Bərdənin Köçərli kəndində taxıl biçilmiş sahə şumlanır

Əkin bəyanlarını verməyə tələsin, yoxsa subsidiya ödənilməyəcək

22
(Yenilənib 15:52 01.09.2021)
AKİA rəsmisinin sözlərinə görə, vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək.

BAKI, 1 sentyabr — Sputnik. Bu gündən 2022-ci il üçün əkin bəyanlarının qəbuluna başlanılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Sputnik Azərbaycan-a verilən məlumata görə, 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır.

Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, eləcə də Sabirabad, Masallı, Şəki, Kürdəmir, Ağcəbədi, Bərdə, Qəbələ, İmişli, Şamaxı, Tovuz, Balakən, Gəncə Regional ASAN xidmət mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.

AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.

Qeyd edək ki, elektron kabinet ildə bir dəfə yenilənir. Əgər fermer onu ilin əvvəli aktivləşdiribsə, yenidən aktivləşdirməsi tələb olunmayacaq. Bəyan olunan bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, "Müraciət et" düyməsinə sıxaraq fermer elektron ərizəni formalaşdırır və sonradan onu dəyişmək imkanı olmur. Əgər yanvar ayına qədər əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib "Müraciət et" düyməsinə sıxmadan fermer 30 dekabra qədər bəyanı dəyişdirə bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.

Fermerin əkin sahəsinin həcmi 5 ha və daha yuxarıdırsa, o, torpağının aqrokimyəvi analizini də aparmalıdır. Əgər bunu ötən il edibsə, bu il aqrokimyəvi analizin aparılmasına ehtiyac yoxdur.

AKİA rəsmisi onu da əlavə edib ki, vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq.

Xatırladaq ki, bu bəyanlar 2022-ci il üzrə əkin subsidiyasının alınması üçündür. Bəyanların qəbulu dekabrın 30-da başa çatacaq.

22
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

8
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

8

Çörək bazarında ləngər, alma bağında bayram - Həftənin iqtisadi mənzərəsi

44
(Yenilənib 09:22 18.09.2021)
Bəzi çörək növlərinin bahalaşması, un istehsalçılarına subsidiyaların verilməsi, tədiyə balansı, pandemiyadan ziyan görmüş şirkətlərə dövlət dəstəyi və digər məqamlar Sputnik Azərbaycan-ın icmalında.

BAKI, 18 sentyabr — Sputnik. Bu həftə Azərbaycanda maraqlı iqtisadi hadisələr baş verib. Mühüm hadisələrdən biri paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq "Buzovna-1" yarımstansiyasının açılışıdır. Prezident İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib

Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu layihələr, ilk növbədə, insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına, onların rahatlığının təmin edilməsinə, sosial məsələlərinin həllinə yönəlib. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxımından da çox önəmlidir.

Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır. Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.

Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edilib. Ümumilikdə, "Azərişıq" ASC tərəfindən yeni inşa olunan qapalı tipli yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Paytaxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeraltı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımından etibarlılığı 2-3 dəfə çoxdur.

Prezident İlham Əliyev "Buzovna-1" yarımstansiyasını işə salıb.

Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Ağıllı şəbəkə konsepsiyası" əsasında görülmüş işlər barədə də məlumat verilib.

Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.

İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəbəkə" konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.

Əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Prezident İlham Əliyev "Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncamla AğstafaQazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yolları yenidən qurulur

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Un istehsalçılarına subsidiya veriləcək

Sentyabrın 16-da baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. Məqsəd dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artımının qarşısının alınmasıdır.

Bu qərarın qəbul edilməsi nəticəsində un istehsalçılarına subsidiya verilməsi sentyabr ayından sonrakı dövrdə də davam edəcək.

Əlavə olaraq, qərarda ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə təsirlərin azaldılması məqsədilə 2021-ci il sentyabrın 1-dən un istehsalçılarına satılan unun hər tonuna görə ödəniləcək subsidiyanın məbləğinin hesablanması qaydası da müəyyən edilir.

Təsdiq edilmiş qaydaya əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə, ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri və istehsalçının marjasının cəmi ilə unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq həcmində subsidiya veriləcək.

Subsidiya verildiyi müddətdə dünya birjalarında ərzaqlıq buğdanın qiymətlərinin monitorinqini aparsın və əldə edilmiş məlumatların ayda bir dəfə taxıl idxalçılarına çatdırılmasını təmin ediləcək. Maliyyə Nazirliyi bu Qərara uyğun olaraq tələb olunan subsidiya məbləğinə dair İqtisadiyyat Nazirliyinin məlumatları əsasında subsidiyanın ödənilməsi məqsədilə maliyyələşmə mənbələri barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2021-ci il dekabrın 31-dək Nazirlər Kabinetinə təqdim edəcək.

Qeyd edək ki, bəzi çörək növlərinin qiymətində artım baş verib. İstehsalçılar qiymət artımını xammalın dəyərinin və daşınma xərclərinin artması ilə izah ediblər. Qiymət artımı xüsusilə "Çörəkçi" və "Nömrə 1" çörək zavodlarının məhsullarında hiss edilib. Lakin bütün istehsalçılar qiyməti artırmayıb.

Azərbaycanın tədiyə balansı açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib.

Cari əməliyyatlar balansında 1.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0.6 milyard dollarlıq kəsir yaranıb, ehtiyat aktivləri 1.3 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 58 dollar/barel olub, qeyri-neft ixracı isə 20% artıb.

Beləliklə, 2021-ci ilin ilk yarısında Azərbaycanın tədiyə balansının ümumi saldosunda 1 261,3 mln. dollarlıq profisit (ÜDM-in 5,4%-i) yaranıb. Halbuki ötən ilin eyni dövründə tədiyə balasında 957,5 milyon dollarlıq kəsir yaranmışdı.

2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1.9 milyard və ya ÜDM-in 8%-ni təşkil edib (2020-ci ilin 6 ayı üzrə 598.2 milyon dollar olub). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40.7% artaraq 4.6 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 1.8% artaraq 2.7 milyard dollar məbləğində olub.

2021-ci ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 13.2 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə 6.4 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 2.9 milyard dollarlıq kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 3.5 milyard dollar həcmində profisit yaranıb. Hesabat dövründə Azərbaycanın dünyanın 172 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 13.6%-i MDB üzvü olan dövlətlərin, 86.4%-i isə digər xarici dövlətlərin payına düşür.

Qeyd edək ki, tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.

Azərbaycan məhsulları ilk dəfə "Heimtextil Russia 2021" sərgisində

Sentyabrın 14-də Rusiyanın paytaxtı Moskvada ev tekstili, interyer parçaları və dekor materiallarının nümayiş olunduğu "Heimtextil Russia 2021" sərgisi öz işinə başlayıb. Sərgidə tekstil sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını təqdim etmək, həmçinin təcrübə mübadiləsi və yeni əməkdaşlığın qurulması imkanı əldə ediblər.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsulların istehsalında fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunub. Eyni zamanda, Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunub. Sərgi sentyabrın 16-dək davam edib.

Makroiqtisadi proqnozların müzakirəsi davam etdirilir

Maliyyə Nazirliyi tərəfindən "2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.

Qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır.

Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunmuşdur.

Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilmişdir. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmamışdır. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək.

Pandemiyadan ziyan görmüş şirkətlərə dəstək verilir

Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlərə 12 ay müddətində hesablanmış faizlər üzrə subsidiya verilir.

Bununla bağlı Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə" Qərarında dəyişiklik edilib.

Bildirilib ki, faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 (on iki) aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.

Həmin müddətlər ərzaqlıq buğda təchizatçılarına münasibətdə daha 12 ay uzadılaraq 24 ay müəyyən edilib.

Ümumilikdə 65 müəssisədən Rusiyaya alma ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 2021-ci il 14 sentyabr tarixindən daha 11 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.

Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 65 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 144767 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 216 %-i həcmindədir.

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin formalaşdırılmasına başlanılıb

"İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb.

Hazırda Baş İdarənin strukturunun formalaşdırılması, onun işçi qüvvəsinin planlaşdırılması, fəaliyyətinin təşkili ilə bağlı zəruri təminat məsələlərinin həll edilməsi üzərində iş aparılır.

Strukturun əsas bölmələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsi, eləcə də idarənin fəaliyyətinin dəstəklənməsi məqsədilə digər təminedici struktur vahidlərindən ibarət olması nəzərdə tutulub.

Baş İdarənin statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabərdir və Komitənin strukturuna daxil olan qurumdur. Bununla əlaqədar olaraq, Baş İdarədə dövlət qulluğu vəzifələrinə qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan müsabiqə əsasında həyata keçiriləcək.

Ətraflı məlumat üçün "office@arxkom.gov.az" elektron poçt ünvanına və ya (+994 12) 595-13-50 və 493-34-67 (daxili 137 və 144) əlaqə nömrələrinə müraciət edilə bilər.

Sahibkarlar "Rebuild Karabakh 2021" sərgisinə dəvət olunur

Azərbaycandakı beynəlxalq sərgilərin təşkilatçısı "Caspian Event Organisers" şirkəti sahibkarları və iş adamlarını I Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - Rebuild Karabakh 2021" sərgisinə dəvət edir.

Oktyabr ayında keçiriləcək "Rebuild Karabakh 2021" sərgisinin məqsədi Qarabağın bərpası ilə bağlı layihə və strategiyalarını təqdim edən müvafiq dövlət strukturları və təşkilatları ilə yerli və xarici şirkət nümayəndələri arasında effektiv biznes dialoqun yaradılmasıdır.

Sərgidə bankçılıq və investisiyalar, energetika, ekologiya, informasiya texnologiyaları, inşaat, kənd təsərrüfatı, qida sənayesi, mədənçilik, nəqliyyat, sağlamlıq, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri fəaliyyət göstərəcək.

"Rebuild Karabakh 2021" sərgisində Azərbaycan, Böyük Britaniya, İsrail, Rusiya, Qazaxıstan, Türkiyə və Ukraynadan olan şirkətlər öz məhsul və xidmətlərini təklif edəcəklər.

Sərgidə, həmçinin Qarabağda planlaşdırılan və ya artıq həyata keçirilən layihələrin təqdimatı olacaq, dövlət qurumlarının nümayəndələri, sənaye mütəxəssisləri ilə danışıqlar və görüşlərin keçirilməsi imkanı yaradılacaq.

Bundan başqa, sərgi çərçivəsində işgüzar tədbirlərin geniş proqramı, o cümlədən B2B – ikitərəfli görüşlər, təqdimatlar, mühüm məsələlərin müzakirəsinə həsr olunmuş dairəvi masalar, tədbirlər və sair təşkil olunacaq.

Həmçinin oxuyun:

Azərbaycanda küncüt yığımına başlanılıb

Qarabağda yeni iqtisadiyyat quruculuğuna həsr olunmuş konfrans öz işinə başlayıb

Azərbaycan Rusiyanın Saratov vilayəti ilə iqtisadi əməkdaşlığı gücləndirəcək

44
Teqlər:
həftə, iqtisadi, həftənin icmalı