Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışında iştirak edib

Mikayıl Cabbarov İlham Əliyevə sənaye parkları barədə məlumat verib

854
(Yenilənib 15:59 03.09.2021)
Mikayıl Cabbarov prezidentə deyib ki, ölkəmizdə sənaye parklarının yaradılması istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir.

BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında "Azmonbat" Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə yaradılan sənaye parkları barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, ölkəmizdə sənaye parklarının yaradılması istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından çox əhəmiyyətlidir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.

Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Sumqayıt Kimya Sənaye Parkında yaradılan "Azmonbat" Məhdud Məsuliyyət Cəmiyyəti də bu müəssisələrdən biridir. Müəssisə Parkda fəaliyyətə başlayan 17-ci rezidentidir.

"Azmonbat"da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Məlumat verilib ki, müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir.

İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

"Azmonbat" MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib.

Həmçinin oxuyun: 

* Prezident Sumqayıtda yeni yaşayış kompleksinin təməlini qoydu

* İlham Əliyev Sumqayıtda: Məhkəmə və məktəb açıldı, sosial evlərin təməli qoyuldu

 

854
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama

7
(Yenilənib 10:53 25.09.2021)
DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:

“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:

“Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.

"Ərazidə olan  yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".

7
Teqlər:
Polis, vətəndaş, məktəb, döyülmə
Bakı küçələrində dezinfeksiya işləri

Bu gün şəhərə çıxmayın, dezinfeksiya aparılır!

3
(Yenilənib 10:57 25.09.2021)
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

BAKI, 25 sentyabr — Sputnik. Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdə bildirilir ki, ölkə vətəndaşlarının koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriləcək.

"Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər".

Həmçinin oxuyun:

İki gün keçmədi, Bakı məktəblərində yüksək temperatur qeydə alındı

3
Teqlər:
dezinfeksiya