Kinolent, arxiv şəkli

Azərbaycanda bir ilk: tok-şou tipli serial yayımlandı

56
(Yenilənib 18:02 31.08.2021)
Rollarda Əməkdar artistlər Qorxmaz Əlilicanzadə, Nəsibə Eldarova, İlqar Cahangir, aktyorlar Türkay Cəfərli, Ümüd Abbas Nihani, Kamran Muradlı, Ceyhun Əhəd və başqaları çıxış edirlər.

BAKI, 31 avqust — Sputnik. Azərbaycanda bir ilk dəfə tok-şou tipli serial yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, "Qəsrin Ulduzu" adlı yeni "YouTube" layihəsinin müəlliflərinin sözlərinə görə, bu, Azərbaycanda bir ilkdir. Həm tok-şou, həm də absurd komediya serialı kimi təsvir olunan bu layihənin ideya və ssenari müəllifləri Orxan Bahadırsoy və Kənan İbrahim Məmmədlidir.

Rollarda əməkdar artistlər Qorxmaz Əlilicanzadə, Nəsibə Eldarova, İlqar Cahangir, aktyorlar Türkay Cəfərli, Ümüd Abbas Nihani, Kamran Muradlı, Ceyhun Əhəd və başqaları çıxış edirlər. Layihənin 1-ci bölümünün qonağı müğənni-bəstəkar, Əməkdar artist Elza Seyidcahandır.

Layihə müəlliflərindən biri olan Orxan Bahadırsoy bildirir ki, günümüzdə televiziya öz yerini internet portallarına verib tarixə qovuşmaqdadır. Bahadırsoyun fikrincə, bu format Azərbaycan tamaşaçısı üçün maraqlı, baxımlı olacaq:

"Biz də tarixin bu keçid mərhələsində yeni dövrə hansı yeniliklərlə qədəm qoyacağımız barədə düşünürdük ki, bu yeni formatı tapdıq. Dərhal layihələşdirib "Racool Studio"-ya təqdim etdik. "Racool Studio"nun rəhbəri, həm də bu layihənin icraçı direktoru və prodüseri olan Balaş Mirzəbəy də bizim təsəvvürümüzdəki formatı öz təsəvvüründə canlandırdı və dəstəklədi. Beləcə, birinci bölümü pilot bölüm kimi ərsəyə gətirdik".

Sözügedən serial haqqında danışan Kənan İbrahim Məmmədli bildirir ki, bu, həm şoudur, həm də serial. Serial hissəsində cərəyan edən hadisələr, dramaturji xətt var. Bakının ehtişamlı qəsrlərindən birində yaşayan iki gənc oğlan – Əli və Vəli koronavirus pandemiyası ilə iflasa uğrayır və bir milyondan çox borc içində naçar qalırlar. Baxmayaraq ki, Vəlinin ulu babasından onlara qalan böyük bir qəsr var, onu da sata bilmirlər.

Çünki, bütün baba və nənələr bu qəsrin həyətində dəfn olunub:

"Bu qəsri 19-cu əsrdə Vəlinin ulu babası tikdirib. O, Bakı milyonçularından olub və bu qəsrdə tarixin müxtəlif dönəmlərində Lenin, Stalin, Eynşteyn, Koko Şanel, Pikasso, Tolstoy, Merlin Monro kimi tarixi şəxsiyyətlər qonaq olublar. İndi Əli və Vəli borcdan xilas olmaq üçün bir fikir tapırlar ki, öz qəsrlərinə bugünkü məşhur şəxsləri qonaq çağırıb onları müxtəlif layihələrə cəlb etsinlər və pul qazanıb borclarını ödəsinlər. Bununla da layihənin tok-şou tərəfi başlayır".

Qeyd edək ki, "Qəsrin Ulduzu" layihəsinin əsas qəhrəmanları, həm də aparıcıları olan Əli və Vəli obrazlarını Orxan Bahadırsoy və Kənan İbrahim Məmmədli canlandırır. Bakı milyonçusu Hacı Qənbər Buralı obrazını Kamran Muradlı, Bağban İkinci Qənbərqulu Oralı obrazını Qorxmaz Əlilicanzadə, Xadimə Məstan Xanım obrazını Nəsibə Eldarova, Müstəntiq Həmid Bəy obrazını İlqar Cahangir, Vəkil Şücaət İldırımlı obrazını Türkay Cəfərli, Həkim Əbdülməhəmmədqasım Beytullahi obrazını Ümüd Abbas Nihani, İkinci Qənbərqulu Oralı obrazını Ceyhun Əhəd və birinci bölümdə qonaq olan tarixi şəxsiyyət Lenin obrazını Əjdər Zeynalov canlandırır.

Layihənin icraçı direktoru və prodüseri Balaş Mirzəbəy, quruluşçu rejissoru Firdovsi A.Nəbiyev, ikinci rejissoru Fətai Hüseynov, səs rejissoru Orxan Ağalarov, qrim rəssamı Sevda Ağayevadır.

"Qəsrin Ulduzu" layihəsinin birinci bölümündə qəsrə dəvət olunan ulduz Elza Seyidcahandır. Xanım sənətçi bu layihədə fərqli formatla yanaşı, fərqli suallarla qarşılaşıb. O, öz boşanmasından, niyə və necə şeir yazmağa başlamasından, dini inancından və digər məsələlərdən danışıb. Elza Seyidcahan özünün yeni şeiri olan "Korset" şeirini də səsləndirib.

56
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

2
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun:

2
Moskvada Cümə məscidində Ramazan bayram namazının qılınması, arxiv şəkli

Moskvada məscid çatışmır

4
(Yenilənib 01:27 17.09.2021)
Müfti Nafiqulla Aşırov bildirir ki, Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir.

BAKI, 17 sentyabr - Sputnik. Müsəlmanlar Moskvada daha çox məscidin tikilməsinə səsləyiblər, çünki inanclıların sayı çox, ibadət etmək üçün məkan isə azdır, bu isə cümə və bayram günlərində paytaxtda tıxaclara səbəb olur.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya mediasına müsahibəsində Rusiyanın Asiya hissəsinin Müsəlmanlarının Dini İdarəsinin sədri Nafiqulla Aşırov deyib.

"Hər şeyi Rus Pravoslav Kilsəsinə (RPK) baxıb etmək vacib deyil, amma pandemiyadan əvvəl  də Moskvanın dörd məscidinin ətrafı insanlarla dolu idi, bu isə nəqliyyatın və piyadaların hərəkətinə mane olurdu", - Aşırov deyib.

Onun sözlərinə görə, Rusiya paytaxtında müsəlmanların sayı artıb və dörd məscid inanclıların hamısını qəbul edə bilmir.

"Onlar gah yağışın, gah qarın altında səkidə dua etməli olurlar. Məsələ bunda deyil ki, RPK-nın proqramına uyğun proqramımız olsun, söhbət küçələrdə insan sıxlığını azaltmaq məqsədilə bir, yaxud iki məscidin tikilməsindən gedir", - müfti deyib.

O qeyd edib ki, məscidləri Moskvanın mərkəzində tikmək vacib deyil, məsələn, Moskvaətrafında böyük Cümə məscid inşa etmək mümkündür. 

Əsas problem isə ondadır ki, indiyədək tikinti üçün yer ayrılmayıb və bunun səbəbi də bəlli deyil, müfti əlavə edib. Onun sözlərinə görə, digər bölgələrdə məscidlərin tikilməsi məsələsi belə problemli deyil.

"Rusiyada məscidlər inanclı adamların, müsəlman mesenatların öz qüvvəsi hesabına tikilir. Heç kim məscid tikilməsi üçün büdcədən vəsait ayrılacağını gözləmir, mən hesab edirəm ki, büdcənin özünün əsas məsələləri var", - Aşırov deyib.

4
Teqlər:
məscid, Moskva, çatışmazlıq