Bakıdan uçan Azərbaycan Hava Yolları na məxsus ən böyük Airbus A340-500

Tarixi uçuş: "Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib

2717
(Yenilənib 11:55 05.09.2021)
Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib.

BAKI, 5 sentyabr — Sputnik. Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.

Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).

  • "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi
    © Photo : TREND
  • Füzuli Beynəlxalq Hava Limanında
    © Photo : AZƏRTAC
  • "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi
    © Photo : AZƏRTAC
  • Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400"
    © Photo : AZƏRTAC
1 / 4
© Photo : TREND
"Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

"Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irələ sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilib " - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Füzuli beynəlxalq hava limanında uzunluğu 3 000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunmuşdur. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatmışdır. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.

Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını "Zəfər Yolu" və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.

Füzuli Beynəlxalq hava limanı necə yarandı

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib. Hava limanında beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır.

"Füzuli" Beynəlxalq hava limanında 20-25 avqust tarixlərində müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.

Hava limanında işlərin gedişi ilə tanıış olmaq üçün dəfələrlə Füzuliyə səfər etmiş Prezident İlham Əliyev çıxışlarının birində belə deyib:

"Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır".

Ən müasir hava limanı 

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.

Həmçinin oxuyun:

* Qarabağın hava qapısı: Bu gün Füzuli hava limanına ilk sınaq uçuşu olacaq

Dövlət başçısı və birinci xanım Füzuli Hava Limanında görülən işlərlə tanış olublar

2717
Həkim, arxiv şəkli

Bekarsınız? Psixoloq bunun gözlənilməz faydalarını açıqladı

2
(Yenilənib 22:36 18.09.2021)
Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur.

 

BAKI, 18 sentyabr — Sputnik. Çoxları istirahət etməyi və bekar olmağın faydalı ola biləcəyini unudub. Bu barədə Sputnik Radio-ya açıqlamasında Rusiyanın "Psixodemiya" Təhsil Mərkəzinin konsultativ psixologiya və psixoterapiya laboratoriyasının müdiri Nataliya Kiselnikova deyib.

Onun sözlərinə görə, məhsuldarlığa can atmaq insan həyatının daimi bir hissəsi olmamalıdır.

"Bekar olmaq, çətin ki, özü-özlüyündə nəticə hesab oluna, lakin o, dəyər ola bilər. Cəmiyyətdə belə bir anlayış var ki, insan istirahət etmək və heç nə etməmək imkanını qazanmalıdır. Nəticədə bu, stressin səviyyəsinin artmasına səbəb olur", - deyə Kiselnikova bildirib.

O vurğulayıb ki, əksəriyyət bekar olarkən özünü günahkar hiss edir ki, bu da insanın nə istirahətdən, nə də işdən həzz almaması ilə nəticələnir.

Psixoterapevtin sözlərinə görə, çoxlarının istirahət hesab etdiyi şey heç istirahət də deyil. Bura xəbərlərin oxunması və digər məlumat yüklənmələri daxildir. Kiselnikova insanlara hər gün ən az 15 dəqiqə tamamilə sakitlikdə qalmağı tövsiyə edir. Mütəxəssis vurğulayıb ki, bu heç də asan məsələ deyil.

Eləcə də oxuyun:

2
Əməkdar İncəsənət xadimi, professor Amin Novruzov

Film çəkənlərlə çəkməyənlərin dediyi dərs: "O, Azərbaycan kinosunu qara günə qoydu"

41
(Yenilənib 22:32 18.09.2021)
"Özgə vaxt", "Qızıl qaz", "Cin mikrarayonda", "Şərikli çörək" və s. kimi filmlərə ekran həyatı verən Amin Novruzov Sputnik Azərbaycan-a müsahibəsində kinomuzun hazırkı və əvvəlki durumunu müqayisə edib, köhnə filmlərin çəkiliş meydançasından maraqlı anları yada salıb.

BAKI, 18 sentyabr — Sputnik. Amin Novruzov - Azərbaycanın əməkdar incəsənət xadimi, 60-dan artıq filmin operatorudur. İndiki adla desək, təsvir rejissorudur. ÜDKİ-nin kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil alan sənətkar 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərib. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərən Novruzovun qonağı olduq.

Səhhəti ilə əlaqədar sənətdən və universitetdən uzaqlaşıb. Azərbaycan kinosunun dünəni və bugünkü problemlərindən Sputnik Azərbaycan-a bəhs edən Amin müəllim bildirir ki, son dövrlər səhhətilə bağlı Azərbaycan kinosunu izləmir. Televiziyada yayımlanan seriallara gəldikdə isə, sənətkar düşünür ki, onlara da baxmasa, yaxşıdır: "O seriallara baxıb zövqümü korlamaq istəmirəm. Bir "Yuxu kimi" serialına baxıram, o da tələbəmin işidir deyə baxıram. Digərlərinə baxanda, ona "yaxşı" demək olar".

Ötən illərin xiffətini çəkən kinooperator kinostudiyanın Sovet dönəmindəki fəaliyyətindən söhbət açarkən bildirir ki, bir vaxtlar kinostudiya kino adamları ilə aşıb-daşırdı. İndi isə tərk edilmiş xarabalığa bənzəyir. Hərdən bir-iki heç kəsə lazım olmayan şou proqramları buranın pavilyonunda çəkirlər, vəssalam. Halbuki Sovet dönəmində o pavilyonda filmlər çəkilərdi.

Amin müəllim vurğulayır ki, kinonun bugünki hala gəlib çatmasında ən böyük günahkar keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevdir: "Qarayev Azərbaycan kinosunu qara günə qoydu. Bu sahə tamamilə çökdü onun dövründə. O illər üçün çox darıxıram. Bugünkü kimi deyildi o vaxt. Dəhlizlərdə o qədər insan olurdu ki, iynə atsan, yerə düşməzdi. Ən əsası da hər kəs başını aşağı salıb öz işini görürdü. Və insanlar işlərini məsuliyyətlə yerinə yetirirdilər. Ümid edirəm ki, yeni nazir bu sahəni dirçəldər.

Kinostudiyanın bütün maddi- texniki bazası məhv oldu köhnə nazirin dövründə. Evim kinostudiyanın yaxınlığındadır. Həkimim mənə hər gün piyada gəzməyi məsləhət görüb. Mən də hər gün, demək olar ki, kinostudiyanın həyətini gəzirəm. Ürəyim ağrıyır, heç cür oranın o vəziyyəti ilə barışa bilmirəm. Yeni direktor Fariz Əhmədov nəisə etməyə çalışır, amma maddi-texniki baza yoxdur".

2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşan həmsöhbətimiz bildirir ki, film çəkməyən müəllimin univeristetdə dərs deməsi doğru deyil: "İndi bilmirəm, orada kim var, kim yox. Amma eşitdiyimə görə, film çəkməyən insanlar dərs deyirlər. Kino sahəsində tələbə yetişdirən müəllimin gərək film sahəsində praktikası olsun. Savadı olmayan, heç bir film çəkməyən müəllimin ixtiyarı yoxdur auditoriyaya girməyə".

""Azərbaycan kinosu" deyiləndə nədənsə insanların ağlına ilk Sovet dönəmində çəkilən filmlər gəlir. Halbuki son dönəmlər də film çəkilir. Sizcə, bu nədən qaynaqlanır?" sualına Novruzovun cavabı belə oldu: "Bizim dövrümüzdə film çəkməyə gedəndə 7 maşın gedirdik – operatorun, rejissorun, qrimyorların, aktyorların maşınları ayrı-ayrı olardı. İndi isə kino avadanlıqları və kinonun bütün yaradıcı heyəti bir maşında gedir. Ona görə də aləm qarışır bir-birinə. Film də keyfiyyətsiz alınır. Həm də komanda olaraq çox mehriban olurduq".

Amin müəllim söhbət zamanı onu da bildirdi ki, o dövrdə sənət adamına xüsusi diqqət, hörmət var idi. Hansısa ucqar kəndə gedəndə təmtəraqla qarşılanırdılar. Bunun səbəbi sənət adamlarının sənətlərinə olan sevgisindən irəli gəlirdi. İndi isə filmlər efirə gedir, tamaşaçı da baxır ki, film olduqca bayağıdır. Elə ona görə də həmin filmdə çəkilən aktyorun cəmiyyətdə nüfuzu olmur:

"İndikilər çox müştəbehdilər, elə ona görə də insanlar onlara hörmət eləmirlər. Ramiz Əzizbəyli ilə iki film çəkmişəm – "Yalan" və "Bəxt üzüyü". "Yalan" filminin bəzi kadrlarını Qubada çəkmişdik. Bizi çox hörmətlə qarşılamışdılar. Biz bir həyətə girdik. Orada istədiyim fakturanı almaq üçün dəyişikliklər etdik. Filmdən sonra hər şeyi əvvəlki vəziyyətinə qaytardıq. Amma gənc həmkarlarımız gedirlər hansısa rayona, ziyanlıq vururlar, heç üzürxahlıq da eləmirlər. İnsanlar onlara necə dəyər versinlər?"

Müsahibimiz ekran müəllifi olduğu filmlərin pərdəarxası məqamaları, başına gələn ekstrimləri, məhrum sənətkarla olan xatirlərini bizimlə bölüşüb: ""Qatır Məmməd" filmində Teyyub Axundovun köməkçisi idim. Şahmar Ələkbərov mənə dedi ki, "Atam, (mənə "atam" deyirdi) gedək atları gətirək, gələk. Dedim, ay Şahmar, mən at sürə bilmirəm axı, qorxuram atdan. Dedi, sən qorxma, mən yanında olacağam. Mən, aktyor Rafiq Əzimov, Ceyhun Mirzəyev və Şahmar mindik maşına, getdik atları gətirməyə. O vaxt film üçün atları Dağıstandan gətirirdilər. Atları mindik, gəlib Biləcəri tərəfə çatanda Şahmarın atı hürkməyə başladı. Mənim də atım ona qoşuldu. Bir də baxdım ki, camaat başıma yığılıb. Sən demə, at məni yerə çırpıb. Şahmar dedi, qalx ayağa, min ata, gedək. Daha yıxılmayacaqsan. Dedim, yox, mən bir də ata minmərəm".

Amin müəllim 1978-ci ildə lentə alınan "Qaynana" filminin çəkiliş prosesindən söhbət açıb:

"Nəsibə Zeynalova "Qaynana" filminə qədər başqa filmlərdə çəkilmişdi, amma onlar epizodik idi. "Qaynana" filmində isə baş rolu ifa edirdi. Nəsibə xanım çox peşəkar teatr aktrisası idi. Teatr aktyorları da həmişə improvizə edirdilər. Bu da filmin rejissoru Hüseyn Seyidzadənin xoşuna gəlmirdi. Aralarında həmişə mübahisə olurdu. Nəsibə xanım oturub ağlayırdı, sonra Hüseyn müəllim onun könlünü alırdı, barışırdılar və çəkiliş davam edirdi".

İllərdir ki, Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi "Bəxt üzüyü" filmində də maraqlı məqamlar olub. Həmsöhbətimiz filmlə bağlı bəzi faktları bölüşüb: "Tanrıverdinin ad günü olan səhnəni əl kamerası ilə çəkirdik. Dava səhnəsini çəkməzdən öncə Ramiz Afaq xanıma deyib ki, yıxılanda sazı at yerə. Üç dubl çəkdik, sazı əlindən buraxmadı ki, buraxmadı. Ramiz də hirsləndi ki, burax da sazı. Sən demə, sazın sahibi Afaq xanıma əvvəlcədən deyib ki, sazı əlinizdən buraxmayın, sınar. Axır biz elə çəkdik ki, Afaq xanım yıxılır və sazı qarnının üstündə çalır. İndi düşünürəm ki, yaxşı ki, sazı buraxmayıb, ona da bir don geyindirəcəkdilər".

"Başqa bir maraqlı fakt, Sevda dənizdə zırpının batdığını xəbər verir, Afaq da qaçır. Mən və assistentim onun dalınca qaçırdıq. Ayağı daşa dəyir, yıxılır, mən və assistentim də onun üstünə yıxıldıq. Qorxdum ki, kamera sınar, xoşbəxtlikdən, salamat idi. Həmin səhnəni çəkən vaxt kameranı qurdum, Afaq da kameraya tərəf qaçırdı. O da kök idi axı, dedim, ay Allah, gəlib kameraya dəysə, kamera sınacaq. Baxmayaraq ki, dolu bədənli idi, amma həddindən artıq sürətlə qaçırdı. Gəlib kameraya çatanda uşaqlar arxadan tutdular ki, gedib kameranı yıxmasın. Həm də yuxarıdan aşağıya tərəf qaçdığından sürət daha da artır.

Oradakı araq səhnəsi də təbii idi, həqiqətən də arağın tapılmayan vaxtı idi. Rəhmətlik Ramizə dedim, əşşi, neyləyirsən arağı, gəl içinə su tökək. Dedi yox, araq olmalıdır. Güc-bəla ilə araq tapdıq", - deyə A. Novruzov əlavə edib.

"Özgə vaxt", "Qızıl qaz", "Cin mikrarayonda", "Ləqəbi "İka"dır", "Şərikli çörək", "Son döyüş", "Arxada qalmış gələcək" və s. kimi filmlərə ekran həyatı verən Amin Novruzov hazırda təqaüd almır. O təqaüdlə bağlı hələ Əbülfəz Qarayevin dövründə altı il Mədəniyyət Nazirliyinə müraciət edib, amma cavab verməyiblər. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, son iki ildə heç bir sənət adamına təqaüd təyin olunmayıb.

Eləcə də oxuyun:

41