Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlerin nəzərinə: Yaxında sığortalanan bitki və heyvanların siyahısı artırılacaq

© Sputnik / Ilham MustafayevQarahəsənli kəndində xırdabuynuzlu heyvanlar
Qarahəsənli kəndində xırdabuynuzlu heyvanlar - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Aqrar Sığorta Fondunun nümayəndələri yerli fermerləri aqrar sığorta mexanizmi, onun şərtləri və üstünlükləri barədə məlumatlandırıblar.
BAKI, 30 avqust — Sputnik. Aqrar Sığorta Fondunun (ASF) nümayəndələri Quba və Qusar rayonlarında fermer və iş adamları ilə çoxsaylı görüşlər keçiriblər.
ASF-dən Sputnik Azərbaycan-a bildiriblər ki, görüşlərdə Aqrar Sığorta Fondunun nümayəndələri yerli fermerləri aqrar sığorta mexanizmi, onun şərtləri və üstünlükləri barədə məlumatlandırıblar.
Fermerlərə bildirilib ki, dövlətin dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə hazırda 14 növ bitkini (arpa, buğda, qarğıdalı, çəltik, pambıq, tütün, çay, kartof, şəkər çuğunduru, üzüm, fındıq, limon, naringi və portağal) və südlük inək-camışları sığortalamaq mümkündür.
Aqrar sığortada fermerlərə dövlət dəstəyi məqsədilə əkin sahələri və heyvanların sığortalanması üzrə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər kiçik məbləğdə sığorta haqqı ödəməklə əkin sahələri və heyvanlarını sığortalaya bilərlər.
Belə ki, Quba və Qusar rayonlarında (Quba-Xaçmaz iqtisadi rayonu) 1000 manatlıq məhsul götürülən buğda sahəsinin hər hektarının sığortalanması fermerlərə cəmi 5,5 manata, arpa sahəsinin sığortalanması isə cəmi 7 manata başa gəlir.
Məhsuldarlığın nisbətən aşağı olduğu dəmyə ərazilərində isə hər hektar üzrə sığorta haqqı daha da aşağıdır.
Bu məbləğ müqabilində əkin sahələri təbii fəlakətlərdən, o cümlədən qasırğa, fırtına və doludan, yanğın, eləcə də digər təhlükələrdən sığortalanır.
Fermerlər bitkilərin aqrar sığortası şərtlərinin və sığorta haqlarının olduqca əlverişli olduğunu bildiriblər.
Görüşdə qeyd olunub ki, qiyməti 1000 manatdan başlayan inəklərin sığortalanması fermerə 30-47 manata başa gəlir. Qiyməti 1500 manat olan inəklərin sığortalanması üçün 45-71 manat, 2000 manata olan inəklərin sığortalanması isə 61-95 manat tələb olunur.
Bu məbləği ödəməklə inəkləri təbii fəlakətlər, yanğın, yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmasından baş verən ölüm hallarından, həmçinin vəhşi heyvanların hücumu və təhlükələrdən sığortalamaq olar.
Görüşdə iştirak edən fermerlər və yerli sakinlər sığorta şərtləri, sığortalanma və ödəniş prosedurları barədə suallar veriblər. Suallar Aqrar Sığorta Fodunun nümaynədələri tərəfindən ətraflı cavablandırılıb.
Bildirilib ki, sığorta hadisəsi baş verdikdə lazımi sənədlər təqdim ediləndən sonra 7 gün ərzində sığorta ödənişi fermerin hesabına keçirilir.
Fermerlər şimal bölgəsində geniş yayılan meyvə bağlarının nə vaxtdan sığortalanacağı ilə maraqlanıblar. Onlara bildirilib ki, qanunvericiliyə dəyişikliklər hazırlanır və yaxın vaxtlarda sığortalanan məhsulların – bitki və heyvanların siyahısı artırılaraq 40-a çatdırılacaq. Eləcə də aqrar sığortanın əhatə etdiyi risklərin siyahısı genişləndiriləcək.
Xəbər lenti
0