Tibb işçisi koronavirusa qarşı peyvənd vurur, arxiv şəkli

COVID-19 peyvəndinin effektivliyi ilə bağlı tədqiqatın ilk mərhələsi başa çatıb

15
(Yenilənib 15:36 22.07.2021)
COVID-19 əleyhinə peyvəndin effektivliyinin dəyərləndirilməsində 1500 səhiyyə işçisi iştirak edir. Tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır.

BAKI, 22 iyul — Sputnik. Səhiyyə işçiləri arasında yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən aparılan COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatının birinci mərhələsi başa çatıb. İSİM-in direktoru Qəhrəman Haqverdiyev ölkədə həyata keçirilən genişmiqyaslı araşdırma ilə bağlı sualları cavablandırıb.

Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir.

– COVID-19 əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatının məqsədi nədir?

– Bu, COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinə dair genişmiqyaslı kohort tədqiqatdır. Layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən UNITY protokollarına uyğun qlobal tədqiqatlar çərçivəsində təklif olunub. Bir çox Avropa ölkəsində eyni vaxtda həyata keçirilən və yerli şəraitə uyğunlaşdırılaraq aparılan tədqiqatın əsas məqsədi vaksinin effektivliyinin dəyərləndirilməsidir. Eləcə də vaksinin təsir müddətinin qiymətləndirilməsi, yaş, yanaşı xəstəliklər və s. amillərin rolunun araşdırılması kimi vacib olan digər məqamlar da var. Bir sözlə, tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Respublikamızda epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştamlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır.

– Tədqiqat necə aparılır və kimləri əhatə edir?

– Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar. Tədqiqat yeddi tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır. Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə – layihənin əvvəlində, altı aydan və bir ildən sonra yeni növ koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq.

– Sonrakı mərhələlərdə hansı addımlar atılacaq?

– Tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq. Qeyd edim ki, hər respondent ilə əvvəlcə geniş sorğu aparılıb, pandemiya dövründə COVID-19 xəstəliyinə yoluxub-yoluxmaması, yanaşı xəstəliklərin olub-olmaması, xəstələrlə nə qədər tez-tez təmasda olması və sair kimi sualların cavabları toplanıb. Tədqiqatda vacib məqam ondan ibarətdir ki, il ərzində hər həftə onlardan hazırkı sağlamlıq vəziyyətlərini, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığını soruşuruq və varsa, müvafiq müayinələrdən keçmələrini xahiş edirik. Belə ki, PZR analizi müsbətdirsə, başqa bir qısa sorğu aparılır və analiz nümunələri bir il ərzində saxlanılması üçün göndərilir. İl ərzində 1500 səhiyyə işçisi daim müşahidə altında olacaq. İştirakçılar da məmnundur, çünki onlar il ərzində üç dəfə heç bir ödəniş etmədən anticisimlərin yoxlanılması testindən keçəcəklər, başqa sözlə, sağlamlıq vəziyyətləri daim diqqət mərkəzində olacaq.

– Peyvəndlərin effektivliyinin öyrənilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı niyə məhz səhiyyə işçilərini seçib?

– Birincisi, səhiyyə işçiləri yeni növ koronavirus infeksiyasına yoluxma ehtimalı ən yüksək olan həssas əhali qrupudur. İkincisi, onlar Milli Peyvənd Strategiyası üzrə ilk peyvənd olunanlar idi və nəhayət səhiyyə işçiləri arasında COVID-19 infeksiyasına dair əldə edilən məlumatlar yalnız virusun ötürülmə xüsusiyyətlərini müəyyənləşdirmək və risk amillərini aşkarlamaq üçün deyil, həm də səhiyyə işçilərini yeni yoluxma hallarından qorumaq üçün vacibdir.

– Qeyd etdiniz ki, analoji tədqiqat digər Avropa ölkələrində də həyata keçirilir. Qarşılıqlı əməkdaşlıq, təcrübə və məlumat mübadiləsi hansı səviyyədədir?

– Ötən həftə bu tədqiqata qoşulan iştirakçı Avropa ölkələrinin layihələrin gedişi barədə hesabat verdikləri növbəti onlayn görüş keçirildi və ilk dəfə əməkdaşlarımız birinci mərhələnin uğurlu icra olunması barədə hesabat təqdim etdilər. Əlavə olaraq bildirim ki, tədqiqatın nəticələri, əldə edilən məlumatlar dünyanın aparıcı elmi jurnallarında dərc olunacaq. Ona görə bir daha bizə dəstək olanlara, iştirakçılara, Mərkəzimizin bu işdə fəal çalışan bütün nümayəndələrinə, eləcə də hər həftə bizimlə onlayn görüşlər keçirən, işimizə kömək edən avropalı ekspert həmkarlarıma təşəkkürümü bildirirəm. Yalnız birinci mərhələ başa çatıb, qarşıda bizi yeni dövr gözləyir, hər kəsə bu fədakar işdə uğurlar arzulayıram!

15
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

3
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

3
 Azərbaycan Respublikasının Baş Prokurorluğu

Prokurorluq atılan yenidoğulmuşla bağlı araşdırma apardı - Nəticələr var

7
Ana ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 29 iyul — Sputnik. Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.  

Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Qeyd edək ki, bir neçə gün öncə kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpənin tapılması ilə bağlı məlumat paylaşılmışdı.

Xatırladaq ki, bu ay ərzində bir neçə belə hal aşkarlanıb. Belə ki, bundan öncə Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Həmçinin oxuyun:

Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar

Yeni doğulan körpələrinizi mütləq eşitmə testindən keçirin, sonra gec ola bilər

Rusiyada yeni doğulanların sayı 25% azalıb

7