Əks göstəriş sertifikatını almaq müşkülə çevrilib, müəllimlərin isə gözləməyə vaxtı yoxdur

© Sputnik / Rahim MuradovLənkəranda xəstəxana
Lənkəranda xəstəxana - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Təhsil Nazirliyi bildirir ki, hər bir arayışın və həkim rəyinin komissiyalar tərəfindən araşdırılması müəyyən vaxt alır.
BAKI, 31 avqust — Sputnik. Əks göstəriş sertifikatı üçün müraciətlərin çoxluğu təhsil işçilərinin bu sənədi əldə etməsinə çətinlik yaradıb. Bu barədə Sputnik Azərbaycan-a müəllimlər məlumat verib. Övladına süd verən müəllimlər bu sənədi əldə etmək üçün həkim-ginekoloqdan arayış alsalar da, əks göstəriş sertifikatının müvafiq komissiyalar tərəfindən verilməsi ləngiyir.
Məktəblərdə isə direktorlar müəllimlərdən avqust ayının 31-dək ya COVID-19 pasportu, yaxud da əks göstəriş sertifikatı gətirməyi tələb edirlər. Artıq əksər məktəblərdə bu sənədi təqdim edə bilməyən müəllimlərin dərs saatının vaksin olunan müəllimlərə veriləcəyinə dair məlumatlar var.
Sputnik Azərbaycan mövcud problemi araşdırıb.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, müəllimlərə əks göstəriş sertifikatının verilməsinin ləngiməsinin səbəbi bu sənəd üçün müraciətlərin çoxluğu ilə bağlıdır:
"Səhiyyə Nazirliyinin müvafiq komissiyasına əks göstəriş sertifikatının verilməsi üçün çoxlu sayda müraciətlər daxil olur. Hər bir arayışın və həkim rəyinin komissiyalar tərəfindən araşdırılması müəyyən vaxt alır". 
Xatırladaq ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan vebinarda bildirib ki, vaksinasiya başlayandan kifayət qədər təhsil işçisi poliklinikalardan əks-göstəriş haqqında arayışlar təqdim edib. Onun sözlərinə görə, avqustun 9-dan əks-göstərişə dair arayış forması hazırlanıb:
"Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, əks göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertifikatı almalıdır. Ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdırlar. Bunun da yolu vaksinasiyadır".
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq. Amma Mehriban Vəliyeva deyib ki, hələ ki, indidən təhsil işçiləri ilə bağlı məhdudiyyətlər açıqlanmır: "Hələlik bunlar müzakirə mərhələsindədir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar".
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, respublika üzrə təhsil işçilərinin 220 min nəfərindən 140 minə yaxınına koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulub. 34 mindən çoxuna isə əks göstərişlə bağlı arayış təqdim edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 26486 nəfəri vaksinasiya prosesinə qoşulub. Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.
Sentyabrın 1-dən COVID-19 pasportu tələb olunan sahələr
Qeyd edək ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə kommunal sahə üzrə - elektrik enerjisi, qaz, istilik ilə təchizat, su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi, tullantıların yığılması, emalı və məhv edilməsi sahəsində işləyənlər daxildir. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə - dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti, liman xidmətləri, logistika xidmətləri, telekommunikasiya və rabitə xidmətləri, poçt və kuryer fəaliyyəti göstərənlər də bu kateqoriyaya şamil olunur.
Belə ki, sosial sahə üzrə - sosial xidmətlərin göstərilməsi, fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti, ticarət və ictimai iaşə sahəsi üzrə - topdan və pərakəndə ticarət, ictimai iaşə, yeməklərin göndərilməsi və çatdırılma xidmətləri göstərənlər 1 sentyabra qədər vaksinin 1-ci dozasını qəbul etməlidirlər. Bu tələb turizm sahəsi üzrə - mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr, turagentliklərinin və turoperatorların fəaliyyəti göstərənlərə də aiddir.
Həmçinin maliyyə xidmətləri üzrə - maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri) göstərənlər də vaksin olunmalıdırlar.
Digər sahələrə gəldikdə, poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri, bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri, kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri, avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması, kirayə və lizinq fəaliyyəti, daşınmaz əmlakın alınması və satılması xidmətləri, memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət göstərənlər 1 sentyabradək vaksin olunmalıdırlar.
Bu siyahıya reklam fəaliyyəti və bazarın öyrənilməsi, işədüzəltmə agentliklərinin fəaliyyəti, tədris və repetitor xidmətləri, tərcümə üzrə xidmətlər, dizayn fəaliyyəti, fotoqrafiya sahəsində fəaliyyət, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər), istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması, dezinfeksiya xidmətləri, toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi, dərzi xidmətləri, bərbərxana və gözəllik salonları, baytarlıq fəaliyyəti, heyvan sığınacaqlarda çalışanlar aiddir.
Həmçinin oxuyun: 
* Vaksinə əks göstəriş sertifikatını kimlər, necə əldə edə bilər?
* 35 min müəllim əyani tədrisə buraxılmaya bilər
Xəbər lenti
0