının oktyabrda 400 min barel artırılması barədə əldə edilmiş razılaşmaya Azərbaycan da öz dəstəyini ifadə edib.

Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının oktyabrda daha 7 min barel artırılaraq 640 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 78 min barel həcmində olmasını nəzərdə tutur.

Vahid Ələkbərov: Bir barel neftin 65-75 dollara satılması daha əlverişlidir

"Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, neftin bir barelinin 100 dollara satılması bu sahənin yenidən çökməsinə gətirib çıxarar. Onun sözlərinə görə, bir barel neftin 65-75 dollara satılması həm istehsalçılar, həm də istehlakçılar üçün əlverişlidir. Neftin qiymətinin həddindən artıq artması neft bazarının çökməsinə gətirib çıxarar.

11
Teqlər:
neft
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

7
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

7

Fransalı merin adı "qara siyahıya" salınacaq: Azərbaycan XİN xəbərdarlıq etdi

5
(Yenilənib 13:32 16.09.2021)
Leyla Abdullayeva deyib ki, Azərbaycan qanunvericiliyini pozduğu üçün fransız deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır.

BAKI, 16 sentyabr - Sputnik. Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.

"Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa Milli Assambleyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri, Sarsel şəhərinin nümayəndəsinə qarşı da Azərbaycana giriş qadağası tətbiq ediləcək. Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir", - XİN rəsmisi vurğulayıb.

5