Məmur, arxiv şəkli

COVID-19 saxtakarlığı: vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

15
(Yenilənib 17:41 30.07.2021)
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

BAKI, 30 iyul — Sputnik. "ƏSR" və "ARKAN TOUR" MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan ibtidai istintaqla "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun "ARKAN TOUR" MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin COVİD - 19 testinin nəticələri saxtalaşdırıb.

Belə ki, şəxslərin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən COVID-19 testinin nəticələrinə dair saxta sənədlər hazırlanıb, həmin nəticələr ümumilikdə 12 min 120 manata satılıb. Bununla da həmin şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən  digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə "961" nömrəli "Çağrı Mərkəzi", Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Qeyd edək ki, Baş Prokrorluq tərəfindən həm də vaksin sənədlərini saxtalaşdıran tibb işçilərinə qarşı da əməliyyatlar aparılır.

15
Azərbaycanlı karateçi Rafael Ağayev

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

4
(Yenilənib 19:37 21.09.2021)
Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.

BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.

Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.

Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.

Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.

4
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisdə qida təhlükəsizliyi məsələsini qanuniləşdirəcək

3
(Yenilənib 19:35 21.09.2021)
Milli Məclisin Aqrar siyasət komitəsinin iş planında işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi və s. nəzərdə tutulub.

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, komitənin sədri Tahir Rzayev gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəliyə iki məsələ - Milli Məclisin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə məlumat verib.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il payız sessiyası üçün iş planı haqqında bildirib ki, komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, qarşıdakı sessiyada "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılıb.

Sonra deputatlardan Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Aydın Hüseynov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər. Vurğulanıb ki, hesabat dövründə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin, xüsusən də həyata keçirilən islahatların qanunvericilik bazasının yaradılması ilə bağlı mühüm qərarlar və qanunlar qəbul olunub. Qeyd olunub ki, komitə üzvləri öz seçiciləri ilə xüsusi karantin rejiminin tələblərinə uyğun daimi əlaqə saxlayıblar, şəhid ailələri ilə, qazilərlə görüşüblər, onların problemləri ilə yaxından maraqlanıblar.

İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar İqbal Məmmədov və Emin Hacıyev də iştirak ediblər.

3