Görüş zamanı

Xaricdəki Azərbaycan səfirlərini topladılar: bu layihə çərçivəsində etməli?

43
(Yenilənib 22:00 29.07.2021)
Fuad Muradov deyib ki, ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir.

BAKI, 29 iyul — Sputnik. 28 iyul 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədrinin ADA universitetində Azərbaycanın xaricdəki səfirləri ilə görüşü baş tutub.

Görüşdə Azərbaycan Respublikasını müxtəlif ölkələrdə təmsil edən 23 səfir, Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, ADA Uninversitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və digər qonaqlar iştirak edib.

Görüşdə xüsusi qonaq qismində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov da iştirak edib.

  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
1 / 4
© Photo: Karabakh Revival Fund
Görüş zamanı

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın uzun onilliklər ərzində davam edən erməni işğalına son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü təmin olunmasından və bu Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratmasından danışıb. R.Hacıyev sözlərinə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, hazırki fəaliyyət istiqamətləri və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olduğu və bir müddət öncə ictimaiyyətə təqdim olunan "Karabakh.Center" (www.karabakh.center) layihəsi haqqında ətraflı məlumat verərək davam edib.

Daha sonra dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən "Qarabağda Urbisid" adlı sənədli film və "Karabakh.Center" saytının təqdimat videosu nümayiş olunub.

Görüş zamanı Qarabağ Dirçəliş Fondunun beynəlxalq əməkdaşlıq imkanları, xarici ölkələrdə "Karabakh.Center" layihəsi və xüsusilə erməni işğalı nəticəsində ərazilərimizə dəymiş zərər haqqında təşviqat işlərinin təşkili müzakirə edilib.

Həmçinin, səfirlərin təmsil olunduğu ölkələrdə və xaricdə yaşayan fəallarla səmərəli əməkdaşlıq qurulması və diasporamızın Qarabağ üçün ianələrin köçürülməsinin imkanları haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov qeyd edib ki, xaricdə təşviqat işlərinin aparılması üçün uyğun platformaları və təşkilatları qruplaşdırmaq və ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir. O, uzun illərdir xaricdə yaşayan və peşəkar formada fəaliyyət göstərən diplomatların təcrübələrindən və tövsiyələrindən faydalanmağın vacib olduğunu bildirib.

Fuad Muradov tarixdə münaqişə zəmnində dağıntıya məruz qalmış şəhərlərin təcrübələrinin öyrənilməsi və "şəhərlərin qardaşlaşması" məsələsinə toxunub.

Görüşün moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə öz çıxışında ikinci Qarabağ müharibəsinə dair həqiqətlərin öyrənilməsinin, həmçinin Azərbaycana qarşı dünya mətbuatında tirajlanan saxtalaşdırılmış faktlara qarşı birgə səmərəli mübarizənin aparılmasının vacibliyini vurğulayıb.

Müzakirə zamanı müxtəlif ölkələlərdə Azərbaycan Respublikasını təmsil edən səfirlər təbliğat və təşviqat işləri ilə bağlı maraqlı məlumat və ideyalarla bölüşərək, ianələrin toplanması, bərpa və quruculuq işlərinə soydaşlarımzı və investorları cəlb etməyin zəruriliyini qeyd edərək, bu məqsədlə nəzərdə tutduqları bir sıra təkliflər irəli sürüblər.

Sonda, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev faydalı görüşün baş tutmasına dəstək verən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova, ADA universitetinin rəhbərliyinə və iştirak edən səfirlərə öz minnətdarlığını bildirib.

43
Çörək istehsalı, arxiv şəkli

Çörəyin qiyməti ucuzlaşacaqmı? Qiymət niyə qalxıb

4
Un istehsalçılarına subsidiya veriləcək. İqtisadçılara görə, xərclərin çox olması qiymət artımını şərtləndirir və istehsalçılar ya qiymət artırır ya da çörəyin çəkisini azaldırlar.

BAKI, 17 sentyabr — Sputnik. Bəzi çörək növlərinin qiymətində artım baş verib. İstehsalçılar qiymət artımını xammalın dəyərinin və daşınma xərclərinin artması ilə izah ediblər.

Qeyd edək ki, bəzən çörəyin qiyməti dəyişməsə də, çəkisində azalma müşahidə edilir. İqtisadçılara görə, xərclərin çox olması qiymət artımını şərtləndirir və istehsalçılar ya qiymət artırır ya da çörəyin çəkisini azaldırlar. Digər tərəfdən, ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, çörəyin qiymətinin artımı ilk növbədə ölkədə istehsal proseslərinin daxili resurslar üzərində lazımi səviyyədə qurulmaması ilə bağlıdır. Kənd təsərrüfatında inkişafda yaranmış problemlər, sahələrarası balansın lazımi səviyyədə işlənilməməsi, kənd təsərrüfatı sahələrinin Azərbaycanda taxıl istehsalına lazımi səviyyədə xidmət etməməsi idxaldan kritik səviyyədə asılı olmağımıza səbəb olub. İdxal etdiyimiz ölkələrdə daxili bazarın qorunmasına yönəlmiş tədbirlər, ixrac rüsumlarının tətbiq edilməsi Azərbaycana idxal edilən məhsulların qiymətinə öz təsirini göstərir. Biz faktiki olaraq inflyasiyanı idxal edirik. Burada əsas problem inflyasiyanın idxalından və yerli iqtisadiyyatın real sektorunun inkişaf etməməsindən ibarətdir.

© Sputnik / Xalid Mammedov
Çörəyin çəkisi
"Faktiki olaraq çörək istehsalçılarının xərclərinin yüksək olması qiymət artımını şərtləndirir və onlar ya qiymət artırırlar ya da çörəyin çəkisinin azaldılmasına gedirlər. Əks halda onlar aidiyyəti qurumların təzyiqlərindən faktiki olaraq yaxalarını qurtara bilməyəcək. Ona görə də belə bir vəziyyət yaranmaqdadır və yerli real sektorun lazımi səviyyədə inkişafı olmadan bu problemlərlə üzləşəcəyik"-deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, digər bir problem inhisarçılıq ilə bağlıdır: "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çox aktiv fəaliyyət göstərməli və inhisarçılıq, süni qiymət artımı ilə bağlı meyillərin qarşısı alınmalıdır. Təəssüf ki, bu qurumun istehlak bazarının tənzimlənməsi ilə bağlı, antiinhisar siyasətinin effektiv həyata keçirilməsi ilə bağlı fəaliyyətinin müsbət nəticələri müşahidə edilmir".

İdxalın 96.4%-i Rusiyadan həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2021-ci ilin yanvar-avqust ayları üzrə 122.2 milyon ABŞ dolları dəyərində 481.0 min ton buğda idxal edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 17.1%, miqdar ifadəsində isə 30.3% azdır. İdxalın 96.4%-i Rusiyadan, 3.6%-i isə Qazaxıstandan həyata keçirilib.

Ölkədə buğda ilə özünütəminetmə səviyyəsi 60 faizdir

O bildirib ki, 2021-ci ildə ölkədə 1885.4 min ton buğda istehsal olunub ki, bu da ötən ilinə nisbətən 1.0% çoxdur. Bu il buğda üzrə məhsuldarlıq göstəricisi hektardan 32.9 sentner təşkil edib. Ötən il isə bu göstərici 31.7 sentner/ha olub. Son illərin orta göstəricisinə əsasən ölkədə buğda ilə özünütəminetmə səviyyəsi 60 faizdir.

© Sputnik / Xalid Mammedov
Çörəyin çəkisi

Un istehsalçılarına subsidiya veriləcək

Sentyabrın 16-da Baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. Məqsəd dünya birjalarında buğdanın qiymətinin artmasının daxili bazarda un və un məmulatlarının qiymətlərinə təsirinin azaldılması və qiymət artımının qarşısının alınmasıdır.

Bu qərarın qəbul edilməsi nəticəsində un istehsalçılarına subsidiya verilməsi sentyabr ayından sonrakı dövrdə də davam edəcək.

Əlavə olaraq, qərarda ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə təsirlərin azaldılması məqsədilə 2021-ci il sentyabrın 1-dən un istehsalçılarına satılan unun hər tonuna görə ödəniləcək subsidiyanın məbləğinin hesablanması qaydası da müəyyən edilir.

Təsdiq edilmiş qaydaya əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə, ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri və istehsalçının marjasının cəmi ilə unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq həcmində subsidiya veriləcək.

Subsidiya verildiyi müddətdə dünya birjalarında ərzaqlıq buğdanın qiymətlərinin monitorinqini aparsın və əldə edilmiş məlumatların ayda bir dəfə taxıl idxalçılarına çatdırılmasını təmin ediləcək. Maliyyə Nazirliyi bu Qərara uyğun olaraq tələb olunan subsidiya məbləğinə dair İqtisadiyyat Nazirliyinin məlumatları əsasında subsidiyanın ödənilməsi məqsədilə maliyyələşmə mənbələri barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2021-ci il dekabrın 31-dək Nazirlər Kabinetinə təqdim edəcək.

Qeyd edək ki, qiymət artımı xüsusilə "Çörəkçi""Nömrə 1" çörək zavodlarının məhsullarında hiss edilib. Lakin bütün istehsalçılar qiyməti artırmayıb. "Nömrə 1" çörək zavodunun satış müdiri Rahim Nizaməddinov oxu.az-a qiymət artımını məhsulun hazırlanmasında istifadə edilən xammalın dəyərinin və daşınma xərclərinin artması ilə əlaqələndirib: "Daşınma xərclərimiz artıb. Nəzərə almaq lazımdır ki, məhsullarımızı marketlərə və digər obyektlərə yük avtomobilləri ilə paylayırıq. Eyni zamanda biz çörəkləri qablaşdırarkən paketlərdən istifadə edirik və bu malların dəyərində də 20 faizə yaxın artım baş verib. Hazırda şirkətimizdə 700-ə yaxın əməkdaş çalışır və biz ixtisara getməmək, eyni zamanda digər problemlərlə üzləşməmək üçün 7-8 faiz civarında qiymətləri qaldırmağa məcbur olduq. Hazırda çörək məhsullarımızın qiymətində əsasən 4-5 qəpik, bəzi çeşidlərimizin qiymətində isə 10 qəpik artım var".

"Çörəkçi" zavodunun məhsullarında qiymət artımına aydınlıq gətirən şirkətin hüquq departamentinin direktoru Akif Abbasov da bunu məhsulda istifadə olunan xammalın dəyəri və logistika xərcləri ilə izah edib:

"İlin əvvəli ilə müqayisədə taxılın qiymətinin artması, eləcə də paketlənmədə istifadə olunan xammalın, daşınma xərclərinin artması qiymət artımına səbəb olub. Digər tərəfdən çalışanlarımızın da əməkhaqqlarını müvafiq səviyyədə saxlamaq üçün qiymət artıma gedilib".

Paytaxtın ən böyük çörək tədarükçülərindən olan "Bakıxanov" çörək zavodunun icraçı müdiri Elman Bağırov isə hazırda zavod çörəyinin qiyməti ilə bağlı heç bir dəyişiklik edilmədiyini qeyd edib, bununla belə əsas tərkib hesab edilən unun qiymətində kəskin artım olduğu təqdirdə qiymətin dəyişə biləcəyini istisna etməyib:

"Unun qiymətində hər hansı kəskin dəyişiklik olmasa qiymətdə dəyişiklik edilməyəcək. Hazırda isə mağazalardakı çörəklərimizin qiyməti 50 qəpikdən çox deyil və heç bir sahibkarın da məhsulu bu qiymətdən artıq satmağa ixtiyarı yoxdur".

4
Teqlər:
çörək
Pakistan Azərbaycan bayraqları

Pakistan Azərbaycanın Kəşmir məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririr

4
Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosialyönümlü layihələr haqqında ətraflı məlumat verib.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov 9 sentyabr 2021-ci il tarixində etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə çatdırıb.

Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosialyönümlü layihələr haqqında ətraflı məlumat verib.

Xəzər Fərhadov Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edərək, Vətən Müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin səfir Kəşmir məsələsinin BMT TŞ qətnamələri əsasında həlli ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Arif Alvi, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Arif Alvi iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini qeyd edib, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.

Prezident 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edərək, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə həmçinin, yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

4
Teqlər:
Pakistan