DYP heyvanları vuran sürücülərə xəbərdarlıq etdi

2156
(Yenilənib 10:56 31.08.2021)
Təkcə cari ilin aprel-avqust ayları ərzində respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət alıb.

BAKI, 31 avqust - Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Yollarda, dəmiryol keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması yol-nəqliyyat hadisəsi hesab olunur və məsuliyyət yaradır. Təsadüfi deyildir ki, “Yol hərəkəti haqqında” qanunun bir neçə müddəası məhz bu sahədə hüquq və vəzifələrin müəyyən edilməsinə həsr olunub. Məsələn, Qanunun 39-cu maddəsi mal-qara ötürənlərin vəzifələrini, 47-ci maddəsi isə bu sahədə mövcud olan tələbləri özündə ehtiva edir.

Göründüyü kimi, sadalanan hallarda əsasən ev heyvanlarına münasibətdə yaranan hüquq və vəzifələrdən bəhs edilir, bu da təbiidir, çünki onların sahibləri, başqa sözlə desək, cavabdeh şəxslər və ya subyektlər var.

Bizim diqqət çəkmək istədiyimiz məqam isə məhz hüquq norma və qaydaları ilə tənzimlənməsi müşkül, lakin təhlükə ehtimalı yüksək olan bir reallıq - yollarda sahibsiz ev və ya vəhşi heyvanların yaratdığı təhlükədir ki, burada məsuliyyət birtərəflidir.

Çoxları təsdiq edər ki, qəfil yola çıxan sahibsiz ev və ya vəhşi heyvanın yaratdığı təhlükədən yayınmaq heç də asan olmur. Əksər hallarda belə vəziyyət sürücünün, sərnişinlərin, yolun kənarındakı piyadaların həyat və sağlamlıqlarının təhlükə altında qalması, ciddi maddi ziyan və hətta bəzən ölümlə nəticələnir.

Təkcə cari ilin aprel-avqust ayları ərzində respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət alıb, Balakəndə isə yolun hərəkət hissəsinə çıxmış atı vuran sürücünün idarəetməni itirərək çaya düşməsi onun həyatı bahasına başa gəlmişdi. Avqust ayının 25-də Quba rayonunda 5 nəfər gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi də ehtimal olundu ki, sahibsiz itin qəfil yola çıxması səbəbindən baş vermişdi.

Müşahidə və təhlillər deməyə əsas verir ki, sürücülük təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına güvənən istənilən intizamlı sürücü belə, sahibsiz ev və ya vəhşi heyvanın qəfil yola çıxdığı anda təlaş hissi keçirir, hadisələrin sürətli axınında vəziyyəti dərk edənədək vaxt itkisinə məruz qalır və qəzadan yayınmaq çətin olur.

Hava şəraitini nəzərə almayan, yolda nəzərdə tutulmuş sürət həddini aşan və idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyəti qənaətbəxş olmayan, eləcə də təcrübəsiz sürücülərdə belə məqamlar adətən faciə ilə müşahidə olunur. Ələlxüsus gecə vaxtı, işıqlandırılmayan ərazilərdə, habelə məhdudiyyətli görünmə və əlverişsiz hava şəraitində isə qəzadan qaçmaq, demək olar ki, mümkün olmur.

Yaz-yay aylarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallar içərisində sahibsiz ev və ya vəhşi heyvanın qəfil yolun hərəkət hissəsinə çıxması amilinin tez-tez səslənməsi mövzunun aktual olmasından xəbər verir, eyni zamanda sürücülərimizdən yuxarıda sadaladığımız şərtləri nəzərə alaraq son dərəcə diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağı tələb edir.

Bununla yanaşı, yollarda qayda pozuntularını qeydə alan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (radarların) mövcudluğundan yaxud ərazidə dövlət yol polisi əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, sürücülər bütün hallarda yol hərəkəti qaydalarına, xüsusən də müəyyən olunmuş sürət rejiminə dəqiqliklə əməl etməlidirlər ki, təhlükəsizlik təmin olunsun".

2156
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir

5
Tədqiqat nəticələrinə görə, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

BAKI, 18 sentyabr - Sputnik. Merilend Universitetinin İctimai Səhiyyə məktəbinin alimləri belə nəticəyə gəliblər ki, koronavirus ona görə mutasiyaya uğrayır ki, hava ilə daha aktiv yayıla bilsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazır.

Ekspertlərin məlumatına görə, "alfa" ştammının hissəcikləri hava-damcı yolu ilə COVID-19-un Uhan ştammına nisbətdə 1000 dəfə sürətli yayılır. "Alfa" ştammı Böyük Britaniyada 2021-ci ilin yanvarında dominant olduğu üçün alimlər diqqətlərini onun tədqiqatına yönəldiblər. 

2020-ci ilin mayından 2021-ci ilin aprelinədək aparılan tədqiqatda "alfa" ştammına yoluxmuş 49 nəfər iştirak edib. Könüllülər xüsusi aparat vasitəsilə 30 dəqiqə maskasız, 30 dəqiqə isə maska ilə nəfəs alırdılar.

Nəticədə müəyyən edildi ki, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

Ötürülən hissəciklərin çoxalması hələ "delta" ştammından əvvəl qeydə alınıb. Araşdırmaçılar əmindirlər ki, COVID-19 mutasiyaya uğramasının sayəsində hava ilə daha tez və effektiv yayılmağa başlayıb. Bundan başqa, o da bəlli olub ki, adi tibbi maska virus hissəciklərinin 48%-ni tutub saxlamağa qadirdir.

Eləcə də oxuyun:

5
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, mutasiya, hava
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

4
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

4
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma