Bankada manat, arxiv şəkli

Azərbaycanda həyat sığorta şirkətlərinin sayı artıb

14
(Yenilənib 13:31 29.07.2021)
Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 19-dan 20-yə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.

BAKI, 29 iyul — Sputnik. Yeni yaradılmış sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzv olub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Xəbərdə qeyd edilir ki, yerli sığorta bazarına yeni daxil olmuş həyat sığortası şirkəti olan "Meqa Həyat" Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv olub. Məlumata görə, yeni sığorta şirkətinin Assosiasiyaya üzvlüyü ASA-nın Müşahidə Şurasının ötən gün keçirilən iclasında təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2021-ci ilin fevral ayının 19-da "Meqa Həyat" ASC-yə 5 il müddətinə lisenziya verilib. Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 19-dan 20-yə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.

Həmçinin oxuyun:

* İcbari tibbi sığorta tətbiq edilir, amma hamı özəl xəstəxanlara axışır - İlginc səbəblər

Psixoloji xidmət icbari tibbi sığorta zərfinə salına bilər

* Fermerlərin nəzərinə: Kartof sahələrini necə sığortalamaq olar?

14
Orxan Quluzadə

Azərbaycanlı kəşfiyyatçı: Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər

8
(Yenilənib 01:18 25.09.2021)
Kəşfiyyat bölüyündə döyüşən Orxan Quluzadə Sputnik Azərbaycan-a müsahibəsində ən çətin anları Füzuli istiqamətində yaşadığını deyir. Ən yaddaqalan anlarından  biri isə şəhid yoldaşını günorta vaxtı düşmən postundan əliyalın götürmələri olub.

BAKI, 27 sentyabr — Sputnik. 44 gün davam edən Vətən müharibəsində xalqımız möhtəşəm birlik və müasir Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi. Ötən il sentyabrın 27-də başlayan haqq savaşımızda torpaqlarımızı işğaldan azad etmək üçün minlərlə cavan döyüşlərə könüllü olaraq getdi.

Lənkəran rayonu Girdəni kənd sakini, 29 yaşlı Orxan Quluzadə də döyüşə könüllü gedən igidlərimizdən biridir. Orxan 2011-2012-ci illərdə həqiqi hərbi xidməti dövründə kəşfiyyatçı kursunu keçib və kəşfiyyat manqasının komandiri olub. Müharibəyə getmək üçün isə anasına yalan demək məcburiyyətində qalıb.

© Photo : Courtesy of Orhan Guluzade
Orxan Quluzadə

Sputnik Azərbaycan-a müsahibəsində Quluzadə həmin günləri xatırlayıb: "Müharibə iki gün idi ki, başlamışdı, bir yerdə dura bilmirdim. Çayxanaya gedib televizorda xəbərləri eşidəndə qala bilmirdim. Evə gəldim, ilk olaraq xəstə yatan anamın yanına gedib: “Ana, mən kəşfiyyatda manqa komandiri olmuşam, ola bilsin, məni aparsınlar. Komandirlərin hamısı döyüşə gediblər, ola bilsin, təzə gələn əsgərlərə təlim keçmək üçün məni aparsınlar", - dedim.

Sonra isə əgər şəhidlik qismət olsa, övladlarımın əziyyətini çəkəcək həyat yoldaşımdan da halallıq almaq istədim. Elə bir kəlmə müharibəyə getmək istəyirəm dedim, cavabı da bir kəlmə oldu: "Bəyəm orada şəhid olan qardaşlarımızdan artıqsan?!” Mənə bu cavab bəs elədi.

Ertəsi gün səhər tezdən rayon hərbi komissarlığına gedib müharibəyə getmək üçün müraciət etdim. Adımı qeyd etdilər, hərbi biletimdə bütün məlumatlar var idi deyə yarım saat sonra da döyüşə yola saldılar. Artıq oktyabrın 1-i səhər sübh vaxtı Beyləqana çatdıq. Bizi general-mayor Mais Bərxudarov, rəhmətlik Milli Qəhrəmanımız polkovnik Şükür Həmidov və polkovnik Elşad Əbilov kəşfiyyat bölüyünə ayırdılar. Seçilən 84 nəfər kəşfiyyatçıdan 42 döyüşçü Cəbrayıl istiqamətindən, digər 42 nəfər, yəni biz, Füzuli istiqamətindən döyüşə girdik. Bizim dəstə Füzulinin Alxanlı kəndi istiqamətindən döyüşlərə başladı".

© Sputnik / Rahim Muradov
Üzərində güllə deşik açmış Orxanın döyüşdəki papağı

Müsahibimiz deyir ki, ilk döyüşə girəndə həyəcan var idi: "Kimsə deyə bilməz ki, həyəcan olmayıb. Ən uzağı, üç gün həyəcanlı oldum, artıq ondan sonra tam sərbəst. Məsələn, mənfur düşmənin atdığı minaatanın mərmisi gələndə artıq bilirdim ki, mərmi məndən neçə metr aralıda və hansı istiqamətdə düşəcək, uzanmağa ehtiyac var, yoxsa yoxdur. Düzdür, mərmi gələndə mən döyüş yoldaşlarıma “Uzanın!” deyirdim.  Yəni bunu ona görə deyirdim ki, minaatan mərmisi sizin yaxınlığınıza düşsə də, partlayış dalğası sizi kənara ata bilər, şok verə bilər, yüngül xəsarətlər verə bilər. Mən kəşfiyyat kursunu keçdiyim üçün döyüş haqqında 90% məlumatım var idi".

Döyüş zamanı Orxan və onun silahdaşları hər cür çətinliklə qarşılaşıblar.

"Müharibənin ilk günləri, oktyabrın 4-5 tarixlərində Füzulidə idik və yağış yağırdı. Daha doğrusu, əvvəl hava günəşli idi. Biz də hava günəşlidir deyə hərbi gödəkçəmizi çıxarıb geridə saxladıq. Sonra isə döyüş gedə-gedə yağış başladı. Bizdən sol tərəf mövqedə olanlardan birinin yaralandığını, bir nəfərin isə şəhid olduğunu eşitdik. Qaldığımız yer əlverişsiz idi, bizim mövqe tutduğumuz səngərin dərinliyi 1 metr, eni isə 40 santimetr idi. Fikirləşdik ki, yaralını oradan çıxarılması üçün dolayı yolla aparsaq, gec olar və qardaşımız şəhid olar. Təsəvvür edin, yağış yağır, səngər təqribən 20 santimetrə qədər su ilə dolub. Qərara aldıq ki, su ilə dolmuş səngərin içərisinə uzanaq və onlar gəlib üstümüzdən keçsinlər. Yaralını aparan qardaşımıza: “Gəl, üstümüzdən keç, yaralını təxliyə et", - dedik. Bu minvalla yaralı qardaşımızı oradan çıxara bildik. Döyüş bitəndən sonra həmin yaralı qardaşımızı gördüm. Güllə ağzının içərisindən girib, boynunun arxasında çıxmışdı, şükür, sağ idi. Həmin qardaş qonşu Astara rayonundan idi, indi də əlaqə saxlayırıq biri-birimizlə", - döyüşçü xatırlayır.

© Photo : Courtesy of Orhan Guluzade
Orxan Quluzadə

Orxan Quluzadə Füzulinin Kürdlər kəndi istiqamətində gedən döyüşdə möcüzə nəticəsində sağ qalıb: "Oktyabrın 7-də 82 nəfər heyətlə Füzuli rayonunun Kürdlər kəndinə qalxanda döyüşə girdik, amma mühasirəyə düşdük. Oradan cəmi 8 nəfər sağ çıxa bildi. Biz həmin istiqamətdə döyüşə girəndə sol tərəfimizdə ayrı hərbi hissəmiz hücuma girmişdi. Oradakı qardaşlarımız şəhid olmuşdular, ermənilər də hücuma keçmişdilər. Biz dedik ki, o biri tərəfdən düşmənin arxasına keçək, amma 5-6 dəqiqə gecikdik. Həmin yerdə həddən çox düşmən əsgəri var idi, bizim gecikməyimizə görə hətta onların xüsusi təyinatlıları da gəldilər və bizi mühasirəyə aldılar.

Orada çox şəhid verdik, bacardığımız qədər yaralını, şəhidlərimizi döyüş meydanından çıxardıq. Bizimlə çiyin-çiyinə döyüşdüyümüz və əvvəllər xüsusi təyinatlılarda xidmət etmiş Zaur İsmayılzadə var idi, bizim yanımızda kəlmeyi-şəhadətini deyib, gözlərini yumdu. Ən axırıncı mühasirədən mən çıxırdım, geriyə dönüb baxanda gördüm ki, Xaqani adlı qardaşımız var, o, geridə qalıb. Xaqani bizim qonşu Havzava kəndindəndir və biz ona Xan deyirdik. Düşmənin 5 km içərisində mühasirədəydik. Xaqanini oradan çıxarmaq üçün təzədən geriyə qayıtdım. Silahımda cəmi 7-8 patron qalmışdı. Xaqaninin isə patronu qurtardığından olduğu mövqedən çıxa bilmirdi.

Düşmənlə cəmi 40 metr məsafədə üz-üzə qalmışıq. Bir-iki güllə atıb Xaqanini oradan çıxarıb qabağa buraxdım. Düşünün, açıq ərazi, gizlənməyə nə bir ağac, nə kol-kos var. Düşmən dayanmadan atırdı. Məndə də artıq 2-3 patron qalıb, atışıb qarşımızdakı balaca təpəni qalxmalıyam. Həmin an ermənilər biz tərəfə iki daraq güllə atdılar. Düşmənin atdığı o qədər güllədən biri papağımın yan tərəfini deşdi. Güllə saçlarımın arasından keçərək yandırıb arxadan papağımı dəlib keçdi. Mən güllənin zərbəsini də hiss elədim, Allah məni orada qorudu.

Həmin papağı da gətirmişəm, o döyüşdən yadigar saxlamışam (əlində göstərir). Həmin an mənə şəhidlik qismət olmadı. Beləcə, oradan çıxa bildik və ondan sonra uşaqlar bunu xatırlayıb bir az zarafatlaşırdılar. Bu, ən yaddaqalan döyüşümüz oldu. Amma düşmən də həmin kənddə həddən çox itki verdi.

© Photo : Courtesy of Orhan Guluzade
Orxan öz döyüş yoldaşları ilə şəhid ziyarətində

Lənkərandan Nurlan Əmənli var, bizimlə bir yerdə döyüşən qardaşlarımızdandır. Şəhid qardaşımız Vasif Abıyev yaralı olan zaman Nurlan onu mühasirədən çıxarmağa getmişdi. Nurlan yaralımızı çıxara bilməsin və özü atəş hədəfinə çevrilsin deyə mənfur düşmən onun hər iki ayağının dizdən yuxarı nahiyəsindən snayperlə vurub yaraladı. Nurlan özünü itirməyib yaralı vəziyyətdə 4 km sürünərək özü-özünü təxliyə edə bilmişdi. İndi Nurlan qardaşımız Türkiyədə müalicə alır”.

Qəhrəmanımız Xocavənddə döyüş zamanı erməni silahlıları onun olduğu səngərə tərəf minaatan mərmisi atıblar. 

“Mərmi bir neçə santimetr qarşıya düşsəydi, düz təpəmə düşəcəkdi. Mərminin partlayış dalğası məni səngərə çırpdı. Burnumdan qan açıldı, qulaqlarım tutuldu, amma olduğum mövqeni qəti tərk etmədim. Əvvəl heç nə eşitmirdim, işarələrlə başa düşürdüm, sonra tədricən eşitməyə başladım. Yəni ki, yenə də Allah məni qorudu.

Biz torpaqları işğaldan azad edəndə ancaq irəli getməyi düşünürdük. Düşmən bizimlə üz-üzə gələndə dediyi söz “Təslim!” idi. Füzulidə, Xocavənddə bir neçə dəfə olub, erməni əsir götürmüşük. Yenə deyirəm, ilk iki-üç gün çətin oldu, sonra öyrəşdik. Gözümüzün qabağında qardaşlarımız şəhid olurdular. Bizdə qorxu adlı hiss yox idi, nə şəhid olmaqdan, nə də yaralanmaqdan qorxurduq. Düşündüyümüz yalnız torpaqları işğaldan azad etmək və şəhid qardaşlarımızın intiqamını almaq idi”, - Orxan deyir.

Müzəffər ordumuz hər zaman düşmənə gözlənilməz zərbələr endirib: “Tarix dəqiq yadımda deyil, səhv eləmirəmsə, oktyabrın ortaları idi, Füzuli tərəfdən Xocavəndə girdik. Sözün açığı, düşmən Füzulidən Xocavəndə girə biləcəyimizi gözləmirdi. Keçdiyim döyüşlərin hamısı çətin olub, amma ən çətini Füzuli olub. Hansı rayonlarda ki döyüşmüşəm, orada qayalıq, ya ağaclar və yaxud meşə var idi, orada gizlənib döyüş aparmaq olur. Füzulidə isə düşmən oturub səngərdə, biz isə açıq ərazidə, səhra kimi yerdə düşmən üzərinə gedirdik. Düşmən orada şok oldu ki, bu necə ola bilər?

Bir dəfə Füzulidə döyüşdüyümüz vaxt erməni əsgərləri şəhidimizi götürüb öz postuna aparmışdı. Şəhidimiz əslən Yardımlıdan olan mayor idi. Döyüşdə aldığım travmalardan sonra yaddaşım arada itib-gəlir, ona görə rəhmətliyin adı, soyadı yadımda deyil. Mən idim, İsmayıl Ağayev idi, Nurlan və Astaradan Vüqar qardaşımız, bir yerdə silahsız gedib şəhidi postdan çıxarmağa qərara aldıq. Günorta vaxtı biz erməni postuna silahsız girib, düşmənin xəbəri belə olmadan şəhidimizi oradan götürüb geri qayıtdıq. Biz oraya hücum edib postu ala da bilərdik. Günorta vaxtı gizlicə düşmənin öz postundan şəhidimizi ona görə çıxardıq ki, düşməni vahimə bürüsün. Bizə çox əsgərlərimiz dedilər ki, getməyin böyük riskdir, amma biz inad etdik. Hətta bizim erməni postuna girib şəhidimizi oradan çıxarmağımızı komandanlıq da izləyirdi.

Hücuma keçəndə artıq çox atəş açmağa ehtiyac olmurdu. Bir az atan kimi düşmən əsgərləri bizi görüb qaçırdılar. Onlar artıq fikirləşirdilər ki, gündüz vaxtı gəlib öz şəhidlərimizi onların postundan, özü də silahsız gəlib apara bilirksə, gecə ilə onları darmadağın edə bilərik”. 

© Photo : Courtesy of Orhan Guluzade
Orxan Quluzadə

Qazi Orxan Quluzadə və onun olduğu dəstə on gün Cəbrayılda döyüşdükdən sonra yenidən Xocavəndə qaytarılıblar. Cəbrayılda isə şəhid Xudayar Yusifzadə və onların dəstəsi ilə bir yerdə döyüşüblər: "Biz Xocavəndə qayıdanda rəhmətlik Xudayargilin dəstəsinə başqa istiqamətə gedib vuruşmaq komandası verilmişdi. Müharibənin bitməsinə 2-3 gün qalmış isə mən Xudayar qardaşımızın şəhid olması xəbərini eşitdim.

Müharibə vaxtı çalışdığım qədər düşmən də, onların hərbi texnikasını da məhv etmişəm, “UAZ”larını da vurmuşam. Elə olub ki, düşmənin tankı hücum edərkən üstünə dırmaşıb, tankın içərisinə əl qumbarasını atıb heyətini məhv etmişik”.

Vətən müharibəsi iştirakçısı Orxan Quluzadə üç medalla təltif olunub: “Bizim orduda hər şey öz yerində idi, amma döyüş vaxtı istər-istəməz qarışıqlıq olur. Əsgərlərin göstərdiyi şücaət haqqında da yuxarı komandanlığa bizim komandirlərimiz məruzə edirlər. Müharibə vaxtı bizim dörd komandirimiz şəhid oldu, mən özüm də yuxarı komandanlığıma deyə bilmərəm ki, mən filan yerlərdə döyüşmüşəm. Çünki bu, mənim vəzifəm deyil, mən deməməliyəm. Allah Ali Baş Komandanımıza cansağlığı versin ki, əmr verdi. Biz sırf qisasımızı almağa getmişdik, bu, haqq döyüşü idi. Medal üçün getməmişdik, amma mən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundum. “Füzulinin azad olunmasına görə” medalı artıq mənə təqdim olunub. Digər iki medalları isə verəcəklər".

Həmsöhbətimiz deyir ki, tez-tez döyüş yoldaşları ilə yığışıb görüşürlər. Bir neçə gün bundan əvvəl isə şəhid döyüş yoldaşlarının ailəsinə baş çəkiblər. "Bizim şəhid döyüş yoldaşımız Vasif Abıyevin anasının doğum günü idi, xəbərsiz gedib şəhidin anasına baş çəkdik. Həmin gün axşam başqa bir şəhid qardaşımızın atasına baş çəkdik. Biz əgər həmin ərazidən keçiriksə, orada dəfn olunan şəhidə baş çəkirik. Məzar başında oturub baş verənləri şəhidlə danışırıq, dərdləşirik".

8
Bir dəstə azərbaycan manatı, arxiv şəkli

Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?

2
(Yenilənib 01:17 25.09.2021)
İqtisadçının fikrincə, xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. Azərbaycanda ərzaq inflyasiyasının artmasına təsir göstərib.

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6.25%-dən 6.5%-ə qaldırıb. Bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi və s. nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.

Uçot dərəcəsinin qaldırılması inflyasiyanın artmasının qarşısını ala bilərmi? Uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq mümkündürmü?

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, mərkəzi bankların faiz dərəcələri makroiqtisadi göstəricilər üçün önəmli amillərdən biridir. Dünya ölkələrində bu alətdən geniş istifadə olunur. Azərbaycanda isə bəzi iqtisadi institutların, o cümlədən qiymətli kağızlar bazarının tam formalaşmamasına görə uçot dərəcəsinin makroiqtisadi göstəricilərə birbaşa korrelyasiyası yoxdur. Çünki öncəki illərdə də uçot dərəcəsinin çox aşağı olan (məsələn, 3 faiz) dövründə inflyasiya göstəriciləri, kredit faizləri indikilərə yaxın olub. Sonra uçot dərəcəsi 15 faizə qədər qalxdı, yenə də bunun nə inflyasiya göstəricilərinə, nə də kredit faizlərinə birbaşa ciddi təsiri oldu. Uçot dərəcəsinin inflyasiya göstəricilərinə dolayı təsirləri var, amma əsasən inkişaf etmiş ölkələrdə olduğu kimi birbaşa təsirləri olmur. Ona görə də uçot dərəcəsinin 0,25 faiz artırılmasının inflyasiya ilə bağlı baş verən proseslərə birbaşa təsir edəcəyini söyləmək mümkün deyil. Çünki inflyasiya yaradan amillər fərqlidir.

"Ona görə də sırf uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq və nəzarət altına almaq indiki şəraitdə o qədər də mümkün olmayacaq. Lakin bunun dolayı təsirləri mümkündür və ən azından inflyasiya təzyiqlərini azaltmağa xidmət edə bilər", - deyə o bildirib.

İqtisadçının sözlərinə görə, ərzaq inflyasiyasının bir neçə səbəbi var: "Dünyada ərzaq qiymətlərinin bahalaşması sürətlə gedir. Ərzaq indeksi dünyada son 1 ildə 10 faizə yaxın artıb və bizim idxaldan asılılığımız var. Ona görə də xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarında qiymət artımına təsir göstərir. Amma daxildən qaynaqlanan problemlər də var. Məsələn, dizel yanacağının qiymətinin artması yerli məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da qiymət artımında mühüm rol oynayan amilə çevrilib. Fermerlər üçün dizel yanacağının kompensasiyası ilə bağlı yeni yanaşmanın tətbiq edilməsinə ehtiyac var. Məsələn, Türkiyədə dizel 6 lirə civarında satılır, amma aqrar sahədə çalışanlara təxminən 2 lirəyə təqdim olunur. Yəni ciddi güzəştlər var. Bizdə buna bənzər güzəştlərin həyata keçirilməsi bazarda qiymətin tənzimlənməsində rol oynaya bilər. Nəticədə xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. ərzaq inflyasiyasının artmasına təsir göstərib".

Onun fikrincə, bizdə inflyasiyanın hesablanma qaydalarında da müəyyən problemlər var. Buna görə də çox zaman rəsmi inflyasiya ilə real inflyasiya rəqəmləri arasında təzadları görmək mümkün olur. Bu, əsasən də ərzaq inflyasiyasında daha tez nəzərə çarpır. Digər tərəfdən, bizdə alternativ inflyasiya hesablama institutları və mexanizmləri yoxdur. Bir çox ölkələrdə inflyasiyanın hesablanması təkcə dövlət tərəfindən deyil, QHT-lər, həmkarlar təşkilatları, istehsalçılar və istehlakçılar birlikləri tərəfindən də ayrıca hesablanır. Bu da rəqəmləri müqayisə etməyə imkan yaradır.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0.5% olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil edib. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil edib.

Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlib, illik ərzaq inflyasiyası 7.8% təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olub. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olub. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlib.

Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0.3%, xidmətlər üzrə 0.2% yüksəlib. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5%, xidmətlər üzrə isə 6.4% təşkil edib.

İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyllidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2.6% artıb. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir.

Ümumilikdə illik inflyasiyanın yüksəlmə meylini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.

Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil edib.

Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir

İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri avqustda əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında artıb, qeyri-neft sənayesində və xidmətdə isə azalıb. Xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda qiymət gözləntiləri artım zonasında qərarlaşıb.

Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.

2