Tanınmış telejurnalistin həkimə qarşı iddiası üzrə ekspertiza təyin edilib

© AFP 2023 / JOE RAEDLEВрач, фото из архива
Врач, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə həkimin əməliyyat zamanı səhvinin olub-olmadığını müəyyən etmək üçün ekspertiza təyin edilib.

BAKI, 30 iyul — Sputnik. Nərimanov rayon Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun cərrah-uroloq Araz Bayramova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə həkimin əməliyyat zamanı səhvinin olub-olmadığını müəyyən etmək üçün ekspertiza təyin edilib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov bu ilin fevralı ayında Bakıdakı "Buta" Klinikasında cərrah-uroloq Araz Bayramov tərəfindən böyrəyindən əməliyyat olunub. Bundan sonra onun səhhətində ciddi problemlər yaranıb. İddia ərizəsində qeyd olunub ki, adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsinin iddiasına görə, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloq isə vəziyyətdən bir sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və "Buta" Klinikasında nevroloq olmadığına görə kənardan dəvət olunan nevroloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.

Telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Səhiyyə Nazirinin müavininə məktubla şəxsən müraciət edib.

Günel Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun: 

* Pasiyent böyrək əməliyyatı zamanı beyin infarktı keçirib: məşhur cərrah məhkəməyə verildi

Xəbər lenti
0